Azərbaycanda « prezident» sözündən istifadə edən və bu adın altında gizlənmək istəyənlərin sayı gündən- günə artır. Ən qəribəsi isə budur ki, həmin adamlar bu mötəbər ad altında bol-bol xeyir götürürlər. Bu gün hətta bir çox səhmdar cəmiyyətlərin sədrləri belə özlərini « prezident» adlandırırlar. Mən görmüşəm ki, ölkədə bir prezident olar və onu da beş ildən bir xalq seçər. Xalq da bilər ki, onun prezidenti kimdir. Azərbaycan xalqı onun prezidentinin kim olduğunu çox yaxşı bilir və bir yumruq kimi onun ətrafında birləşib. Lakin xalq bilmir ki, « Kurort» Səhmdar Cəmiyyətinin də « prezidenti» var. Görəsən Səhmdar Cəmiyyətlərdə «prezident» vəzifəsi varmı? Mən bilən yox. Səhmdar Cəmiyyətlərdə idarə heyətinin üzvləri , sədr və icraçı direktor vəzifələri var. Deməli « prezident» vəzifəsi Səhmdar Cəmiyyətlərində yoxdur. Maraqlıdır, nədən Azad Həmkarlar İttifaqının sədri , millət vəkili Səttar Mehbalıyev özünü prezident adlandırmır? İstəsəydi o da vəzifəsini «Azad Həmkarlar İttifaqının prezidenti» kimi yazdıra bilərdi. Deməli , onun ölkə başçısına və onun tutduğu vəzifəyə böyük hörməti olduğu üçün « prezident» sözünü leksikonuna belə almır. Lakin «Kurorot» Səhmdar Cəmiyyətinin «prezidenti» Əbil Ağasıyevə gəlincə isə Böyük Vətən müharibəsi illərində antisanitariya şəraiti tüğyan edirdi. Müharibədən gələnlərin şinellərində o qədər bit-birə olurdu ki, onları heç nə ilə təmizləmək mümkün olmurdu. Həmin əsgərləri bit-birənin əlindən evlərinə belə buraxmırdılar. Bu bit-birələri təmizləmək üçün bircə çarə vardı. Həmin şineli ya yandırırdılar, ya da bir həftə yerə basdırırdılar ki, bit-birə qırılsın. Bundan sonra həmin şineli geyinmək mümkün olurdu. «Kurort» Səhdar Cəmiyyətinin tərkibində və ətrafında da zənnimcə belə bir təmizlənmə işləri aparılmalıdır ki, oranın « prezidenti» Əbil Ağasıyevin gördüyü xoşməramlı işlər gözə görünsün. Heç kimə sirr deyil ki, son zamanlar «Kurort» Səhmdar Cəmiyyətinin tabeliyindəki sağlamlıq ocaqlaırnda əsaslı təmir işləri aparılır və bu sahədə «prezident» kürsüsündə oturan Əbil Ağasıyev görülən işlərdən ağız dolusu danışır. Bakının özündə təmir işləri bitib-tükənmək bilmir. Bir tərəfdən yollar, körpülər salınır, digər tərəfdən isə bir neçə aydan çonra sökülür. Elektrik dirəklərinin birinə gözümüz öyrəşməmiş , binəvaların bir yaşı olmadan yenisi ilə əvəzlənir. Gerçəklikdə bütün çirkli pulların məhz bu «abadlıq» işləri adı altında kimlərinsə cibinə getdiyi hamıya məlumdur. Abadlıq işləri zahirən gedir. Əslində isə... Qida təhcizatının zəif olması, tibbi xidmətin və bir çox personalın təlabata cavab verməməminə bizlər nə ad verək? Bu gün « Kurort» Səhmdar Cəmiyyətini ətalət bürüyüb. Əbil Ağasıyevin fikrincə bu ətalətə son qoyulub. Onun dediyinə görə qidalanma məsələsi ciddi nəzarət altındadır. Zəruri dərman pereparatlarının təminatına nəzarət yaradılıb. Tibbi xidmətin peşəkarlığına ciddi fikir verilir. Əslində isə... Sanatoriyaların bir çoxunda alınan ərzaq mallarının keyfiyyəti çox aşağı səviyyədədir. Əbil müəllimin fikrincə sağlamlıq ocaqlarında xörəklər çeşidli və