Rusiya prezidenti Vladimir Putinin Azərbaycana 13 avqust səfərində hərbi sahəyə aid xeyli məsələ razılaşdırılıb – “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Rusiyadakı hərbi mənbələrə əsaslanaraq belə məlumat yayıb.
Mərkəzin direktoru Cəsur Sümərinlinin sözlərinə görə, söhbət 22 illik müstəqilliyi dövründə Azərbaycanın Rusiya ilə hərbi sahədə reallaşdırdığı ən genişhəcmli əməkdaşlıq münasibətlərindən gedir: “Tərəflər arasında təxminən bir ilə yaxındır müzakirəsi gedən bu razılaşmaların nəticəsində Azərbaycan yaxın perspektiv üçün Rusiyadan dəyəri milyardlarla dollar ölçülən silah və hərbi texnika alacaq, Rusiya Azərbaycanın müdafiə sənayesi obyektlərinin işində iştirak edəcək”.
“Doktrina” bildirir ki, Rusiya və Azərbaycan rəhbərliyi arasında keçirilən görüşlərdə hərbi sahədə bu məsələlər üzrə razılaşmalar əldə olunub:
- Azərbaycan yaxın 2-3 il ərzində Rusiyadan ən azı 4 milyard dollarlıq silah və hərbi texnika almaq öhdəliyi götürüb;
- “Rosoboroneksport”un təmsilçiləri Azərbaycanın müdafiə sənayesi obyektlərinin işində iştirak edəcəklər (təlimçi, layihə ortağı kimi);
- Rusiyanın hərbi sənaye şirkətləri Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və hərbi texnikanın təmiri və modernləşdirilməsi prosesində iştirak edəcək;
- Azərbaycan Xəzərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ABŞ və NATO ilə 2011-ci ildən güclənməkdə olan əməkdaşlığını dayandıracaq;
- Xəzərin təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan-Rusiya dialoqu bərpa olunacaq;
- Azərbaycanın Müdafiə Nazirliyi hər il ən azı 100 ölkə vətəndaşını hərbi təhsil almaq üçün Rusiyanın ali hərbi məktəblərinə göndərəcək, yaxın aylarda Rusiyanın bu məsələ ilə bağlı hazırlamaqda olduğu sənəd rəsmi Bakıya təqdim olunacaq və s.
Bu məsələlər barədə rəsmi məlumat verilmədiyini vurğulayan Cəsur Sümərinlinin sözlərinə görə, nəzərdə tutulan əməkdaşlığın reallaşması Azərbaycanın hərbi-siyasi baxımından Rusiyanın boyunduruğuna daxil olması demək olacaq: “Bu proses Azərbaycanın milli təhlükəsizlik maraqları üçün ciddi təhdidlər yaradacaq. Faktiki olaraq Azərbaycan NATO ilə əməkdaşlığını dayandırmağa məcbur olacaq. Bu razılaşmaların həyata keçməsi Azərbaycanın müstəqil dövlət siyasətinin, hərbi-siyasi prioritetlərinin itirilməsi anlamına gələ bilər. Rusiya ilə hərbi razılaşmalar nəticəsində Azərbaycan Türkiyə, İsrail və bir sıra ölkələrlə hərbi sahədə texniki əməkdaşlığı, silah və hərbi texnika alışını azalda və ya ümumiyyətlə dayandıra bilər ki, bu da müasir ordu quruculuğu prosesində rəsmi Bakının işini əngəlləyəcək. Ölkə ictimaiyyəti, fəallar, QHT-lər, siyasi partiyalar bu məsələyə ciddi etiraz etməli, Azərbaycanın Rusiya ilə əməkdaşlığının onun milli təhlükəsizliyinə təhdidə çevrilməsinin qarşısını almalıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?