Hərbi ekspert Cəsur Sümərinli müdafiə naziri Səfər Əbiyevin vəzifəsindən çıxarılmasının mümkün səbəblərindən danışıb. O, Musavat.com-a daxil olan rəyində bir neçə səbəb sadalayıb:
1. Birləşmiş Ştatlarıın Azərbaycandakı səfiri Riçard Morninqstarın səsinin gizli olaraq yazılmasının əsas məsuliyyətinin Əbiyevdə olması və bu hərəkətinə görə, okeanın o tayından Azərbaycan hökumətinə gələn narazılıqlar. Mənbənin bildirdiyinə görə, Səfər Əbiyevin bu hərəkəti ümumiyyətlə diplomatik etik qaydalara zidd olub və bütün dünyada Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı etimadsızlıq mühiti yaradıb.
2. Almaniya və Fransa müdafiə nazirliklərindən Azərbaycana hökumətinə Əbiyevin hərəkəti ilə bağlı ötürülən etiraz və həmin nazirliklərin nümayəndələrinin Azərbaycana səfərlərinin təxirə salınması;
3. NATO-nun Azərbaycan müdafiə nazirliyinin rəhbərliyinə etimadsızlıq göstərməsi və Səfər Əbiyevi oktyabrın 22-23-də Brüsseldə keçirilən üzv və tərəfdaş ölkələrin müdafiə nazirlərinin görüşünə dəvət etməməsi.
4. Səfər Əbiyevin son dövrlərdə etdiyi hərəkətlərlə bağlı Müdafiə Nazirliyinin daxilində ona qarşı etimadsızlığın yaranması, generallar arasında ciddi fikir ayrılıqlarının yaranması və s.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru olan hərbi ekspertin sözlərinə görə, Səfər Əbiyevin vəzifədən çıxarılması Azərbaycan Silahlı Qüvvələrində ciddi islahatlara başlanılması üçün ciddi imkanlar yarada bilər. Onun sözlərinə görə, bu gün Azərbaycan ordusunda rüşvətxorluq və korrupsiya tuğyan edir, maddi-texniki təminatda ciddi problemlər var, kadrların təyin olunmasında qanunsuzluq halları artıb və ən əsası qeyri-döyüş itkilərinin sayı kəskin artıb. “Bütün bunlar Azərbaycan ordusunda ciddi idarəçilik böhranının olmasından xəbər verirdi. Vəziyyət hətta idarəolunmaz hala gəlib çıxmaqda idi. İlin əvvəlindən gənclər təşkilatları, ictimaiyyət nümayəndələri aksiyalar keçirdilər və Səfər Əbiyevin bütün qeyd edilənlərə görə vəzifədən çıxarılması vacib idi. Amma İlham Əliyev gözləmə mövqeyi tutdu. Lakin Əbiyevə qarşı beynəlxalq etimadsızlıq mühitinin yaranmasından sonra prezidentin ayrı yolu qala bilməzdi”, - deyə C.Sümərinli bildirir.
Onun sözlərinə görə, vəzifəyə yenicə təyin olunmuş Zakir Həsənovun görməli olduğu işlər çoxsaylıdır. “Hərbçilərə qarşı ciddi qanunsuzluqlar baş verib. Məhkəmə qətnamələri Müdafiə Nazirliyi tərəfindən yerinə yetirilməyib. Səfər Əbiyevin nəzarətində olan qruplar hərbi ekspertlərə qarşı fiziki zorakılıq etməkdən belə çəkinməyiblər və həmin şəxslər indiyə qədər cəzalandırılmayıb. Müdafiə Nazirliyinin informasiya siyasəti sıfır vəziyyətindədir. Ümid edirəm ki, bütün bunlar diqqət mərkəzində olmalıdır”, - deyə C.Sümərinli bildirdi.
Ekspertin fikrincə, Səfər Əbiyevin fəaliyyəti, törətdiyi qanunsuzluqlar araşdırılmalı və o, cəzalandırılmalıdır. “İnanmıram ki İlham Əliyev hakimiyyəti ona qarşı hansısa tədbir görəcək, amma vəzifədə cinayət törətmiş şəxslər nə zamansa qanun qarşısında cavab verməlidirlər”, - deyə o bildirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?