Sabiq dövlət məmuru haqda sensasion iddia; Hakimiyyət şübhələnir ki, Prezident Katibliyinin sabiq rəhbəri “əli boş” getməyib və bir neçə dəfə ona bu barədə xəbər göndərilib; “Amma görünən budur ki, Eldar Namazov onda olan qiymətli materialları qaytarmaq fikrində deyil. Bəlkə də bu, onun həyat sığortasıdır...” Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazovun vəzifəsindən ayrılmasından 14 il keçsə də, hakimiyyətlə münasibətlərindəki gərginlik daima davam edib. Hakimiyyətdə işlədiyi vaxtda o zamankı prezident Heydər Əliyevin ən yaxınındakı adam olan E.Namazovun 1999-cu ilin oktyabrında xarici işlər naziri Tofiq Zülfüqarov, dövlət müşaviri Vəfa Quluzadə ilə birgə istefasının bəzi təfərrüatları hələ də sirr kimi qalır. Xatırladaq ki, ATƏT-in İstanbul sammiti ərəfəsi Qarabağ məsələsinə görə istefa verən “üçlük”dən fəal siyasi fəaliyyətə yalnız E.Namazov keçdi. T.Zülfüqarov hazırda Pribaltika ölkələrində səfirdir, Vəfa Quluzadə isə təqaüddədir. Vəzifədən ayrılandan sonra “Azərbaycan Naminə” İctimai Forumu təsis edən E.Namazov sonradan tədricən mövqeyini müxalifətə yaxınlaşdırdı və son bir neçə ildə isə müxalif düşərgədə yer alıb. 2005-ci il parlament seçkilərində onun da iştirakı ilə YES (“Yeni Siyasət”) bloku yaradılmışdı. 2013 prezident seçkilərində də müxalifətin təşkilatlanmasında ciddi fəallıq göstərən E.Namazov Ziyalılar Forumunun, EL təşkilatının və Milli Şuranın təsis edilməsində əsas fiqurlardan biri olub. Müxalif düşərgəyə tam yerləşdikdən sonra ona qarşı hakimiyyətin qəzəbi də artıb. Parlament seçkilərində iştirakını əngəlləmək üçün hətta ilk dəfə ona qarşı “klonlaşdırma” aparılıb, onun namizəd olduğu dairədə eyni ad və soyadlı namizəd qeydə alınıb. Maraqlıdır ki, E.Namazovun da hakimiyyətdəkilərə qarşı münasibətində yumşalma və ya mövqe dəyişikliyi olmayıb. 2013 seçki ilində də E.Namazov iqtidar mediasının sərt tənqid hədəfinə çevrilib. Rəhbərlik etdiyi EL təşkilatının “içərisinə” atıldığı iddia edilən Əflan İrahimovun Respublika Prokurorluğuna müraciətindən sonra əsas diqqətlər yenə E.Namazova yönəlib. Ötən həftə E.Namazov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində 4 saatdan artıq ifadə verib. Daha sonra 2 sentyabrda saatlarla prokurorluqda dindirilib. Görünən budur ki, onu həbs edəcəkləri ilə təhdid edirlər və güman ki, bu da olacaq. Rəhbərlik etdiyi təşkilatda görəv alan digər yetkililər - Köçəri Nağıbəyli və Eldəniz Quliyev də sorğu-suala çağırılıblar. E.Namazovun təşkilatına yönəlik iğtişaş ittihamı nə qədər qeyri-ciddi səslənsə də, “milçəkdən fil düzəltməyi” bacaran hakimiyyət üçün istənilən vaxt ən radikal addımlar belə atıla bilər. Amma niyə axı E.Namazova qarşı hakimiyyət bu qədər sərt mövqeyindən əl çəkmir? Niyə E.Namazov da bir vaxtlar birgə olduğu adamlara qarşı ən sərt ifadələri belə işlətməkdən çəkinmir. Xüsusilə onun son müsahibələrində “hakimiyyət ağlını başına yığsın” kimi ifadələrə üstünlük verməsi diqqət çəkir. “İqtidar Eldar Namazovda olan iki qovluğu geri istəyir”. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin dedikləri E.Namazova qarşı olan hiddətin sirrinin açarı sayıla bilər. “Hakimiyyətdə olduğu müddətdə bir çox sirlərə birbaşa şahidlik etmiş Eldar Namazovda xeyli mühüm sənədlərin toplandığı qovluqlar olduğu güman edilir. Təxminən altı il Azərbaycan üçün çox çətin bir dövrdə prezident köməkçisi işləmiş və müxtəlif sənədlərə çıxışı olan Eldar Namazovun istefa verərkən Prezident Administrasiyasından ”əli boş" getmədiyi deyilir. Ola bilsin ki, Namazov özü haradasa belə bir qovluqlara sahib olduğunu deyib və hakimiyyət də onun içərisində olanlarla maraqlanır" - deyən, qaynağın sözlərinə görə, bu barədə sabiq məmura bir neçə dəfə xəbər də göndərilib. “Amma görünən budur ki, Eldar Namazov onda olan qiymətli materialları qaytarmaq fikrində deyil. Bəlkə də bu, onun həyat sığortasıdır” deyə, mənbə fikrini yekunlaşdırıb. Qeyd edək ki, E.Namazov 1993-cü ilin sentyabrından 1999-cu ilin oktyabrınadək Prezidenti Katibliyinin rəhbəri və prezidentin köməkçisi kimi xarici siyasət, daxili siyasət, o cümlədən milli təhlükəsizlik kimi ciddi məsələlərlə məşğul olub. Başqa bir mənbə də E.Namazovla bağlı bu məlumatı şərh edərkən dedi ki, sabiq prezident köməkçisinin hakimiyyətdə işlədiyi dövrlə bağlı “əlində olan materiallarla” memuar yazmaq istədiyini eşidib: “Amma bunların hakimiyyət üçün nə dərəcədə əhəmiyyətli və ya məxfi olduğunu söyləmək çətindir”. Bu iddialarla bağlı E.Namazovun mövqeyini dərc etməyə çalışacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?