Seçki kampaniyasında İlham Əliyev prezidentliyə digər namizədlərə nisbətən daha çox üstün vəziyyətdədir. ATƏT DTİHB-nin 9 oktyabr prezident seçkilərində müşahidə missiyasının ikinci aralıq hesabatından belə nəticəyə gəlmək olur.
Ümumilikdə, araşdırma müəllifləri hesab edirlər ki, prezidentliyə namizədlərin seçki kampaniyası siyasi platforma bazasında aparılmır, dövlət başçısı postuna iddialıların şəxsiyyəti üzərində qurulur və tutarlı debatların çatışmazlığı ilə xarakterizə olunur.
Sentyabrın 13-dən 26-dək olan dövrü əhatə edən ikinci hesabatda qeyd olunur ki, seçki kampaniyası sakit məcrada davam edib, lakin bəzi siyasətçilərin ailə üzvlərinin təhqir edilməsi ilə bağlı pisləşmə qeydə alınıb.
Seçkilərin texniki hazırlığına toxunan hesabat müəllifləri qeyd edirlər ki, MSK qanunla müəyyən edilmiş müddətə əməl edir.
Seçkilərdə 10 namizədin iştirakını qeyd edən hesabat müəllifləri diqqəti digər 4 namizədin qeydiyyatından imtina edilməsinə yönəldib. Sonuncular onların xeyrinə imzaların saxtalaşdırılması ilə bağlı “ehtimallara” görə onların qeydiyyatından imtina olunmasını əsassız hesab edirlər.
İctimai Televiziyada pulsuz təşviqatın aparılması üçün hər namizədə həftədə üç dəfə 6 dəqiqə vaxt ayrılıb. Lakin iki namizəd çıxışların “dəyirmi masa” formasında aparılmasından narazı qalıb.
Qanunvericilikdə məhdudlaşdırıcı hallar və buna əlavə olaraq təşviqatın və əks-təşviqatın aparılmaması ilə bağlı MSK-nın çağırışı media tərəfindən kampaniyanın hərtərəfli işıqlandırılması üçün imkanları azaldıb.
Eyni zamanda KİV-in monitorinqi göstərir ki, digər siyasi oyunçularla müqayisədə prezident İlham Əliyevun fəaliyyəti xəbər proqramlarında daha çox işıqlandırılır.
Prezidentin şəxsən kampaniya aparmamasına baxmayaraq, o, regionlara səfərlərini davam etdirir.
Müşahidə missiyası namizədlərin dəstəklənməsi ilə bağlı 21 təşviqat tədbirinin monitorinqini keçirib. Onlardan 17-i Azərbaycanın hazırkı prezidentinin xeyrinə olub.
YAP-ın seçkiqabağı mitinqlərində məcburi iştirakla bağlı 3 hal qeydə alınıb.
Belə ki, sentyabrın 20 və 23-də ATƏT müşahidəçiləri Qax və Şamaxı rayonlarında YAP-ın təşviqat tədbirinin iştirakçılarına görüş başa çatmadan öncə tədbiri tərk etməyə icazə verilməyib.
Mingəçevirdə tələbələr bildiriblər ki, sentyabrın 25-də müəllimlər təşviqat tədbiri başa çatmayınca onların tədbiri tərk etmələrinə imkan verməyiblər.
Digər namizədlərin təşviqatı zəif aparılır.
Bəzi namizədlər regionlarda məmurların görüşlərin keçirilməsi üçün onlara ofis və yer ayrılmasından imtina etməsindən şikayətləniblər.
Təşviqat tədbirləri üçün 152 qapalı və açıq yer ayrılıb. Bəzi namizədlər bu yerləri seçicilərlə görüşlər keçirmək üçün məqbul hesab etmirlər.
22 sentyabr mitinqindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və digər iki iştirakçı həbs olunub.
Bundan əlavə, DQMŞ-dən prezidentliyə namizədin seçki qərargahının üzvü Oqtay Gülalıyevin 16 yaşlı oğlu hücuma məruz qalıb və bədən xəsarəti alıb.
Hesabatda həmçinin DQMŞ-nin prezidentliyə namizədi Cəmil Həsənliyə MSK-nın xəbərdarlıq etməsinə diqqət cəkilir.
Əsasən qeyd olunur ki, sentyabrın 19-da teledebatlardan sonra MSK Konstitusiyanın prezidentin şərəf və ləyaqətinin təhqir olunmasını qadağan edən 106-cı maddəsinə istinadən C.Həsənliyə xəbərdarlıq edib. Həmin debatlarda hazırkı prezidentin və onun ailə üzvlərinin xaricdəki əmlakı haqqında fikirlər qızğın müzakirə olunub.
Lakin sənəddə qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, dövlət postu tutan şəxslərə diffamasiyadan xüsusi müdafiənin verilməsi ifadə azadlığının məhdudlaşdırılması sayılır.
Hesabatda həmçinin qeyd olunur ki, kommersiya şərtləri ilə siyasi reklam üçün ərizələrin qəbul müddətinin başa çatmasına istinadən Cəmil Həsənliyə pullu əsaslarla İctimai Televiziyada efir vaxtının verilməsindən imtina edilib. /Turan/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?