"Zamanında Müsavat Partiyasının təklifləri qulaq ardına vurulmasaydı..."
Milli Şurada prezidentliyə vahid namizəd məsələsi öz həllini tapmasa, Müsavat Partiyası seçkilərdə öz namizədi ilə iştirak edə bilər.
Müsavat Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı Trend-ə açıqlamasında bildirib ki, Milli Şuranın avqustun 19-da keçiriləcək toplantısına qədər Rüstəm İbrahimbəyovun namizədliyi ilə əlaqədar yaranmış problemlər aradan qaldırılmasa yəqin ki, yenidən Milli Şuranın digər bir intellektualın vahid namizəd irəli sürülməsi barədə təkliflər təkrar ediləcək: "Ancaq əgər bu məsələdə konsensus alınmasa, bu təklifə qarşı çıxan siyasi partiyalar bu həftə ərzində öz mövqelərini korrektə etməsələr, artıq Müsavat Partiyası olaraq biz seçkilərdə iştirak etməyin digər yollarını aramaq məcburiyyətində qalacağıq".
Müsavat Partiyasının öncədən alternativ vahid namizədlə bağlı təkliflərinin Milli Şurada narazılıqla qarşılanmasına münasibət bildirən A.Hacılı qeyd edib ki, bu cür halın baş verməsi ilk dəfə deyil: "Zaman-zaman biz belə təkliflər irəli sürürük və təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda bizim təşəbbüslərimiz, təkliflərimiz müqavimətlə qarşılanır. Bu təklifləri, bu mövqeləri demokratik düşərgəyə xəyanət, hakimiyyətin maraqlarına xidmət etmək kimi qiymətləndirənlər də tapılır və əleyhimizə kampaniya aparılır və sonda görürsən ki, bir çox siyasi qüvvələr bizim mövqeyimizin haqlı olduğunu etiraf etməyə məcbur olurlar və ya etiraf etməyərək susmaq zorunda qalırlar".
A.Hacılının sözlərinə görə, bu dəfə də təəssüf ki, belə oldu və əgər zamanında Milli Şuranın qarşısına çıxa biləcək problemlərin profilaktikası ilə bağlı Müsavat Partiyasının təklifləri qulaq ardına vurulmasaydı və bu məsələlərlə bağlı soyuqqanlı qərarlar qəbul edilsəydi, yəqin ki, indi Milli Şuranın vəziyyəti olduğundan daha yaxşı olardı: "Təəssüf ki, seçkilərə hazırlıqla bağlı xeyli vaxt itkisinə yol verdik, hətta Milli Şuranın dünənki toplantısında da bizim uzağı avqustun 16-da bu məsələyə yenidən qayıtmaq, avqustun 18-də keçirilməsi planlaşdırılan mitinqdən əvvəl namizədlə bağlı problemləri həll edərək xalqın qarşısına çıxmaq təklifimizi də qəbul etmədilər və faktiki olaraq bir həftə də vaxt itkisinə yol verdik. Cəmi 60 günlük seçki kampaniyasının 10 gününü itirmiş olduq".
A.Hacılı bildirib ki, buna baxmayaraq Müsavat Partiyası öz işini görüb: " Yaxşı ki, Müsavat Partiyası olaraq biz bütün bu məsələlərin baş vermə ehtimallarını əvvəlcədən bilərək seçkilərə hazırlıq işlərinə başlamışıq, hələ yanvar ayında Müsavat Partiyasının seçki qərargahı yaradılıb və bu seçki qərargahına Müsavat Partiyasının praktiki işlə məşğul olan funksionerlərinin bir qismi daxil olub. Biz seçkilərə hazırlıqla əlaqədar görüləcək işlərin Müsavat Partiyasından asılı olan hissəsini artıq görmüşük və ayın 19-da yenidən nəyisə təxirə salmaq, yenidən nəyisə gözləmək təklifləri üstünlük təşkil etməyəcəksə və Milli Şura vahid namizəd ilə seçkiyə getmək qərarı verəcəksə, Müsavat Partyasının bütün resursları ilə seçki kampaniyasına qoşularaq bu itirilmiş vaxtın əvəzini çıxmağa çalışacaqlar".
Lakin Hacılı qeyd edib ki, vahid namizəd məsələsi ilə bağlı razılığa gəlinməsə də, Müsavat Partiyası bütün halları nəzərə alıb: "Biz bütün halları nəzərə almışıq və proseslərin ən müsbət gedişindən ən mənfi gedişinə qədər müxtəlif yollar, müxtəlif variantlar üzərində düşünmüşük və müxtəlif variantlara hazırlaşmışıq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?