“Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərə dövlət tərəfindən kampaniya üçün vəsait ayrılmayacaq. Bu müddəa artıq çıxarılıb və Milli Məclisdə qanunvericiliyə dəyişiklik olunub. Parlamentin bu qərarının səbəbini izah edə bilmərəm. Mərkəzi Seçki Komissiyası qanunverici orqan deyil. MSK sadəcə namizədlərin təşviqatı üçün efir vaxtı ayrılmasını və dövlət nəşrlərində onların təbliğatını təmin edəcək”.
Bunu “Yeni Müsavat”a açıqlamasında MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, namizədlər ianələr və öz hesablarına kampaniya təşkil edəcəklər. A.Sarıyev qeyd edib ki, bu vaxtadək prezident seçkilərində namizədlərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün dövlət büdcəsindən vəsait ayrılırdı.
Əgər namizəd müəyyən olunmuş səs faizini yığa bilmirdisə, o, həmin vəsaiti Mərkəzi Seçki Komissiyasına geri qaytarmalı idi. 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqlənib.
Artıq prezident seçkilərində seçki fonduna vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydalarını müəyyən etmək məqsədilə Seçki Məcəlləsinin 90-cı, 94-cü və 191-ci maddələrinə əsasən təlimat hazırlanıb. Ümumi müddəalarda göstərilib ki, qeydə alınmış namizədlərin fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondları yaradılır. Namizədlərin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.
Namizədlərin seçki fondunun mənbələri də açıqlanıb. Namizədlərin seçki fondu yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır: namizədin özü tərəfindən 250 min manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti, vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Vətəndaşların köçürdüyü vəsait 3 min manatdan, hüquqi şəxslərin köçürdüyü vəsait 50 min manatdan çox ola bilməz.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?