Hüquq mühafizə orqanlarına da müraciət olunacaq Hakim Yeni Azərbaycan Partiyası müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına deyib ki, müraciət prezidentliyə namizədlərin sentyabrın 19-da İTV-dəki debatında baş verənlərlə bağlıdır: “Biz heç kimi təhqir etməmişik, şəxsiyyətinə toxunmamışıq, şərəf və ləyaqətini alçaltmamışıq, ailə münasibətlərindən danışmamışıq, milli adət-ənənələri pozmamışıq. Bunun əksinə olaraq YAP-ın namizədi cənab İlham Əliyevə, onun səlahiyyətli nümayəndəsi Əli Əhmədova qarşı Azərbaycanın mənəvi, etik normalarından kənar, saxta və əsassız ittihamlar irəli sürülüb. Bu ittihamlar ermənipərəst və Azərbaycanı istəməyən xarici qüvvələrin hazırladığı sənədlər əsasında irəli sürülüb, böhtan atılıb. Onlar buna görə cavab verməlidirlər. YAP-ın müraciəti konstitusiyaya və Seçki Məcəlləsinə əsaslanır. MSK baş vermiş hadisəni müzakirə etməli, ona qiymət verməlidir və bizim tələbimiz bundan ibarətdir”.
Siyavuş Novruzov bildirib ki, MSK-ya müraciətlə kifayətlənməyəcəklər və hüquq mühafizə orqanlarına da müraciət edəcəklər: “Məsələ MSK-ya müraciətlə yekunlaşmayacaq. Debatda böhtan, təhqir, saxta sənədlərlə cəmiyyəti aldatma olub. Hüquq mühafizə orqanlarına da müraciət edəcəyik”.
YAP icra katibinin müavini hesab edir ki, hər bir insan debatda özünü normal aparmalı, ifadələrinə fikir verməlidir, hər şeyə diqqət yetirməlidir: “Cəmiyyət buna qiymət verir. Heç kimə yalan, böhtan səsləndirmək, kimisə təhqir etmək haqqı verilməyib”.
Sorğu
Yeni dizaynımız necədir?