keyfiyyətlidir. Bundan başqa, sanatoriyalarda dərman, sarğı materialları və kimyəvi preparatlarla təminatın tələbnamələrə uyğun gəlməsi də Əbil Ağasıyevi tam təmin edir. El arasında bir kəlam daha çox işlənir: « Görünən kəndə bələdçi lazım deyil». Lakin bu qədər tərifin qarşısında mən də şəxsən şahidi olduğum və gördüyüm bəzi mətləbləri « Kurort» Səhmdar Cəmiyyətinin («prezidenti») sədri Əbil Ağasıyevə çatdırmaq istəyirəm. Çünki sanatoriyalardakı qiymətlər Antaliyadan bahadır Bu gün « Abşeron», « Günəşli» , « Bilgəh», « Naftalan» « « Qaranquş» kimi sanatoriyalara putyovka tapmaq , dəryada balıq axtarmaqa bənzəyir. «Kurort» Səhmdar Cəmiyyətində putyovkaların qeybə çəkilməsində Azad Həmkarlar İttifaqının sədri, millət vəkili Səttar Mehbalıyevi ittiham edirlər. Guya məhz Səttar müəllimin sayəsində ziyalılarımız sanatoriyalara putyovka tapa bilmirlər. Guya deputat seçkiləri yaxınlaşdığına görə sanatoriyalara məhz Səttar müəllimin seçiciləri göndərilir. Bundan başqa yuxarıların, o cümlədən paqon sahiblərinin də « Bilgəh» sanatoriyasındakı bütün putyovkalara əl qoyduğu da bəhanələrin sırasındadır. Görəsən deputat seçkiləri ərəfəsində ziyalılarla millət vəkili Səttar Mehbalıyev arasında qarşıdurma yaratmaq kimlərə sərf edir? Araşdırmalarımız zamanı məlum oldu ki, məhz Səttar Mehbalıyevin sayəsində başı dolu, cibi boş olan binəva ziyalılar, müəllimlər, alimlər, həkimlər sanatoriyalarda yay aylarında müalicə almaq imkanı əldə edirlər. «Kurort» Səhmdar Cəmiyyətinə gəldikdə isə oradakı vitse prezidentlər belə hüquqsuz bir vəziyyətdədirlər. Lakin Marina adlı xanım qaz vurub, qazan doldurur. Belə ki, adi bir telefon zəngi ilə Marina xanıma zəng edərək « Bilgəh» sanatoriyasına putyovka istədim. O da mənə bildirdi ki, bir nəfər üçün putyovkanın qiyməti 800 -manat civarındadır. O binəva nə biləydi ki, onların «prezidenti» putyovkaların Azad Həmkarlar İttifaqından bura gəlib çıxmadığını deyib və mən də Marina xanımın ən yaxın adamının adı ilə ondan putyovka istəyərək əyri güzgüyə düz göz ilə baxmağa səy edəcəyəm. Deməli «Kurort»Səhmdar Cəmiyyətində putyovkaların qeybə çəkilib verilməməsində ittiham etdikləri Azad Həmkarlar İttifaqını və onun rəhbərliyini nədəsə suçlayıb ittiham etmək absurt bir haldır. Elə sanatoriyaların özlərində də putyovka tapmaq çox asandır. «Abşeron», «Qaranquş»sanatoriyalarındakı vəziyyətləri dəqiqliyi ilə bilmədiyim üçün oralar haqqında bir söz deyə bilmirəm. Lakin «Günəşli» və «Bilgəh», sanatoriyalarında görünən mənzərə tam başqadır. Belə ki, «Günəşli» sanatoriyasında baş həkimlə yanaşı şöbə müdirləri də putyovka alveri ilə məşğuldurlar. Bu yaxınlarda mənə yaxın olan adamların məhz oradan putyovkalar almaları bunu mənə deməyə imkan verir. «Bilgəh»sanatoriyasına tanışlardan birinin adı ilə zəng vurub putyovka istəyəndə, baş həkim Muxtar müəllim bildirdi ki, bura gəlin və heç bir problemlə üzləşməyəcəksiniz. Burada putyovkaların satılmasında tibb qeydiyyatçısı işləyən Kəmalə Həsənovanın da xidmətləri misilsizdir ki, bu haqda bir az sonra daha geniş danışacayıq. Yessuntuki, Kislovodsk