“Seckinin saxtalaşdırılması cinayətində əasa fiqirlardan biri Prezident Administrasiyasının rəhbəridir”
«Elşad Abdullayevin İnternetdə yerləşdirdiyi yeni videogörüntülər dərhal bir sıra cinayət növləri üzrə bir neçə cinayət işinin qaldırılmasına əsas verir. Bunlar korrupsiya, seçki prosesinə qanunsuz müdaxilə, seçkilərin saxtalaşdırılması, adamların döyülməsi və s.-dir. Həmin cinayətlərdə əsas fiqurlardan biri sözsüz ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olmalıdır.» Bu barədə Turan-a politoloq Eldar Namazov bildirib. Qeyd edək ki, yeni videoyazıda deputat Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayeva etiraf edir ki, 2005-ci il parlament seçkilərində G.Əhmədova seçkiləri E.Namazova uduzub. Lakin R.Mehdiyevin müdaxiləsindən sonra bütün seçki məntəqələrində protokollar G.Əhmədovanın xeyrinə saxtalaşdırılıb, E.Namazovun tərəfdarları isə dağıdılıb. E.Namazov bildirib ki, 2005-ci il seçkilərində o, həqiqətən 15 saylı Yasamal birinci seçki dairəsində qalib gəlib. “Lakin hakimiyyət yalnız 4 məntəqədə protokolları saxtalaşdıra bilib. Qalan 25 məntəqədə möhürlə təsdiqlənmiş protokolları götürə bildik və mən parlamentə düşürdüm. Bundan sonra MSK vasitəsilə daha 6 məntəqədə nəticələr ləğv edildi ki, bu məntəqələr üzrə mən qalib idim”, - E. Namazov vurğulayıb. Nəticədə Avropa İnsan Hüquqları Məhkəməsi E.Namazova 15 min avro həcmində kompensasiyanın ödənilməsi barədə qərar çıxarıb. “Hakimiyyət yaxşı biznes fikirləşib: deputat mandatını 1 milyona satmaq, vətəndaşlara isə yalnız 15 min ödəyirlər. Heç bir biznes sahəsində bu cür mənfəət yoxdur”, - E.Namazov qeyd edib. O deyib ki, hüquqşünaslarla məsləhətləşmələr apararaq gələcək addımların taktikasını müəyyən edəcək. Proseslərin birbaşa Adminstrasiya rəhbərinə qarşı yönəlməsi hakimiyyət içində də ciddi təlatümlər yaradıb. Dünən yayılan xəbərlərə görə bütün günü PA-dakı kabinetində iş başında olan Ramiz Mehdiyev yalnız özünə yaxın bildiyi şəxsləri qəbul edib.Məlumata görə, PA şefinin ərizə yazması doğrudur və bu barədə PA-da da ciddi müzakirələr aparılır: «Hələlik hansı cavabın verildiyi məlum deyil». Ramiz Mehdiyevi kimin əvəzləyəcəyinə gəlincə isə bu barədə danışan mənbəmiz qeyd etdi ki, həmin posta ümumiyyətlə, uzun müddətə kimsə təyin olunmaya bilər: «Güman edirəm ki, prezident 4 müavini təyin etməklə mövqeyini bildirib. Yəni 4 müavin Ramiz Mehdiyevin səlahiyyətlərini icra edəcək. Kimsə kimdənsə üstün olmayacaq və bütün istiqamətlər üzərə əvvəlki kimi rəhbər nəzarəti təmin olunmuş olacaq». İstefa ərizəsi yazması xəbəri yayılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı başqa bir məlumat da diqqət çəkir. Hökumət içindəki qaynaqdan ötürülən xəbərdə bildirilir ki, PA şefinin bu günlərdə verdiyi açıqlaması yuxarı dairələrdə böyük qəzəbə səbəb olub. Xatırladaq ki, bu barədə əvvəlindən də məlumat vermişdik. Bu arada prezident İlham Əliyevin tanınmış kinorejissor Rüsbəm İbrahimbəyovun şəninə Fransada təşkil olunan məclisdə iştirak etməsini əks etdirən videoçəkilişlərin yayılmasında da məhz Ramiz Mehdiyevin maraqlı tərəf olduğu söylənilir. Mənbəmiz bildirir ki, artıq bu məsələ tamamən çözülüb. Rusiya Ramiz Mehdiyevi qoruya bilməsi üçün «Oliqarxların təşkilatı»nı ortaya atıb. Rüstəm İbrahimbəyovun videoçəkilişi də Rusiya xəttinin Elşad Abdullayev videolarına cavabı kimi qəbul olunub. Mənbəmizə görə, məhz bu səbəbdən PA şefinin istefa ərizəsinin qəbul olunacağı heç şübhəsizdir. Əgər Mehdiyev tərəfindən ona qarşı olan proseslərə cavab addımları atılarsa PA rəhbərinin həbs olunma məsələsi də gündəmə gələ bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?