Bu gün "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayevin rəhbərlik etdiyi Monitorinq Qrupu AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd planı ilə bağlı bir neçə gün bundan öncə kütləvi informasiya vasitələrinə müraciət ünvanlamış və sonra da öz müraciətindən imtina etmiş, hazırda 7 saylı cəzaçəkmə müəssisəsində saxlanan Muradov Bəhlul Mirzə oğlu, eyni zamanda həmin müraciətdə adı keçən, AXCP sədrinin sabiq müşaviri, hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan Ramiz Tağıyevlə görüşüb.
Araşdırma zamanı məlum olub ki, AXCP sədrinə qarşı 2005-ci ildə sui-qəsdin təşkil olunduğunu iddia edən şəxs 2000-ci, 2002-ci, 2004-cü və 2009-cu illərdə müxtəlif cinayətlərə görə məhkum edilmiş Muradov Bəhlul nəql etdiyi hadisə zamanı, yəni 2005-ci ildə, eləcə də 2006-cı ilin noyabrın 12-nə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib və 12 noyabr 2006-cı ildə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilib. 7 saylı cəzaçəkmə müəssisəsində 4 ildən artıq müddətdə cəza çəkən B.Muradov 2009-cu ildən etibarən heç vaxt Ə.Kərimliyə qarşı məlum sui-qəsd barəsində heç bir məlumat verməyib, bu barədə ümumiyyətlə danışmayıb.
Məlum məktub mediada dərc edildikdən sonra Ramiz Tağıyev 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və bu addım müəssisə rəhbərliyi tərəfindən məktubdan imtina etmiş şəxslə R.Tağıyev arasında yarana biləcək hər hansı qarşıdurmanın qarşısını almaqla bağlı əməliyyat məqsədilə olunduğunu izah edib. R.Tağıyev isə öz növbəsində 12 saylı müəssisəyə çıxmaqdan imtina edir və hazırda həmin müəssisənin cərimə təcridxanasının kamerasında saxlanılır. R.Tağıyevin sözlərinə görə, ona qarşı heç bir zorakılıq olmayıb, cəza çəkdiyi 7 saylı və köçürüldüyü 12 saylı müəssisələrin rəhbərliyindən şikayəti yoxdur. Lakin, B.Muradovdan fərqli olaraq R.Tağıyev Əli Kərimliyə qarşı sui-qəsd planının olduğunda israr etməkdə davam edir. Amma B.Muradovun həbsdə ola-ola hansısa planda necə iştirak etməsi barəsində suala cavab olaraq Ramiz Tağıyev məhz B.Muradova sualla müraciət etməyə tövsiyyə edib. Onu da bildirək ki, B.Muradovda işgəncə və ya qeyri-insani rəftarla bağlı heç bir şikayət etməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?