Müxalifət tələsik toplantını konstitusiyasının tapdanması sayır Konstitusiya Məhkəməsi 9 oktyabr prezident seçkilərinin nəticələrinin təsdiq edilməsi məsələsini müzakirə etmək üçün oktyabrın 19-na iclas təyin edib. Bu barədə “Turan”a Konstitusiya Məhkəməsindən bildiriblər. Xatırladaq ki, MSK oktyabrın 17-də seçkilərin nəticələrinin təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edib. Öz növbəsində, Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahında KM-in qərarını “tələsik qərar” hesab edirlər. “Konstitusiya Məhkəməsi MSK-nın qərarından sonra ən azı 3 gün gözləməli idi, belə ki, bu qərardan Apelyasiya Məhkəməsinə şikayət verilə bilərdi. Konstitusiya Məhkəməsinin iclasının bu qədər tələsik keçirilməsi Azərbaycan Konstitusiyasının və qanunlarının tapdanmasıdır", deyə Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, C.Həsənlinin Seçki Qərargahının MSK-nın qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət vermək üçün şənbə gününə qədər vaxtı var idi: “Şikayət hazırlanır və onun oktyabrın 19-da təqdim edilməsi planlaşdırılırdı”. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını səsvermədən 14 gün sonra təsdiq edir. MSK-nın rəsmi məlumatlarına görə, 9 oktyabr seçkilərində İlham Əliyev səsvermədə iştirak edənlərin 84,54%-nin (3 126 113) səsini alaraq, birinci yeri tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?