Sumqayıt veteranları Mübariz Quliyevi nədə və niyə ittiham edir?
gundemxeber.az KİV-də qeyd edildiyi kimi, artıq xeyli müddətdir ki, bir qrup Sumqayıt veteranı Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyevə qarşı ciddi ittihamlar səsləndirməkdədir. Bugünlərdə məlum məsələ ilə bağlı redaksiyamıza müraciət edən veteranlar M.Quliyevlə bağlı kəskin ittihamlar səsləndirib. Bu ittihamlardan biri M.Quliyevin heç də Qarabağ əlili olmadığı ilə bağlıdır.
“Mübariz Quliyev biznes veteranıdır”
Veteranların sözlərinə görə, hazırda özünü Qarabağ savaşının veteranı və əlili kimi qələmə verən M.Quliyevin Qarabağ müharibəsi ilə heç bir əlaqəsi yoxdur: “Bu insan nə sovet dönəmi, nə də müstəqillik illərində həqiqi hərbi xidmətdə olmayıb. Məhz bu səbəbdən də ordu sıralarında təmsil olunmayan, həqiqi hərbi xidmətdə olmayan bir insanın guya Qarabağ savaşında könüllü surətdə iştirak etməsi və yaralanması absurddur. Əgər M.Quliyev orduya yarasaydı və ya ondakı vətənpərvərlik ruhu səhhətindəki problemlərə rəğmən onu nizami orduya aparıb çıxartsaydı, o zaman bu insanın Qarabağ savaşında könüllü surətdə iştirakına inanmaq olardı. Lakin ordu üzü görməyən, əsgər mundiri geyməyən bu insanın birdən-birə əlinə avtomat alıb könüllü hərbi birləşmələrə qatılması heç də məntiqli görünmür. Ancaq buna baxmayaraq, özünü Qarabağ savaşının əlili və veteranı sayan M.Quliyevin sözlərində müəyyən qədər həqiqət payı mövcuddur. M.Quliyev Qarabağ əlili olmasa da, əlildir. O, biznes, alqı-satqı dünyasının əlilidir və biznes aləmində ona ticarət dünyasının veteranı kimi bu gün də ehtiram göstərirlər”.
Əgər o hərbdə olubsa...
Veteranların bildirdiyinə görə, M.Quliyevin bu gün əlində cəmləşdirdiyi böyük sərvət və biznes uğurları da adıçəkilən şəxsin Qarabağ savaşında iştirak etmədiyini dolayısı yolla sübut edir: “M.Quliyev iddia edir ki, o, Qarabağdakı müharibə iştirak edib, savaşın od-alovundan keçib. Maraqlıdır, madam ki, M.Quliyev Qarabağ savaşında can qoyub, sağlamlığını qurban verib, o zaman bu qədər var-dövləti onun yerinə kim əldə edib, kim onun biznes fəaliyyətini inkişaf etdirib bugünkü səviyyəyə gətirib çatdırıb? Bu gün M.Quliyevin çoxlu sayda kafesi, restoranı, müxtəlif ictimai iaşə obyektləri mövcddur. Marşurutlardan tutmuş uşaq baxçalarına qədər çoxlu sayda obyektə malik bu şəxs bunca uğura necə, hansı zaman kəsimində nail olub? Vaxtilə Qarabağ savaşında fədakarlıq göstərən yüzlərlə şəxsin səfalət içində yaşadığı bir vaxtda M.Quliyevin özünə Roma imperatorlarına xas təmtəraq qurması arasındakı təzad nəyin nəticəsidir? Bir sözlə, M.Quliyevin çiçəklənməkdə olan biznesi bu məsələdə onun əleyhinə işləyən ən mühüm faktordur. Sumqayıt veteranlarının çoxu yaxşı bilir ki, xalqın vətənpərvər oğulları cəbhədə düşmənlə üz-üzə duranda, vətən yolunda can qoyanda M.Quliyev Sumqayıtda şəxsi biznesinin inkişafına can qoyur, öz biznesinin gələcəyinin qayğısına qalırdı”. Saxta vətənpərvərin Turan təəssübkeşliyi
M.Quliyevin saxta vətənpərvər imicinə malik olduğunu vurğulayan mənbə, onun son illər türk-Turan təəssübkeşliyi baxımından çıxış etməsinin gülünc olduğunu bildirib: “M.Quliyevin Qarabağ savaşında iştirak etmədiyi, onun hər zaman öz biznesi uğrunda savaşdığı və əlillik statusuna da bu savaşlar nəticəsində aldığı xəsarət səbəbilə yiyələndiyi şəhər sakinlərinin çoxuna bəllidir. Şəhər veteranları yaxşı bilir ki, Qarabağ savaşının veteranı və əlili statusu M.Quliyevə öz biznesinin təhlükəsizliyini təmin etmək üçün lazımdır. Lakin son vaxtlar M.Quliyevin özünü türk dünyasının, Turan birliyinin təəssübkeşi qismində aparması daha çox heyrət və ikrah doğurur. Türk sözünün ifadə etdiyi məna, türk dünyasının dünəni və bugünü, problem və qayğıları haqqında heç bir təsəvvürü olmayan, bu sahədə heç bir xidmət göstərməyən M.Quliyevin birdən-birə türk dünyasının fədaisi qismində çıxış etməsi anlaşılmazdır. M.Quliyev yanlış yerə hesab edir ki, türk dünyasına xidmət türk birliyi ilə bağlı təşkil edilən forumlarda tanınmışlarla şəkil çəkdirmək, formal diplomlarla təltif olunmaqdır. Biz ümid edirik ki, M.Quliyev tezliklə türkçü masqasından imtina edəcək, beləliklə də həm insanları özünə güldürməkdən əl çəkəcək, həm də gerçək millətçilərin, türkçülərin halal zəhmətinə şərik olmayacaqdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?