Sevinc Babayevanın bəhs etdiyi İqbalın kimliyi yenə də şübhəli qalır...
gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev tərəfindən açıqlanan son videoçəkiliş böyük bir ajiotaj yaradıb. Ajiotaj içində dartışılan mövzulardan biri də keçmiş deputat Gülər Əhmədovanın «mandat bazarında» araçısı kimi tanınan Sevinc Babayevanın İqbal adını xatırlatmasıdır. Bildirək ki, Elşad Abdullayevin köməkçisi kimi tanıdılan Elnur Məcidli Sevinc Babayevanın adını çəkdiyi şəxsin millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə olduğunu bildirib və Elşad Abdullayevin özünün də belə düşündüyünü söyləyib. Amma Ümid Partiyasının sədri deyilən ittihamları rədd etməklə yanaşı müxtəlif ipucular da verib ki, onlardan biri də həmin «İqbal» adlı şəxsin 2005-ci ilin parlament seçkiləri dövründə «Seçkilər» İnformasiya Mərkəzinə rəhbərlik edən İqbal Məmmədov ola bilməsi ehtimalıdır. Bu yöndə apardığımız araşdırmalarından aydın olur ki, əslində İqbal Ağazadə Məmmədov soyadlı adaşının ismini boş yerdən çəkməyib. Ən azından ona görə ki, İqbal Məmmədov həqiqətən də Sevinc Babayevanın yaxından və özü də xeyli müddət əvvəldən tanıdığı birisi olub. Bu barədə məlumat verən qaynaq bildirir ki, İqbal Məmmədovla Sevinc Babayeva tələbə yoldaşı olublar: «Onlar Politenxnik institutundan bir-birilərini tanıyırlar və tələbə yoldaşı olublar». Mənbəmiz onu da bildirdi ki, İqbal Məmmədov hazırda Dövlət Gömrük Komitəsində general-mayor rütbəsi ilə olduqca yüksək vəzifə tutur. İ.Ağazadə müsahibəsində sözügedən şəxsin İqbal Babayev olması ehtimalını da gündəmə gətirib. Məsələ ilə əlaqədar Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin (2000-2008-ci illərdə) sabiq direktoru, Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru İqbal Babayev açıqlamasında E.Abdullayevin yaydığı növbəti videodan məlumatsız olduğunu bildirib: “Mənim bu məsələlərdən heç bir xəbərim yoxdur. Mən ümumiyyətlə Elşad Abdullayevi tanımıram. Mənim onunla hər hansı əlaqəm belə olmayıb”. Hər halda Sevinc Babayevanın bəhs etdiyi İqbalın kimliyi yenə də şübhəli qalır...
Sorğu
Yeni dizaynımız necədir?