gundemxeber.az Azərbaycan Silahı Qüvvələrinin NATO standartlarına transformasiyası prosesində ordu rəhbərliyində olan şəxslərlə bağlı həlledici qərarların verilməsi gözlənilir. Məlumata görə, bu proses çərçivəsində Müdafiə Nazirliyinin hazırki rəhbərliyində köklü dəyişikliklər olacaq. Bunu da qeyd edək ki, NATO standartlarına keçid baş tutarsa, ölkənin müdafiə naziri mütləq və mütləq mülki şəxs olmalıdır, baş qərargah rəisi isə hərbçi ola bilər. Əslində nazirlik rəhbərliyinin dəyişikliyi çoxdan olmalıdır. Müdafiə Nazirliyinə rəhbərlik edən şəxslərin, konkret olaraq nazir Səfər Əbiyevlə baş qərargah rəisi Nəciməddin Sadıqovun bir-birini görən gözləri yoxdur. Yəni ordu strukturunda qruplaşma əmələ gəlib. Mətbuat orqanlarında və ayrı-ayrı şəxslərin çıxışlarında Səfər Əbiyevin hədəfə alınması da bir çox hallarda məhz bu faktorla bağlı olub. Yəni müdafiə naziri sifarişli şəkildə tənqid olunub. Yaxud da əksinə nazirə qarşı çıxışların ifşa olunması da Əbiyev tərəfdarlarının müdafiə və hücum taktikasından başqa bir şey olmayıb. Müdafiə nazirinə qarşı duran komanda da daha çox diqqəti çəkən, daha doğrusu açıq şəkildə Əbiyevə müxalifət olduğu bilinən şəxslər Respublikanın Baş Hərbi Komissarı Əlağa Hüseynov və Hərbi prokuror Xanlar Vəliyev olub. Hərbi Komissarlığının tam olaraq Müdafiə Nazirliyinin nəzarətinə keçməsindən, Əlağa Hüseynovun postunu itirməsindən sonra X.Vəliyev də nazirə qarşı «atəşkəs» elan etdi. Amma bu Əbiyevin problemlərdən qurtulması ilə nəticələnmədi. Hərbi hissələrdə kütləvi «zəhərlənmələr», intihar faktlarının ciddi şəkildə qabardılması belə bir rəy yaratdı ki, Səfər Əbiyevə qarşı ciddi generalitet müxalifəti formalaşıb və müəyyən siyasi dairələr bu işdə maraqlıdır. Amma növbəti proseslərdə baş verən fövqəladə olayların sayı azalmağa başladı və müdafiə nazirinin orduda bütün sahələrə tam nəzarəti ələ keçirdiyi bildirildi. Səfər Əbiyev artıq ordu daxilində sabah ona rəqib ola biləcək sonuncu generalı da sıradan çıxarmaq ərəfəsindədir. Söhbət Baş Qərargahın rəisi Nəcməddin Sadıqovdan gedir. Əbiyevdən fərqli olaraq döyüş yolu keçmiş general Sadıqovun ordudakı nüfuzu və böyük komandaya sahib olması naziri gerçək təhlükəyə qarşı radikal addımlar atmağa məcbur edib. Bu istiqamətdə atılan ilk addım kimi isə nazir Baş Qəçrərgah Rəisini «sındırmaq»da görüb. Məlum olduğu kimi Əlağa Hüseynov istefaya göndərildikdən sonra nazirin əmri ilə hərbi komissarlıq sistemində çalışanların əksəriyyəti döyüş bölgələrinə ezam edildilər, sonra isə hərbi komissarlıqların demək olar ki, adi rayonlardakı heyətləri də tamamilə yeniləndi. Amma müdafiə naziri hərbi komissarların təyin edilməsi işində tələsmədi. Hətta bu günün özündə 30-a qədər rayonda hərbi komissarın hələ də təyin olunmadığı bildirilir. General N.Sadıqova Əbiyev tərəfindən güc göstərilməsi də elə bununla bağlıdır. Belə ki, hərbi komissarların təyinatı məsələsi gündəmə çıxanda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov təşəbbüslə çıxış edərək öz namizədlərinin olduğunu bildirib. Müdafiə naziri əvvəlcə namizədlərin təqdimatına etiraz etməyib. Amma sonra məlum olub ki, Baş Qərargah rəisi hətta onların əmrini də hazırlayıb. Nazirə bununla bağlı məlumat verilib və Səfər Əbiyev Baş Qərargah rəisinin hazırladığı siyahını bir kənara atdırıb. Bununla da komissarların təyinatı məsələsi yenidən gündəmdən çıxıb. Deyilənə görə, şəxsi heyət qarşısında çıxılmaz duruma düşən Nəcməddin Sadıqov məsələ ilə bağlı bəzi dairələrə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Bəzi hərbi ekspertlər isə bildirirlər ki, N.Sadıqovla nazir arasında belə problemlər bir neçə dəfə yaşanıb. Amma bu dəfə hər şey çox nümayişkaranə şəkildə baş verdiyindən Nəcməddin Sadıqov olanlarla barışmaq niyyətində deyil. Problem isə bundadır ki, son olaylarla bağlı Səfər Əbiyev siyasi dairələrdən də dəstək alıb. Məhz bu dəstəyə görə də S.Əbiyevin Nəcməddin Sadıqovla məsələni birdəfəlik bitirəcəyi gözlənilir. Bunu da qeyd edək ki, Səfər Əbiyevin nazir təyinatından sonra uzun müddət öz vəzifəsini qoruyub saxlaya bilən yeganə general Nəcməddin Sadıqov olmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?