Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə iddiaçı Rüstəm İbrahimbəyov avqustun 7-də “Media forum” saytına danışıb. O deyib ki, Rusiya vətəndaşlığının ləğvi üçün prezident Vladimir Putinin imza atmasını gözləyir: “Məndən asılı iş qalmayıb. Vətəndaşlığın ləğv olunmasına Rusiya prezidenti Vladimir Putin qol çəkməlidir. İndi onun cavabını gözləyirəm. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq”.
Rüstəm İbrahimbəyov qeyd edib ki, gözləməklə yanaşı başqa yollar da axtarır: “Azərbaycan Respublikasının vətəndaşlıq qanununa əsasən, dövlət ikinci vətəndaşlığı qəbul etmir. Ancaq o vaxt qəbul edir ki, həmin hökumətlə beynəlxalq sazişi olsun. Rusiya ilə Azərbaycan arasında belə müqavilə yoxdur.
Amma Azərbaycan Respublikasının Seçki Məcəlləsində ziddiyyətlər var. Mən Amerika və Rusiya hüquqşünasları ilə danışıram. Ola bilsin ki, ikinci vətəndaşlığımın ləğvi ilə bağlı sənədi seçkiyə qoşulduqdan sonra təqdim edim. Mən Rusiya vətəndaşlığından çıxmaq üçün ərizə vermişəm. Gec-tez bu məsələ həll olunacaq. Məsələ ləngisə, hüquqşünaslar bildirsə ki, sənədləri verə və imza kampaniyasına başlaya bilərəm, onda Bakıya həmin sənədsiz gələcəyəm. Sənəd sonra göndəriləcək”.
Rüstəm İbrahimbəyov yaxınlarda Amerikaya getmə ehtimalının olduğunu da söyləyib: “Mənim hazırda Bakıya gəlməyimin heç bir xeyri yoxdur. Kimsə qəsdən istəyir ki, mən gəlim, işlərim əngəllənsin. Bunun mənası yoxdur. Burada mən görən işləri heç kim görə bilməz. Bu işləri nəyə görə atıb Bakıya gəlməliyəm? Lazım olanda gələcəyəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?