Aksiyalar AXCP-Müsavata tapşırıldı; 17 komissiyanın yaradılması etirazla qarşılandı
Müxalifət etimad hökuməti və seçki qərargahı yaradır; İbrahimbəyovsuz ilk iclas gərgin keçdi; Elşad Abdullayev də MŞ-a gəlir
Nəhayət iyunun 21-də Müsavat Partiyasının qərargahında Milli Şuranın təsisdən sonrakı ilk sessiyası başlandı. Amma MŞ-nın sədri Rüstəm İbrahimbəyovun iştirakı olmadan. Bununla belə iclasda mühüm qərarlar verildi. Yığıncağı giriş sözü ilə açan Müsavat başqanı İsa Qəmbər bildirdi ki, birinci məsələ ölkədəki ictimai-siyasi durumun müzakirəsi, Milli Şuranın vəzifələri, MŞ işinin təşkili, cari məsələlər müzakirə olunacaq.
Əli Kərimli: “Ümidləri doğrultmasaq...”
İlk məsələ ilə bağlı çıxış edən AXCP sədri Əli Kərimli qeyd etdi ki, MŞ-nın yaranması tarixi bir hadisədir. Nə formalaşmasının qarşısını almaq mümkün oldu, nə də əks-təbliğat xalq tərəfindən dəstəkləndi: “Onillərlə Azərbaycan davası aparan insanlara xarici qüvvələrlə işbirliyi vura bilmədilər. Milli Şuraya xalqın verdiyi etimad avansdır. Ancaq biz ümidləri doğrultmasaq, xalqı arxamızca apara bilmərik. Saxtalaşdırılmış referendumun qərarı İlham Əliyevə aid ola bilməz. Üçüncü dəfə prezident seçkilərinə getmək siyasi mədəniyyət məsələsi sayılır”. AXCP lideri vurğuladı ki, Asiyanın, Afrikanın ölkələri də bu durumu özlərinə layiq bilmirlər: “Bu Azərbaycan xalqına qarşı hörmətsizlikdir. İddia etmək istəyirlər ki, Azərbaycan xalqı Əliyev ailəsindən başqa heç kimi yetişdirə bilməyib. Ona görə də Milli Şura bu məsələ ilə bağlı xüsusi sənəd qəbul etməlidir. Beynəlxalq birlik artıq Azərbaycan hakimiyyəti ilə başqa dildə danışır. Novruz Məmmədovun İlham Əliyevin namizədliyini beynəlxalq birliyin dəstəklədiyi deyəndən bir neçə gün sonra Avropa Birliyi Azərbaycana qarşı ciddi bir qətnamə qəbul etdi. Biz bundan sonra da Azərbaycan prezidentinin namizədliyinin AB-nin qətnaməsinin dəstəklənməsi, beynəlxalq təşkilatlardan bunu tələb etməliyik. ATƏT bizi məyus edib. Biz bu məsələyə də öz münasibətimizi bildirməliyik”.
Etimad hökuməti yaradılır
AXCP sədri bildirdi ki, ayrıca işçi qrup yaradılmalı, 2 il müddətində dəstəkləyəcəyi namizədin öhdəliklərini dəqiqləşdirməlidir: “Münasibətlərini tənzimləməlidir. Keçid dövründə Azərbaycanın hansı formada idarə olunmasını ilə bağlı öhdəlikləri təsdiq etməlidir. Milli Şuranın komissiyaları yaradılmalı, qurumun məqsədi xalqa daha anlaşılan dildə, siyasəti daha aydın dildə izah edilməlidir. Biz siyasi bəyannaməmizə uyğun olaraq platformamızı hazırlamalı, keçid dövr üçün etimad hökuməti yaradılmalı, bu etimad hökumətinin bütün sahələr üzrə platforması hazırlanmalıdır. Nümayəndə heyəti yaradılmalı və Milli Şura, onun prinsipləri dünyaya tanıdılmalıdır. Siyasi məhbuslara sahib çıxmalıyıq. Biz bütün siyasi məhbusları eyni dərəcədə müdafiə etməlidir. Milli Şuranı Rusiyaya bağlamaq cəhdləri boşa çıxandan sonra belə bir iddia ortaya atılıb ki, Milli Şuranın müəyyən mərhələsindən sonra güc tətbiqinə keçəcək, zorakı metodlara keçiləcək. Ancaq bizim siyasi bəyannaməmizdə də vurğulanır ki, biz yalnız dinc, konstitusyon mübarizə metodlarına üstünlük veririk. Biz hakimiyyətin bu iddiasının əsassızlığını da xalqın bizə verdiyi dəstəklə sübut edəcəyik. Elə etməliyik ki, siyasi situasiyanı biz yaradaq hakimiyyət bizə cavab vermək məcburiyyətində qalsın”.