kurortlarına baxanda Azərbaycandakı kurort və sanatoriyaların gülməli vəziyyətdə olması heç kimə sirr deyil. Yessuntukidə bir putyovkanın orta qiyməti 1200 dollardır. Hər il bura Azərbaycandan 30 minə yaxın insan istirahətə gəlir. Bu 1200 dollar qiyməti ödəyən şəxs müalicə olunmaq üçün əlavə vəsait sərf etmir. Adları çəkilən yerlərə putyovka alan şəxslərin müalicə zamanı əlavə pulları çıxmır. Mənim müəllim yoldaşlarım, qohumlarım hər il Yessuntukidəki sanatoriyalarda müalicəyə gedirlər. Qidanın keyfiyyəti ilə yanaşı , müalicələrin pulsuz aparılması, insanların dərman pereparatları ilə pulsuz təmin edilməsi, onların təhlükəsizliyinin qorunmasını eşitdikdə, « Bigəh»və «Günəşli»sanatoriyalarını göz qarşısına gətirirəm . Bu gün Azərbaycandakı sanatoriyaların, xüsusən də «Bilgəh»sanatoriyasının qiyməti Antaliyadan belə baha başa gəlir. Bu gün ölkənin kurort siyasətini müəyyənləşdirən qanuna və dövlət proqramına ciddi ehtiyacı var. Bizlərə indiyədək məlum deyil ki, Konstitusiyada istirahət hüququ təsbit edilən sadə Azərbaycan vətəndaşı bu hüquqlardan demək olar ki, məhrumdur. «Aşıq gördüyünü çalar»-deyiblər. Mən də «Bilgəh»sanatoriyasınqda baş verənlərlə hamını, o cümlədən Əbil Ağasıyevi də tanış etmək istəyirəm . Çünki onun yenidənqurma işləri bəzi çirkli hallara görə gözə görünmür. Bildiyimiz kimi, hər bir yerin başlanğıcı qapıdan başlanır- elə «Bilgəh»sanatoriyasında da. Sanatoriyanı gəzən zaman şahidi olarsınız ki, cibi boş, başı dolu ziyalılara orada ya 1-ci, ya da 4-cü mərtəbədə yer verilir. Ən gözəl otaqların isə öz adamları var ki, bu yerlər də əvvəlcədən bronlanır. Bronlanan yerlərin məzənnəsi isə heç də aşağı deyil. Görəsən bunlar haqqında Əbil müəllimin xəbəri varmı? Yox, yəqin ki, yoxdur. Axı o, lyuks nömrələrə putyovkaların yalnız yuxarılardan verildiyini bildirir. Əlqərəz, yaxşı otaq üçün 50 manat civarında pul tərləyən şəxs otağına gəlir. Burada təmizlik yaratmaq, yeni yataq dəsti almaq üçün də həmin şəxs 10 manat civarında tərləməli olur. Bundan başqa otağının hər gün təmizlənməsi üçün də 2 manat verilməlidir. Burada ən az rüşvət alan həkimlərdir ki, onlar da öz dili ilə pul istəmirlər. Sadəcə xəstələr onlara halallıqla şirinlik verməyi özlərinə mənəvi borc bilirlər. Tibb bacıları adi iynənin hər birini 3 , damara vurulan iynənin hər birini isə 4 manata vururlar. Əgər həkim xəstəyə 3-4 iynə yazırsa, dərmanın qiyməti ilə tibb bacısına verilən pulu üst-üstə hesablasaq, çəkilən xərclərin qədəri adamı dəhşətə gətirir . Xəstələrə yazılan proseduralar da qeyri-qanuni pulludur. Belə ki, pul verən xəstələr növbədənkənar qəbul edilir. Tibb bacıları az qala onların başından girib, ayaqlarından çıxırlar. Mən hələ tibb bacılarının bir çoxunun pulu daha çox almaları üçün kişi xəstələri ilə şit,açıq və iyrənc zarafatlarından danışmaq belə istəmirəm. Ürəyinin şəklini çəkdirib evinə sanatoriya xatirəsi kimi aparmaq istəyənlərə bu, 5-10 manat civarında başa gəlir. Qan təhlillərinə gəlincə isə mən hələ darsenval, elektrofariz və digər yerlərdə baş verən neqativ hallar haqqında danışmaq belə