“Hər biriniz Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki platformasının müəyyənləşməsində iştirak edə bilərsiniz. Axı Cəmil müəllim oliqarxların yox, sizin namizəddir”. Modern.az xəbər verir ki, bu fikirləri AXCP sədri Əli Kərimli Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dəstək çağırışında bildirib.
Ə.Kərimli müraciətində Cəmil Həsənlinin seçki platformasında yer alan məsələlərə toxunub:
“Müəllimlərin, həkimlərin, orduda xidmət göstərən zabitlərin, polisin, ümumiyyətlə dövlət büdcə təşkilatlarında çalışanların əmək haqqlarını, pensiyaları, təqaüdləri, müavinətləri dəfələrlə artırmaq Cəmil müəllimin planlarına daxildir. Həmçinin dövlət ali məktəb müəssisələrində təhsili yenidən və tam olaraq pulsuz etmək, yüksək göstəriciyə malik xarici universitetlərdə oxumaq haqqı qazanmış bütün tələbələrin dövlət hesabına oxutdurulması, gənclərin mənzil probleminin həllinə ciddi təkan verəcək xüsusi ipateka proqramı, bank kreditləri üçün faizlərin aşağı salınması, qeyri-neft sektorunun real inkişafı nəticəsində gerçək və çoxlu sayda iş yerlərinin açılması da Cəmil Həsənlinin platformasında öz yerini tutacaq.
Cəmil Həsənli Qarabağın, işğal altındakı bütün torpaqlarımızın azad edilməsini, korrupsiya və inhisarçılıqla ciddi mübarizəni, insan hüquq və azadlıqlarını təmin edəcək demokratik islahatların həyata keçirilməsini, mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsini, sahibkarların fəaliyyətinə dövlətin müdaxiləsini minimuma endirməyi də özünün əsas vəzifələrindən sayır. Dostlar, siz daha hansı məsələlərin platformada əksini tapmasını istərdiniz? Təkliflərinizi burada da, Cəmil müəllimin öz səhifəsində də https://www.facebook.com/ CamilHasanli yaza bilərsiniz. Xalqın namizədinin platforması da xalqla birlikdə, sizin iştirakınızla yazılacaq”-deyə AXCP sədri qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?