“Əliyev namizəd ola bilməz”
İP KŞ üzvü, hüquqşünas Vidadi Mirkamal söylədi ki, qanun heç vaxt geriyə şamil oluna bilməz: “İlham Əliyev prezidentlik institutu ilə bağlı referendum keçirəndə artıq ikinci dəfə prezident seçilmişdi. Qanun heç zaman geriyə şamil oluna bilməz. Ona görə də bu dəyişikliklər heç bir halda İlham Əliyevə şamil oluna bilməz. Biz bu məsələni həm beynəlxalq birlik qarşısından qaldırmalıyıq. Milli Şuranın vəzifələri ilə bağlı siyasi bəyannaməmiz olsa da hələlik bu vəzifələrin icrası ilə bağlı qeyri-müəyyənliklər var. Biz ilk olaraq Milli Şuranın faydalı, geniş miqyaslı işini təyin etmək üçün yerlərdə bölmələr yaradılmalıdır. Mən bu məsələdə artıq bir neçə ildir uğurlu fəaliyyət göstərən İctimai Palatanın bazasından istifadəni faydalı sayıram və təklif edirəm ki, İP-in 46 bölgədə yaranan yerli qurumları bu gündən avtomatik olaraq Milli Şuranın yerli bölmələri kimi tanınsın”. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı xalqa çağırış etdi: “Evdə oturub futbol komandası kimi Milli Şuraya azarkeşlik etməklə bu dəyişiklik mümkün ola bilməz. Biz siyasətçi olaraq öz məsuliyyətimizi dərk edib ciddi bir birlik modeli yaratmağı bacarmışıqsa, xalq da öz gələcəyi naminə ayağa qalxmalı və uzun illər onun haqqını yeyən, övladlarının gələcəyini oğurlayan hakimiyyətə yox deməlidir. Hakimiyyət artıq bu zaman qədər əsas dayağı olan beynəlxalq birliyin dəstəyindən məhrum olur. Milli Şuranın beynəlxalq güc mərkəzləri ilə danışıqlar aparacaq qrupu bu prosesi davam etdirməlidir”.
“Seçki qərargahı yaradılsın!”
KXCP Bəybala Əbil konkret təkliflər irəli sürdü: “Biz bildiririk ki, seçkinin nəticələri saxtalaşdırılır. Ancaq bu məsələyə bir qədər fərqli yanaşmalıyıq. Azərbaycanda məgər seçki keçirilirmi ki, saxtalaşdırılsın? 5 min komissiyanın heç birində seçki protokolu yazılmır. Protokollar icra hakimiyyətinə hazırlanır. Biz bu il 20 illik fasilədən sonra Azərbaycanda seçki keçirməyi bacarmalıyıq. Biz bu prosesdə iştirak edən təcrübəli insanlarımızın potensialımızdan istifadə etməliyik. Beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrə müraciət edilməlidir ki, onlar Azərbaycanda hətta susmaqla saxta seçki prosesinə dəstək verən insanlarını ən azı qınasınlar və onların beynəlxalq institutlara təmsilçilik kimi göndərməsinlər. Ən azı Türkiyə hökuməti Azərbaycan cəmiyyətinin bu etirazlarından xəbərdar olmalıdır”. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuranın çox qısa zamanda qərargah yaratmasının vacibliyindən danışdı: “Milli Şura çox qısa bir zamanda seçki qərargahı yaradılmalı, xalqla işə başlamalıdır. Bu proses ən gec gələn həftə başlamalıdır. Hər birimiz təbliğatçıya çevrilməliyik”.
