Minlərlə vətəndaşı hakimiyyətə qarşı birləşdirən iki məmur; Əhmədlidəki qanunsuz tikintinin Elsevər Ağayevə məxsus olduğu təsdiqlənir; onun qardaşı Elçin Ağayev tez-tez obyektə baş çəkir, işçilərə göstərişlər verir; bu qanunsuzluğa və özbaşınalığa şəraiti isə Razim Məmmədov yaradır Xeyli müddətdir ki, “Yeni Müsavat” qəzetində Əhmədli qəsəbəsində, Ukrayna dairəsinin yaxınlığında tikilməkdə olan obyektlə bağlı silsilə yazılar dərc edilir. Bu obyektin ilk vaxtlar Paşayevlərə məxsus olduğu deyilsə də, “Yeni Müsavat”ın araşdırmaları bu məlumatın doğru olmadığını üzə çıxardı. Sən demə, bu cür informasiyaların dövriyyəyə buraxılmasını bəzi vəzifəli şəxslər bilincli şəkildə həyata keçiriblər. Onlar Paşayevlərin adından özlərinə bir “zireh” düzəldib, üstlərinə gələn ictimai basqını və qınağı dəf etmək istəyiblər. Ki, insanlar obyektin “böyük yerlərə” bağlı olduğunu düşünsün, baş verən qanunsuzluğa və barbarlığa səslərini çıxarmasınlar. Beləcə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov başda olmaqla, bir sıra vəzifəli şəxslər öz qara niyyətlərini, qanunsuz fəaliyyətlərini davam etdirsinlər. Xatırladaq ki, sentyabrın 23-də Bakıya yağan leysan yağış sözügedən obyekt üçün qazılmış özülün bir hissəsini uçurmuşdu. Uçqun olan hissədə ətraf binalara gedən yüksək gərginlikli elektrik xətləri keçirdi, o xətlər sıradan çıxarılmışdı. Nəticədə minlərlə sakin saatlarla işıqsız qalmışdı. Bu məsələdən yazan əməkdaşlarımıza sakinlər bildirmişdilər ki, obyektin Paşayevlər tərəfindən aparıldığı haqda söz-söhbət eşidiblər. Əməkdaşlarımızın bu yöndə apardıqları araşdırmalardan sonra isə ortaya daha heyrətamiz faktlar çıxdı. Ötən saylarda bu haqda ötəri yazmışıq. Yenidən, daha əhatəli şəkildə həmin faktları oxucuların diqqətinə çatdırırıq. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, obyektin Paşayevlərə heç bir dəxli olmadığı ilk təftişdən sonra ortaya çıxdı. Bu, hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səviyyəsində təkzib olundu. Özəl kanallarımızla da bu məlumatın doğru olmadığını öyrənə bildik. Paşayevlər kimi qüdrətli bir soyadın təmsilçiləri bu cür xırda işlərlə məşğul olmurlar. Paşayevlərin adına çıxılan, yaxud həqiqətən də onlara məxsus obyektlərin, tikintilərin miqyası haqda yəqin ki, Azərbaycanda məlumatı, təsəvvürü olmayan şəxs tapılmaz... İkincisi, obyektin tikildiyi ərazi nəqliyyatın intensiv hərəkət etdiyi Məhəmməd Hadi küçəsinin Ukrayna dairəsi ilə kəsişmə nöqtəsində yerləşir. Ukrayna dairəsindən "Həzi Aslanov" metro stansiyasına gedən istiqamətdə, yolun daraldığı döngənin düz iki addımlığında obyekt tikilməsi gələcəkdə o hissədə nəqliyyatın hərəkətinin tam iflic olmasına, qəzalara gətirib çıxaracaq. Xatırladaq ki, obyekt inşa olunandan sonra onun qarşısında, arxasında və yanlarında maşınların park etməsi mümkün olmayacaq. Çünki binanın qarşısı və şimal hissəsi, dediyimiz kimi, M.Hadi küçəsinə açılır. Obyektlə küçənin arası sıfır məsafə təşkil edir. Arxasından maşın yolu keçir. Cənub tərəfində isə şam və küknar ağaclarından ibarət böyük yaşıllıq zolaq var. Nəzərə alsaq ki, bina iaşə obyekti kimi fəaliyyət göstərəcək, o zaman ora gəlib-gedən maşınların sayının çox olacağı şübhəsizdir. Düzdür, özünü obyektin sahibi Natiq Heydərovun köməkçisi Məmməd Rzayev kimi təqdim edən şəxs “Yeni Müsavat”a bir neçə gün öncə bildirmişdi ki, binanın altında parkinq olacaq. Amma o parkinqə avtomobillərin necə girib-çıxacağı, bu zaman yolda hansı problemlərin yaşanacağı sualına cavab verə bilməmişdi. Üçüncüsü, obyektin qanunsuz olaraq inşa edilməsi faktıdır. Bu haqda “Yeni Müsavat”a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bir neçə gün öncə deyiblər. Qurumdan əməkdaşımıza bildirilib ki, tikinti qanunsuz aparılır, bu haqda heç bir rəyləri yoxdur. Komitənin Şəhərsalma nəzarət şöbəsinin böyük məsləhətçisi Rəhilə Cəfərova deyib ki, artıq həmin ərazidə tikintiyə baxış keçiriblər: “Sənədlərdə həmin ərazi yaşıllıq zonası kimi qeydə alınıb. Biz əraziyə baxış