İlham Əliyevin üçüncü müddətə prezident kimi and içməsinin ardınca istefaya gedən Nazirlər Kabinetinin tərkibinin necə formalaşdırılacağı barədə virtualaz.org saytına bəzi detallar məlum olub.
Hakimiyyət daxilindəki bir neçə mənbədən əldə etdiyimiz məlumatlara görə, prezident hökumətin tərkibində bəzi dəyişikliklər etməyə hazırlaşır.
Doğrudur, dəyişikliklər genişmiqyaslı olmayacaq və indiki komandanın üzvlərinin böyük əksəriyyəti öz postlarında qalacaqlar. Lakin gözdən düşmüş bəzi kabinet üzvlərinin nəhayət ki, yola salınması gözlənilir.
Virtualaz.org-a məlum olub ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yeni hökumətin tərkibində yer almayacağı artıq dəqiqləşib. Ələkbərov hökumətin ən çox tənqid olunan üzvlərindən biridir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində ən çox Ələkbərovun işçilərini həbs edirdi. Korrupsiyaya dair statistikada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə dəfə “lider” olub.
Lakin Ələkbərovun mövqelərinin güclü şəkildə laxlaması bu ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlardan sonra baş verdi. Belə ki, həmin rayon Ələkbərovun kurasiyasındadır və hadisələr zamanı İsmayıllıda onun qardaşı icra hakimiyyətinin başçısı idi. Yerli əhalini qəzəbləndirən hadisənin bilavasitə səbəbkarı da Ələkbərovlar, onların İsmayıllıdakı bizneslərini idarə edən adamlar olmuşdu.
Yandırılan “Çıraq” oteli də məhz nazirin oğlu Vüqar Ələkbərova məxsus idi. Məlumatlara görə, rayon əhalisini təhqir edənlərdən biri də məhz nazirin oğlu Vüqar Ələkbərov idi.
Bu hadisələrin ardınca F.Ələkbərovun qardaşı Nizami Ələkbərov icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarıldı. Prezident İlham Əliyev çıxışlarında İsmayıllı hadisələrinə eyhamla bir neçə dəfə bildirdi ki, bəzi məmurlar və onların övladları qudurğanlıq edir, əhaliyə qarşı təhqirlərə yol verir və özlərinə dəbdəbəli ad günləri, ziyafətlər keçirirlər. Nəticədə əhalinin qəzəbinə səbəb olurlar.
Prezident belə məmurların cəzalandırılacağını çıxışlarında dəfələrlə qəti şəkildə bildirib. Bu çıxışlardan sonra hamı prezidentin işdən çıxaracağı məmurların sırasında F.Ələkbərovun lap başda yer alacağını gözləyirdi. Ancaq belə görünür ki, prezident bu qərarı seçkidən sonraya saxlayıb.
Ümumiyyətlə, dövlət başçısı gözdən düşmüş məmurların komandadan uzaqlaşdırılmasında heç vaxt tələskən taktikadan istifadə etmir və ən əlverişli məqamda bu addımı atır. Görünür, bu dəfə də belə olacaq. Vaxtilə iqtisadi inkişaf naziri Heydər Babayevin komandadan uzaqlaşdırılması da bu cür baş vermişdi. 2008-ci il prezident seçkilərindən sonra dövlət başçısı Nazirlər Kabinetinin yeni tərkibini formalaşdıranda H.Babayev hökumətdə yer almadı. Hansı ki, H.Babayevin işdən çıxarılacağı haqda xəbərlər seçkilərdən hələ çox əvvəldən dolaşırdı.
Mənbələrimiz bildirir ki, F.Ələkbərovun yerinə gənc və Qərb təhsili olan biri təyin olunacaq. Lakin potensial namizədin kimliyi haqda hələ səhih məlumat yoxdur. Bununla belə hökumətdə gənc və yaxşı təhsil görmüş kadrların irəli çəkilməsi tendensiyası Əliyevin üçüncü prezidentlik müddətində də davam edəcək.
Virtualaz.org-a o da məlum olub ki, hökumətə yenə də 78 yaşlı Artur Rəzizadə başçılıq edəcək. Doğrudur, bəzi qaynaqlar iddia edir ki, yeni hökumətdə yeni və daha gənc baş nazir ola bilər. Bununla belə Rəsizadənin baş nazir kürsüsündə bu dəfə də qalacağı haqda hakimiyyət daxilində daha inamla danışırlar. A.Rəsizadə 1996-cı ildən bəri dəyişməz baş nazirdir. Doğrudur, o, 2003-cü il prezident seçkiləri ərəfəsində bir neçə aylığa kürsüsündən bir pillə aşağı endi, ancaq seçkilərdən sonra təzədən öz yerinə qayıtdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?