“Onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”
“Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır. Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar”. Bunu prezident İlham Əliyev Bərdədə sakinlərlə görüşündə deyib. O bildirib ki, özü dövlət başçısı kimi təşəbbüs irəli sürüb ki, xaricdə oxumaq üçün proqram icra edilsin: “Ancaq indiki mərhələdə hesab edirəm ki, yeni bir yol, yanaşma olmalıdır. Əminəm ki, vəzifəli şəxslər bundan ibrət götürəcəklər.
Bilirsiniz, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar”.
Sorğu
Yeni dizaynımız necədir?