Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli seçki platformasını açıqlayıb. “Media forum” saytının məlumatına görə, platformada qeyd olunur ki, dövlət hakimiyyəti yenidən qurulacaq: prezidentin icra səlahiyyətləri Nazirlər Kabinetinə veriləcək, Nazirlər Kabineti hökumət statusu daşıyacaq və tam tərkibdə parlament tərəfindən seçkilərin nəticələrinə uyğun formalaşdırılacaq.
Namizəd prezident seçiləcəyi təqdirdə yerli özünüidarə orqanlarının səlahiyyətlərini genişləndirməyi, şəhər (rayon) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin bir hissəsini mərhələlər üzrə bələdiyyələrə verməyi, kənd və qəsəbə icra nümayəndəliklərinin ləğvini, onların funksiyalarının bələdiyyələrə keçəcəyini vəd edir. Bakı və Gəncədə şəhər bələdiyyələri yaratmaq nəzərdə tutulur.
Cəmil Həsənli qeyd edir ki, son iyirmi ildə ədalətsiz mühakimə olunmuş dustaqlar üçün qızıl amnistiya veriləcək.
Platformanın iqtisadi islahatlar blokunda bildirilir ki, sosial vergilər işçilərin və sahibkarların maraqlarını balanslaşdırmaq prinsipini nəzərə almaqla müəyyənləşəcək və 18 faizdən yuxarı olmayacaq; adekvat əmlak vergisi müəyyənləşəcək, əlavə dəyər vergisi 15 faizə qədər azaldılacaq.
Namizəd gələn ildən pensiyaların orta məbləğini 260 manata qaldırmağı, 2018-ci ildə isə 632 manata çatdırılacağını vəd edir: “2015-ci ildən ölkədə minimum əməkhaqqı səviyyəsi 172 manat təyin ediləcək. 2016-cı ildə 215 manata, 2017-ci ildə 268 manata, 2018-ci ildən isə 335 manata çatdırılacaq”.
Cəmil Həsənli məcburi tibbi sığorta sistemi tətbiq etməyi nəzərdə tutur: “18 yasınadək uşaqlar, hamilə qadınlar, 57 yasından yuxarı qadınlar və 63 yasından yuxarı kişilər dövlətin hesabına tam pulsuz sığorta paketinə malik olacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?