Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov iyulun 29-da “Media forum” saytına açıqlama verib.
O deyib ki, Bakıya iyulun 31-nə planlaşdırılan gəlişini Milli Şura üzvlərinin istəyi ilə bir müddət təxirə salıb: “Hazırda Moskvadayam. Sabah Tbilisiyə gedəcəyəm. Milli Şuranın üzvləri ilə yaranmış vəziyyəti müzakirə edəcəyik, lazım bilsələr, bir yerdə Bakıya qayıdarıq.
Bir neçə gün əvvəl mənə xəbər verdilər ki, Bakıya getsəm, barəmdə cinayət işi başladacaqlar. Uydurma cinayət işi onlara imkan yaradır ki, məni Bakıdan xaricə buraxmasınlar. Belə olarsa, Rusiya vətəndaşlığımın ləğvi həll olunmayacaq. İndi mənim əsas işim ikili vətəndaşlıqdan çıxmaqdır. Bu da mənim Moskvada olmağımı tələb edir.
Əvvəl fikirləşirdim ki, Bakıya gedərəm və lazım olandan-olana Moskvaya gələrəm, sənədləşmə işlərini axıra çatdıraram. Məni Bakıda saxlasalar, bütün işlər yarımçıq qalar, seçkidə iştirak edə bilmərəm.
Buna mən yalnız qərar verməmişəm. Amerikada yüksək səviyyəli məsləhətçilərim var. Onlar mənə bildirirlər ki, sənədi almamış getmək olmaz. Daha sonra Milli Şura nə qərar versə, ona uyğun addım atılacaq”.
Rüstəm İbrahimbəyov bildirib ki, həbs olunmaqdan qorxmur: “Bəziləri düşünür ki, cinayət işi ehtimalına görə Bakıya gəlmirəm. Bundan qorxmuram. Gələrəm, lazım olsa, həbs olunaram. Ümidvaram ki, xalqımız da, beynəlxalq qüvvələr də buna imkan verməz.
Amma əlimdə Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənəd olmasa, seçkidə iştirakıma imkan verməyəcəklər. Onların da məqsədi elə budur. Bu təxribatdır. Qəsdən belə edirlər ki, sənədi ala bilməyim. Rusiya vətəndaşlığından çıxmaq üçün uzun müddətdir ərizə vermişəm. Ərizə ilə yanaşı əlavə sənədlər lazımdır. Onları yığmağa çox vaxt getdi. Adətən bu, yarım iləcən çəkir. Mən bunu həll edirəm.
Mənim tez gəlməyim Azərbaycan hakimiyyətinə sərf edir. Tez gəlsəm, cinayət işi qaldırarlar, bir ay müddətində məhkəmə hökmü də çıxararlar və mənim namizədliyimi qeydə almazlar”.
Rüstəm İbrahimbəyov qeyd edib ki, Milli Şura üzvləri ilə görüşdə ehtiyat namizəd məsələsi müzakirə olunmayacaq: “Belə məsələ barədə söhbətimiz olmayıb. Bunlar uydurma fikirlərdir. Ehtiyat namizəd məsələsi olsaydı, Bakıya gələrdim”.
Şura sədri deyib ki, Bakıda olmağı çox istəyir: “Bakı üçün çox darıxmışam. Amma işin xeyri üçün qeydiyyatdan keçdikdən sonra gəlməliyəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?