İbrahim Şabanov: «Heç olmasa, bundan sonrakı pisliklərə görə mənəvi məsuliyyət daşımamaq üçün YAP-ı tərk edirəm»
2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Zaqatala rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Muxax kəndində YAP-ın seçki qərargahının sədri olmuş İbrahim Şabanov partiyadan istefa verib. Bu barədə onun özü məlumat yayıb.
Vaxtilə İlham Əliyevin “Mən bütün Azərbaycan xalqının prezidenti olacağam” sözlərinə inandığını, lakin yanıldığını deyən İbrahim Şabanov deyir ki, builki seçkidə namizədlərin imzatoplama kampaniyası zamanı ailə üzvlərilə birlikdə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə imza verdikləri üçün təzyiq və təhqirlərlə üzləşib.
“Üzvü olduğum partiyanın nizamnaməsilə fəaliyyəti tamamilə ziddiyyət təşkil edir. Partiyanın siyasətini müəyyən edən oliqarx məmurların bu siyasəti ölkənin çiçəklənməsinə yox, şəxsi mənafelərinə yönəlib. Azərbaycan günü-gündən çirkabın dərinliklərinə yuvarlanır, idarəetmə getdikcə diktaturaya çevrilir. Bütün bunlara etiraz edərək, eyni zamanda, bu addımımın Azərbaycanı idarə edənlərə siqnal olacağı ümidilə, heç olmasa, gələcəkdə baş verə biləcək pisliklərə görə mənəvi məsuliyyət daşımamaq üçün YAP-ın sıralarını tərk edirəm. Digər partiyadaşlarıma da belə addım atmağı tövsiyə edirəm. Həmçinin onları bu prezident seçkisində professor Cəmil Həsənliyə səs verməyə çağırıram”, - deyə İbrahim Şabanov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?