istəmirəm. «Bilgəh»sanatoriyasının tibb bacıları həkimlərdən qat-qat gözəl yaşayır. Elə müalicə şöbəsinin müdirini götürək. Həmin həkim kirayə evdə yaşayıb , bir neçə yerdə işləyir ki, ailəsini dolandıra bilsin. Lakin onun gözü qarşısında tibb bacıları qaz vurub, qazan doldurur, o isə hüquqsuz vəziyyətdə olduğu üçün onlara bir söz deyə bilmir. Yəqin «Kurort»Səhmdar Cəmiyyətinin («prezidenti») sədri Əbil Ağasıyevin bütün bu olanlardan xəbəri belə yoxdur. Olsaydı «Bilgəh»sanatoriyasında tibbi ləvazimatların və dərman pereparatlarının, müalicənin pulsuz olmasından ağız dolusu danışa bilməzdi. Əbil müəllim özü əsl ziyalı olduğu üçün yaşlı insanların, ziyalılırın bu qədər xərc çəkməsinə, Muxtar müəllimin onları 1-ci və 4-cü mərtəbəyə ən pis otaqlara yerləşdirməsinə imkan belə verməzdi. Adı çəkilən sanatoriyada xəstələr dərman pereparatları ilə təmin olunmurlar. Elə «Günəşli «sanatoriyasında da. Çünki xəstələr həkimlərin onlara yazdıqları dərmanları ciblərinin pulu ilə alırlar ki, bu da hörmətli ,Əbil müəllimin dediklərinə və qanuna görə ziddir. «Bilgəh»sanatoriyasında yeməklərin çeşidli və keyfiyyətli olmasında danışmaq belə lüzumsuzdur. Ola bilsin ki, yeməkxana gözəl təmir olunub, ora yeni kondisionerlər quraşdırılıb, ötən il yeməkaxanada kef edən milçəklərin, siçan və pişiklərin ora girilməsinə qadağa qoyulub, lakin keyfiyyət yenə də ötən ilkindən heç nə ilə fərqlənmir. Borşun içində kələmi, çuğunduru, kökü tapan sevinir. Kompotların içindən ötən il meyvə əvəzinə milçək çıxırdı, deyilənə görə bu il yeməkxanada milçəklərin özlərini yaxşı aparmadıqları nəzərə alınaraq, onların girişinə qadağa qoyulub. Yağların keyfiyyəti isə Mən hələ ət məhsullarından danışmaq belə istəmirəm. Buradakı yeməklərin bir «gözəl»xüsusiyyəti də var. Belə ki, insanlar bu yeməkləri yedikcə nədənsə doya bilmirlər. Bu da arıqlamaq istəyənlər üçün gözəl bir imkandır. «Bilgəh»sanatoriyasının güvənlik sarıdan da bəxti gətirməyib. Belə ki, axşam saatlarından restorandan çıxan sərxoşlardan, sanatoriyanın həyətində qızlara-qadınlara sataşan avaralardan hər kəs özü-özünü qorumalıdır. Polislərə gəlincə isə , zənnimcə onların bir çoxunun özündən qorunmaq daha məsləhətlidir. Yəqin oxucular mənə sual vermək istəyərlər ki, əcəba nədən putyovkaların, müalicənin qiyməti belə baha olan halda nədən insanlar Antaliyaya, Yessuntukiyə, Kislovodkiyə deyil, bura gəlirlər? Bunun isə bir cavabı var. Bura gələnlərin böyük qismi yaşlılardır ki, onları da xəstəliklərinə görə çox zaman Azərbaycandan kənara çıxarmaq təhlükəlidir. Yoxsa «Kurort»Səhmdar Cəmiyyətinin («prezidenti») sədri Əbil Ağasıyev sanatoriyaların abadlaşdırılması, onların Avropa standartlarına çatması üçün cani dildən çalışsa da, tək əldən səs çıxmır. Odur ki, mən də bildiklərimi onunla paylaşmaq istədim. Bir də fikirləşdim ki, nə yaxşı ki, Azərbaycanda Azad Həmkarlar İttifaqı və onun sədri var. Yoxsa bu ziyalılar il boyu işlədikdən sonra isti yay günlərində aldıqları əmək haqqı ilə istirahətin nə olduğunu birdəfəlik unudardılar
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?