Gənc fəal Bəxtiyar Hacıyev YAP Gənclər Birliyinin sədri Seymur Orucovun bu gün müxalif gənclərlə birlikdə yaydıqları bəyanata verdiyi cavaba münasibət bildirib.
"Müstəqil və müxalifyönlü gənclər təşkilatlarının bəyanatına cavab olaraq YAP Gənclər Birliyinin sədri deyir ki, Azərbaycanda ifadə azadlığı olmasaydı, biz öz fikirlərimizi ifadə edə bilməzdik. Müəyyən qədər haqlıdır. Lakin cənab Orucov unudur ki, bir neçə dəfə ard-arda bu azadlıqdan istifadə edən gənclərin bir çoxu saxta ittihamlarla Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Yəni, insanlar fikirlərini ifadə etməkdə azaddırlar, amma ifadə etdikdən sonra azadlıqda olub-olmayacaqları məlum deyil.
Cənab Orucov ABŞ Milli Demokratiya Fondu tərəfindən maliyyələşdirilən Azad Fikir Universitetinə işarə vuraraq, bu layihəni "fondlardan gizli yollarla maliyyə alan və bununla dövlət əlehinə işlər görən hər hansı qondarma təşkilat" adlandırıb. YAP GB-ni gənclər ordusu adlandıran sədr unudur ki, mövcud olduğu müddət ərzində YAP GB Azad Fikir Universiteti qədər sevilən, gənclərə faydalı olan bir layihə reallaşdırmayıb.
Nəhayət, cənab Seymur Orucov bildirir ki, həbsdə olan gənc fəallar ictimai asayişi pozmaq istədiklərinə görə həbsdədirlər və seçkilər üçün bütün şərait yaradılmışdır. Cənab Orucov çox gözəl bilir ki, "Azərbaycanda seçilmək istəyən çoxdur, lakin seçici cəmi bir nəfərdir" deyən, 500 min dollara Milli Məclisdə kreslo, deputat mandatı satmaq istəyən keçmiş YAP-çı deputatdan fərqli olaraq, həbsdə olan gənclərə qarşı irəli sürülmüş ittihamların hamısı əsassızdır. Bunu, hörmətli Orucov bizdən də yaxşı bilir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?