Gənclikdən MŞ-a etiraz
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər xalqla dialoq qurmaqdan söz açdı: “Biz çalışmalıyıq ki, bu beynəlxalq deyil, ümumxalq projesinə çevrilsin. Bir əsas məsələ də var - Milli Şura yubanmadan vahid namizədini müəyyən etməlidir. Ən geci gələn sessiyada bu məsələ gündəliyə çıxarılmalı və bütün gücümüz bu hədəfə çatmağa yönəldilməlidir”. Azad Gənclik təşkilatının üzvü Məcid Mərcanlı Milli Şuranın yaranması prosesində gənclərin kənarda tutulmasına iradını bildirdi: “Mən həm də Milli Şuranın toplantısında NİDA-nı təmsil edirəm. Mediaya açıq olmasını doğru saymırıq. Bir iradımız isə indiyəqədərki prosesdə gənclər təşkilatları ilə məsləhətləşmələr aparılmamasıdır. Təklifimiz odur ki, vahid namizəd ölkə daxilində olmalı, bizimlə meydanlarda çiyin-çiyinə vuruşmalıdır”. KXCP sədri Mirmahmud Mirəlioğlu dedi ki, Milli Etimad Hökuməti yaradılması ideyasını ilk dəfə 1992-ci ilin martında Əbülfəz Elçibəy təklif edib: “Ancaq biz onu dinləmədik və 20 ildir çox çətin günlər yaşamaqdayıq. Şükür olsun ki, biz bu birliyi yaratdıq. Biz Milli Şura olaraq Azərbaycan üçün böyük işlər görə bilərik. Hamınıza qələbə arzulayıram”.
17 komissiya yaradıldı
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Milli Şuranın idarəetməsində məşvərət strukturları olmasını təklif etdi: “Sədrin qərarı ilə Məşvərət Şurası yaradılmalıdır. Yaxın günlərdə Rüstəm bəy bu haqda qərar verəcək. Yerlədə təşkilatlanma məsələsini də çox vacib sayırıq. Biz vahid namizədimizi müəyyən edəndən sonra bütün ölkə boyu seçki qərargahlarımızı yaratmalıyıq. Bir də komissiyalar və işçi qruplar yaradılması da vacibdir. İnanıram ki, bu sessiyada biz konkret komissiyalarımızı yarada biləcəyik. Biz Ənnağı Hacıbəylidən bu işə rəhbərlik etməsini xahiş edirik. Biz vahid namizəd və keçid dövrü ilə bağlı bütün məsələləri tənzimləyəcək bir sənəd hazırlamalıyıq. Biz siyasi partiyalardan xahiş edirik, bu işçi qrupunun işində iştirak etsinlər və gələn sessiyada həmin sənəd qəbul olunsun”. Daha sonra Milli Şura üzvləri İcra Aparatının qurumun komissiyaları ilə bağlı təklifini səsə qoyaraq qəbul etdi. Səsvermə ilə 17 komissiyanın tərkibi qəbul edildi. Ziyalılar Forumunun üzvü Cəmil Həsənli bildirdi ki, Milli Şuranı bu qədər komissiya ilə yükləməyə ehtiyac yoxdur və burda elə komissiyalar var ki onları birləşdirmək mümkündür: “Bizim əsas işimiz seçkiyə hesablanıb. Məsələn ekologiya komissiyası yaratdıq. Ancaq bizim əsas vəzifəmiz cəmiyyətin ekoloji durumu ilə bağlı ciddi addımlar atılmalıdır. Digər bir neçə komissiyanı birləşdirməklə dağınıq yox, mobil, işlək mexanizm yaradılmalıdır”.
