“AXCP üçün Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı məsələ müzakirə predmeti deyil. Bu artıq keçmiş bir məsələdir. Çünki bu qərarın qəbulu yalnız AXCP-nin deyil, digər qurum üzvlərinin təşəbbüsü və mövqeyi ilə reallaşıb”.
Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.
F. Qəhrəmanlı bildirib ki, Müsavat Partiyasının təşəbbüsü ilə bu gün keçirilən görüşün gündəliyi haqda müfəssəl məlumat yoxdur: “Ehtimala görə, Müsavat Divanının qərarına əsasən bu partiyanın Milli Şura ilə bağlı mövqeyi əsas müzakirə mövzusu olacaq. AXCP-nin isə bu məsələdə mövqeyi bəllidir”.
“AXCP Milli Şuranın fəxri sədri məsələsinin yenidən gündəmə gətirilməsində güzəştə gedə bilərmi” sualını cavablandıran F. Qəhrəmanlı deyib ki, Milli Şuranın son sessiyasında Müsavat Partiyasının etirazına rəğmən qurum səsvermə yolu ilə fəxri sədr postunun yaradılması və Rüstəm İbrahimbəyovun bu vəzifəyə təyin olunmasına dair qərar verdi:
“Bundan əvvəl isə Müsavat Partiyasının başqanı İsa Qəmbər R. İbrahimbəyovun fəxri sədr olmasına ciddi etiraz edərək, partiyasının qurumdan çıxacağı ilə bağlı açıqlama verib. AXCP üçün isə Milli Şuranın fəxri sədri ilə bağlı məsələ müzakirə mövzusu deyil”.
AXCP funksioneri təmsil etdiyi qurumun müttəfiqliklə bağlı mövqeyini də açıqlayıb: “AXCP-nin bu məsələdə mövqeyi aydındır. Bizim üçün müttəfiqlik Milli Şura çərçivəsindədir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?