keçirən zaman tikinti işləri gedirdi. İlkin sənədləri görüb, layihənin rəhbəri ilə danışmaq istəsək də buna müvəffəq olmadıq. Onu da qeyd edim ki, bizə tikintinin sahibinin Natiq Heydərov deyil, Məmmədov N. adlı bir şəxs olduğunu bildirdilər. Nə tikinti aparan şəxs orda idi, nə də sənədləri bizə təqdim etmədilər”. Rəhilə Cəfərova deyib ki, həmin layihə üçün komitənin rəyi olmalıdır: “Bu da yoxdur. Nə də tikintinin müfəssəl planı mövcud deyil. Heç bir əsaslandırma olmayıb. Bu isə o deməkdir ki, tikinti qanunsuzdur. Hazırda 3 ciddi səbəbə görə o tikinti dayandırılmalıdır. Həm də ki, qanunla da bu tənzimlənir ki, tikintilər zamanı yerli sakinlərin rəyi nəzərə alınmalıdır”. R.Cəfərova deyib ki, baxış keçirən zaman onlara layihəni “Cahan” firmasının işlədiyini deyiblər. O, daha sonra əməkdaşımıza bunları bildirib: “Sənəddə göstərilən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə Xətai Rayon İcra Hakimiyyətində yerləşir. Bizim komitənin rəyi yoxdursa, o idarənin icazəsi əsassız sayılır”. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Dilxoş Nuriyev də tikinti zamanı sakinlərin rəyinin vacib olduğunu bildirib. Tikintinin də qanunsuz şəkildə, özbaşına formada aparıldığını söyləyib. Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmilərinin rəyi “Yeni Müsavat”ın ötən saylarında, təxminən 10 gün əvvəl çap olunsa da heç bir tədbir görülməyib və tikinti dayandırılmayıb. Üstəlik, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da “Yeni Müsavat”a tikintinin dayandırıldığını, araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət heyət göndərdiyini demişdi. Bu qədər reaksiyaların, etirazların olmasına baxmayaraq, heç nə olmamış kimi tikintinin davam etdirilməsi ortada ciddi rüşvət faktının olması haqda şübhələr yaradır. Bakının rəhbəri və bu işlərə birbaşa nəzarət edən, rəy verən Şəhərsalma və Arxitektura Komitəsinin iki rəsmisi sözügedən tikintinin tam qanunsuz olaraq aparıldığını deyir, lakin ortada heç bir nəticə yoxdur. Və nəhayət, bu qalmaqallı obyektin sahibləri haqda olan ziddiyyətli məlumatlardır. Bizə təqdim olunan sənədlərdə obyekt tikintisini Natiq Heydərov ad-soyadlı iş adamının apardığı göstərilir, lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilir ki, obyekt Məmmədov N. adlı şəxsə məxsusdur. Bu ziddiyyətin özü də sübut edir ki, ortada ciddi saxtalaşdırma, qanunsuzluq və özbaşınalıq var. Və bu qanunsuzluq və özbaşınalıq minlərlə sakinin, vətəndaşın həyatını çətinləşdirir, sağlamlığına ziyan vurur. Ən əsası, minlərlə vətəndaşı hakimiyyətdən, prezidentdən narazı salır. Ötən saylarda bu obyektin səhiyyə nazirinin müavini Elsevər Ağayevə məxsus olduğunu yazmışdıq. Bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin imzası ilə redaksiyaya təkzib məktubu daxil olub. Həmin məktubda adı keçən obyektin E. Ağayevə məxsus olmadığı bildirilir. Amma ortada olan fakt bunun əksini deyir. Belə ki, Elsevər Ağayevin qardaşı Elçin Ağayev günaşırı həmin obyektə baş çəkir, işlərlə maraqlanır, işçilərə göstərişlər verir. Sual yaranır, əgər bu obyekt Ağayevlərə məxsus deyilsə, o zaman nazir müavininin qardaşının o obyektdə nə işi var? Bir daha qeyd edək ki, M.Hadi küçəsində Ağayev qardaşlarına məxsus xeyli sayda başqa obyektlər də var. Hazırda da bir neçə obyekt tikilmək üzrədir. Özü də bu obyektlər yaşıllıqların məhv edilməsi hesabına aparılır. Bu qanunsuzluqda əsas məsuliyyət daşıyan məmurlardan biri də heç şübhəsiz, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdur. Məhz onun razılığı və icazəsi ilə qanunsuz tikinti aparılır. Deyilənə görə, R.Məmmədov Xətai rayonunda boş torpaq sahələrini sotla yox, kvadrat metrlə satır. Bir kvadrat metrin qiyməti yerindən asılı olaraq 2-3 min manatdır. İnanırıq ki, ölkə rəhbərliyi bu biabırçılığa, barbarlığa reaksiya verəcək, gələcəkdə yaranacaq acınacaqlı durumun qarşının indidən alınması üçün bu obyektin tikintisini dayandırmaq haqda göstəriş verəcək. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?