Komissiya üstə mübahisə
E.Namazov C.Həsənlinin təklifinə cavab verdi: “Bizim əsas prinsipimiz xalqa keçid dövründə hökumətin hansı konsepsiyaları nəzərdə tutduğunu çatdırmaqdır. Ona görə də Milli Etimad Hökuməti ilə bağlı cəmiyyətə detallı mesaj verilməlidir. Hesab edirəm ki, Milli Etimad Hökumətinin 2 illik keçid dövründə görəcəyi bütün işlərlə bağlı detallı iş görülməlidir və bunun üçün çoxsaylı komissiyalara ehtiyac var”. Ə.Hacıbəyli C.Həsənlinin təklifini müdafiə etdi: “Milli Şuranın əsas vəzifəsi hakimiyyəti dəyişməkdir. Ona görə də qüvvələri mobilizə etmək vacibdir. Mən vahid namizəd məsələsi ilə bağlı narahatlığımı dilə gətirmək istəyirəm. Biz indidən hüquqi məsələlər və indiki əsas vahid namizəd hədəfimizlə bağlı ciddi düşünməliyik. Hər kəsə bəllidir ki, mən Rüstəm İbrahimbəyovun vahid namizədliyinin tərəfdarıyam. Ancaq hüquqi prosedurlar heç də hər zaman bizim istək və arzularımıza uyğun olmaya bilər. Ona görə bu məsələ ciddi düşünülməlidir ki, sonrakı mərhələdə biz vahid namizədimizin qeydiyyata alınmaması kimi bir çətin durumla üzləşməyək”. Gültəkin Hacıbəyli isə komissiyaların yaradılmasına bu şəkildə münasibət bildirdi: “17 komissiya mürəkkəb sistemdir. Məqsəd cəmiyyətə alternativ platformalar təklif etməkdirsə, biz bunu 5-6 istiqamət üzrə yaradılan komitələr vasitəsi həyata keçirə bilərik”. Milli Şuranın üzvü Cəmil Həsənli bu siyahıya etiraz edib. “Bu qədər komissiya ilə işləmək olmaz. Buna əlavə vaxt lazımdı. Komissiyaları birləşdirmək lazımdır. Milli Şuranı bu qədər komissiya ilə yükləmək olmaz”. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı də öz etirazıçı bildirib. “Kütləvi təlimlər komitəsində yalnız AXCP-Müsavat olmalı deyil”. Milli Şura üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli komissiyların hazırlanmasına iradını bildirib.
Elşad Abdullayev və İsa Sadıqov MŞ-da
Hazırda Fransada mühacirətdə olan, bağlanan Azərbaycan Beynəlxaq Universitetenin sabiq rektoru Elşad Abdullayev Milli Şuraya üzv olmaq istəyir. Bu barədə məlumatı "Yeni Müsavat"a KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib. O qeyd edib ki, ABU rektoru MŞ-ə üzv olmaq üçün rəsmi şəkildə, məktubla müraciət edib. KXCP sədri sabiq rektorun müraciətini MŞ-in ilk sessiyasında səsləndirib. Hazırda siyasi mühacirətdə olan keçmiş hərbçi İsa Sadıqov müsahibə verib. O, deyib ki, Milli Şura bunları şoka salıb: “Bunlar axı gözləməzdi ki, belə bir birlik yarana bilər. Mənim açıq şəkildə dəstəyim və vətənə dönüşüm bunları narahat edib. Bunlar qondarma işlərlə mənim vətənə qayıdışımı əngəlləmək istəyirlər, amma alınmayacaq. Tezliklə minlərlə, yüz minlərlə vətəni tərk edən həmvətənlərimiz qayıdıb bu hərəkata qoşulacaqlar və vətənin azad olunmasında iştirak edəcəyik”. İ.Sadıqov MŞ-nı dəstəkləyib: “Milli Şuranı dəstəkləyirəm və inanıram ki, məqsədlərinə çatacaq, tezliklə bu özbaşınalıqlara son qoyacaq. Namizəd məsələsinə gəlincə, keçid dövrü olduğu üçün, Rüstəm bəy”. Bu arada Milli Şuranın ilk sessiyasında qurumun komissiyaları yaradıldı. Yaradılan 17 komissiyaya aşağıdakı şəxslər rəhbərlik edəcək:
İqtisadiyyat komissiyası - Qubad İbadoğlu Sosial-siyasət komissiyası - Eldar Əliyev Dini və milli azlıqlarla iş üzrə komisiya - Eldəniz Quliyev Hüquq komissiyası - Vidadi Mirkamal KİV-lə əlaqə informasiya komissiyası - Rahim Hacıyev İctimai əlaqələr komissiyası - Mehman Əliyev Beynəlxalq əlaqələr komissiyası - Gültəkin Hacıbəyli Elm-təhsil komissiyası - Kamil Vəli Nərimanoğlu Mədəniyyət komissiyası - Rövşən Almuradlı Konstitusiya islahatları komissiyası - Qulamhüseyn Əlibəyli Seçki Məcəllələri üzrə komissiyası - Gülağa Aslanlı Kütləvi tədbirlər, mitinq komissiyası - AXCP-Müsavat Ehtiyatda olan hərbçilər və hərbçilərin sosial müdafiə komissiyası - Yaşar Cəfərli Ekologiya komissiyası - İlham Murtuzayev Yerli özünü idarəetmə komissiyası - Bəybala Əbil Etika komissiyası - Nurəddin Mustafayev Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrupu - Ənnağı Hacıbəyli. Bununla da Milli Şuranın ilk sessiyası yekunlaşıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?