Azərbaycanda fəaliyyət göstərən müxalifyönlü gənclər təşkilatları bəyanat yayıblar.
Bəyanatda deyilir: "Biz, aşağıda imza atan gənclər təşkilatlarının təmsilçiləri, gənc fəallar, tələbə və gənclər bildiririk ki, 2013-cü ilin Azərbaycanda prezident seçkisinin keçiriləcəyi il olmasına baxmayaraq, hazırda ölkədə azad və ədalətli seçki keçirmək üçün mühit yoxdur. Seçki mühitinin yoxa çıxması 2013-cü ilin əvvəlində gənclər tərəfindən təşkil olunmuş və gənclərin iştirakı ilə keçirilmiş kütləvi aksiyalarda iştirak edən gənclərin cərimələnməsi ilə başladı.
Biz, bu cərimələrin gənclərin sərbəst toplaşmaq azadlıqlarından istifadəsinə ciddi sədd olduğunu bildiririk. Daha sonra gənc fəalların, gənclərin siyasi proseslərdə iştirakına əhəmiyyətli töhfə verən gənclərin qondarma ittihamlarla həbs edilməsi siyasi fəallığı daha da boğdu.
Biz, qondarma ittihamlarla həbs edilmiş gəncləri seçki məhbusları sayır, onların həbsdə olduqları təqdirdə keçiriləcək seçkiləri azad və ədalətli seçkilər olaraq tanıya bilməyəcəyimizi bəyan edirik.
Biz, eyni zamanda prezidentliyə namizəd olacağını bəyan etmiş İlqar Məmmədovun, prezidentliyə namizəd olacağını bəyan etmiş Müsavat başqanının müavini Tofiq Yaqublu və müşaviri Yadigar Sadıqovun həbsdə olmasını pisləyirik. Biz, bunu hakimiyyətin öz rəqiblərini seçki mühitindən uzaqlaşdırması kimi qiymətləndiririk. Eyni zamanda həm jurnalistlərin, həm məmur özbaşınalığına qarşı regionlarda keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərin, həm də dindarların hələ də həbsdə saxlanılmasını pisləyirik.
Biz, Azad Fikir Universiteti layihəsi kimi gənclərin alternativ təhsil aldıqları, aktual məsələlərin müzakirə edildiyi, məsuliyyətli və məlumatlı gənc vətəndaşların yetişdiyi məkanların da bağlanmasından təəssüflənirik. Biz, bu addımı gənclərin müzakirə meydanlarından uzaqlaşdırılması kimi qəbul edirik və Azad Fikir Universitetinin fəaliyyətinin bərpa olunması üçün addım atmağa çağırırıq.
Biz, prezident seçkiləri ərəfəsində hakimiyyəti tənqid edən jurnalistlərin intim görüntülərinin yayılmasını qətiyyətlə pisləyir, azad və ədalətli seçkilər keçirəcəyini bəyan edən ölkə üçün bunu utancverici hadisə kimi qiymətləndiririk. Biz, hakimiyyəti seçkilər zamanı daha məsuliyyətli və mənəviyyatlı davranmağa səsləyirik.
Biz, beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin, aparıcı dövlətlərin səfirliklərinin də Azərbaycanda demokratik institutların formalaşması üçün mövqe nümayiş etdirməsini gözləyir, onları müvafiq addımlar atmağa səsləyirik.
Biz, Azərbaycan hakimiyyətini gənclərin inzibati qaydada həbs edilməsini dayandırmağa, həbsdə olan seçki məhbuslarını azad etməyə, sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə, gənclərin siyasi proseslərdə iştirakına görə onlara edilən təzyiqləri dayandırmağa səsləyirik. Eyni zamanda, bütün tərəfləri ədalətli və mənəvi dəyərləri aşmayan seçki kampaniyası aparmağa səsləyirik".
Sorğu
Yeni dizaynımız necədir?