Siyasi səhnədən getməkdə olan patriarxın siyasətdən kənar hobbiləri
gundemxeber.az 2013-cü ilin 16 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə tədarük hakimiyyət içində ikitirəliyə nədən olub. Baş verənlər iqtidarın parçalanmasını tam şəkildə ortaya qoyur. Əsas diqqət mərkəzində isə, son günlər mövqeləri laxlayan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Onu da qeyd edək ki, lisenziyası ləğv edilmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişin ardından Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı hücumlar artıb və hətta onun vəzifəsindən alınacağı barədə də şaiyələr yayılıb. Bir başqa qaynaqlar isə iddia edir ki, Ramiz Mehdiyev könüllü şəkildə istefa vermək fikrindədir və o, bu addımını səhhətindəki problemlərlə əlaqələndirir. Bu barədə əldə etdiyimiz məlumatlarda vurğulanır ki, hələlik Bakıda olmasına rəğmən PA rəhbəri davamlı şəkildə səhhəti ilə əlaqədar Azərbaycanı tərk etmək zorunda qalır və onun yaxın günlərdə uzunmüddətli müalicə üçün ölkədən getməsi də gözləniləndir. Yaxın gələcək üçün siyasi taleyinin necə olmasından asılı olmayaraq cənab Mehdiyev artıq yaddaşlarda kök atmış fiqurdur və hakimiyyət olimpində çox ciddi şəxslərdən olan olan Prezident Admnistrasiyasının rəhbəri ilə bağlı hər bir məqam diiqət çəkir. Bu yazımızda isə Ramiz Mehdiyevin siyasi durumu və gedişlərindən daha çox onun özəl xüsusiyyətləri ilə bağlı məsələlərdən bəhs edəcəyik. Hakimiyyətin «boz kardinal»ı olaraq tanınan akademik Ramiz Mehdiyev yaşının çox olmasına rəğmən özünün səhhətinə xüsusi diqqət yetirən biridir. Özəl yemək menyusundan tutmuş, səliqəli geyim tərzinə qədər hər şeyə diqqət yetirən PA rəhbəri bütün bunları həyat təcrübəsi nəticəsində öyrənib. Bizə çatan məlumatlardan belə aydın olur ki, uzun müddətdir dövlət vəzifələrində çalışan Mehdiyevin özəl qida rasionu var. Onun şam yediyini son 15 ildə görən olmayıb. Bitki yeməklərinə xüsusi diqqət yetirir. Xüsusən də onların zeytun yağı ilə bişirilməsini tələb edir. Ət və ət məhsullarına marağı isə həddindən artıq azdır. Zərurət olduqda isə 4 aylıq dana ətindən yararlanır. Qoyun əti isə ümumiyyətlə, qida rasionunda yoxdur. Ramiz Mehdiyevin çox maraqlı hobbiləri var. Məsələn, fəlsəfə elmləri doktoru, akademik Ramiz müəllim boş vaxtlarında kitab oxumağı çox sevir. Hətta onu tanıyanlar belə deyir ki, yaşadığı evin böyük bir hissəsini kitablar tutur. Digər bir maraqlı hobbisi isə bağçada gül əkmək və onları becərməkdən ibarətdir. Məlumatlara görə, PA rəhbəri istirahət günlərini öz əli ilə əkdiyi bağçasına qulluq etməklə keçirir. Yuxu rejimini ciddi şəkildə qorumağa çalışan sözügedən şəxs nə qədər gərgin işləsə belə 8 saatlıq yuxusundan qalmır. Onun istirahət etdiyi vaxtlarda isə ümumiyyətlə, səs olmamalıdır. Səs olan təqdirdə isə sərt bir şəkildə reaksiya verdiyini deyənlər var. Geyim məsələsinə gəldikdə isə bütün məmurlar kimi, o da bahalı kostyumlara, köynəklərə və ayaqqabılara üstünlük verir. Geyindiyi kostyumlar əsasən Türkiyə istehsalı olur. Hətta belə bir iddia da var ki, «boz kardinal»ın üstünlük verdiyi firma Türkiyənin ən məşhur firmalarından olan “Faruk Saraç” və «Aydınlı»dır. Xatırladaq ki, bu firmaların istehsal etdiyi məhsullar Avropada adladır və qiymətləri də 3000 manatdan aşağı olmur. Ramiz Mehdiyev uzunillər vəzifə başında olduğundan avtomobilə olan marağı demək olar ki, yoxdur. Elə buna görə də, avtomobillərlə çox maraqlanmır. Adətən xidməti maşından istifadə edir. Hazırda PA rəhbərinin xidmətində olan avtomobil «BMV»nin 745 modelidir. Akademikin qəribə xasiyyətlərindən biri də indinin özünə qədər həmişə üzərində nağd pul gəzdirməsidir. Bu barədə deyirlər ki, SSRİ zamanında işlədiyi vaxtlarda aldığı portmanatı həmişə cibində olur. Bir şey almaq istəyəndə də əlini cibinə salmaqdan çəkinmir. Musiqi ilə də arası yaxşı olan sözügedən şəxsin ən çox dinlədiyi mahnılar klassika olur. Azərbaycan klassiklərini də dinləməyi sevən Mehdiyevin vaxtaşırı xaricdə konsertlərə getdiyi deyilir. Ramiz Mehdiyevin ən həssas yanaşdığı şey isə qol saatıdır. Hələ gənc vaxtlarından qol saatını özəlliklə seçməyi xoşlayan Mehdiyevin hazırda da istifadə etdiyi marka İsveçrənin məşhur “Girard Perregaux” şirkətinin istehsal etdiyi “Vintage 1945 Tourbillon”dur. Bu qol saatının qiyməti isə 99 min 500 dollardır. Nəhayət, başqa məmurlardan fərqli olaraq, Mehdiyevin qəribə bir xüsusiyyəti də var. Maraqlıdır ki, PA rəhbəri heç bir vaxt yaxın qohumlarına özəl bir şərait yaratmağı sevmirdi. Yalnız ailə üzvləri üçün perspektivlər açmağa üstünlük verən «boz kardinal» son dövrlərdə yaxın çevresinin biznes qurmasına da şərait yaradıb. Ailəsinə isə çox sədaqətlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?