"Təəssüflə qeyd etmək lazımdır ki, bəzi qüvvələri seçkilərdə vahid namizədlə iştirak yox, nəyin bahasına olursa-olsun, Müsavat Partiyasının seçkilərdən imtina etməsi daha çox maraqlandırır. Biz istənilən halda siyasi prosesdən kənarda qalmaq niyyətində deyilik. Hesab edirəm ki, Müsavat Partiyasına qarşı ifadə olunan fikirlər də bu narahatlıqla bağlıdır”.
Bu açıqlamanı Milli Şuranın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.
O qeyd edib ki, Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı Müsavat Partiyasının mövqeyi partiya başqanının çıxışında səsləndirilib: “Yəni, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın prezidentliyə vahid namizədi kimi irəli sürülməsini məqbul sayır. Proseslərin gedişindən asılı olaraq, bu məsələdə kompromis mövqedə durmağa hazırdır. Bununla yanaşı, partiyanın yanvarın 4-də İsa Qəmbərin namizədliyinin irəli sürülməsi ilə əlaqədar qərarı var və bu qərara münasibət yenə də siyasi proseslərin gedişindən asılı olacaq. Hesab edirəm ki, Müsavat Partiyasının mövqeyi əslində tamamilə aydındır”.
A. Hacılı bildirib ki, Müsavat Partiyası seçkilərin boykot edilməsi taktikasını qəbul etmir: “Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınacaqsa və Milli Şuraya daxil olan qüvvələr onu vahid namizəd kimi müdafiə edəcəksə, Müsavat Partiyası da buna dəstək olacaq. Biz istənilən halda seçkilərdə iştirak etmək və bu seçkiləri ciddi bir siyasi prosesə çevirmək, seçki kampaniyasının verdiyi imkanlardan istifadə edərək cəmiyyəti aktivləşdirmək niyyətindəyik. Qəbul etdiyimiz qərarlar da bu niyyətə yönəlib”.
Onun sözlərinə görə, bəziləri Müsavatın qəbul etdiyi bu qərarlara bugünkü siyasi vəziyyətin təsiri altında yanaşır və yanlış belə nəticəyə gəlirlər.
R. İbrahimbəyovun Azərbaycana gəlişini tələb edənlərə sərt reaksiya verməsinə münasibət bildirən A. Hacılı qeyd edib ki, heç bir halda bu ifadələr İsa Qəmbərin ünvanına aid edilə bilməz: “Rüstəm İbrahimbəyov bəyan edib ki, iyulun sonunda Azərbaycana qayıdacaq. Nə qədər fədakarlıq tələb olunmasından asılı olmayaraq, prezidentliyə namizədliyi irəli sürülmüş və bir çox siyasi qüvvə tərəfindən namizədliyi dəstəklənmiş şəxsin ölkədə olması vacibdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?