Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərinin rəsmi nəticələri bəllidir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun verdiyi ən son məlumata görə, ölkə üzrə 5163231 seçicidən 3720643 nəfərin səsvermədə iştirak edib. Hələlik məntəqələrin hamısından protokolları almaq mümkün olmadığından bu rəqəmin artacağı istisna deyil. Ən son rəsmi məlumata görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən, 84,59 faizlə (3118287 səs) ölkə prezidenti seçilib.
Moden.az saytı bildirir ki, ölkə qanunvericiliyinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin yekunlarına Konstitusiya Məhkəməsi nöqtə qoyur. Bu isə önümüzdəki yaxın günlər ərzində baş verməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.
Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?