Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki prosesində təmsil edəcək vəkilləri yaxın günlərdə açıqlanacaq. Bunu Modern.az saytına Cəmil Həsənlinin Seçki Qərargahının AXCP-dən olan rəhbəri Həsən Kərimov bildirib.
O qeyd edib ki, artıq vəkillərin kimliyini Cəmil Həsənli özü bilir.
“İmza vərəqləri sabah MSK-ya təqdim olunandan sonra paralel olaraq müşahidəçilərin siyahısı təqdim olunacaq. Vəkilləri də namizəd özü müəyyən edir. Onların kimliyi yaxın vaxtlarda açıqlanacaq. Qanuna görə 50 nəfər vəkil olmalıdır.
Vəkillərin kimliyini Cəmil müəllim özü bilir. Qanuna görə, namizəd qeydə alınandan sonra vəkillər elan olunmalıdır”.
Prezidentliyə namizəd Cəmil Həsənli isə Modern.az-a vəkillərinin siyahısının artıq hazır olduğunu deyib. C.Həsənlinin sözlərinə görə, siyahı hazır olsa da, bir neçə gündən sonra açıqlanacaq:
“Vəkillər namizədlik qeydə alınandan sonra elan edilməlidir. Biz müəyyən hazırlıq işləri görmüşük. Qanunvericiliyə görə, hər namizədin 50 nəfər vəkili ola bilər. Buna iddialılar çoxdur. Biz bu 50 nəfəri rəsmiləşdirəcəyik, yerdə qalan dostlarımız da seçki təşviqatı dövründə öz bildikləri qaydada çalışacaqlar. Vəkillərin siyahısı təxminən hazırdır, sadəcə olaraq bunu əvvəlcədən açıqlamaq istəmirik”-deyə C.Həsənli qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?