Avropa Parlamentinin seçkini tanımamasına cavab olaraq iqtidar AvroNest-dən imtina etdi; rəsmi Bakı köhnə qitəyə açılan qapıları bağlayır Avropa Parlamenti oktyabrın 23-də Avropa Qonşuluq Siyasəti üzrə qətnamə qəbul edib. Qətnamədə ən diqqətçəkən məqam sənədin oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkisinə aid hissəsidi. Qətnamənin bu bəndində ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinad edilib və təəssüflə bildirilib ki, Azərbaycandakı seçki növbəti dəfə beynəlxalq standartlara uyğun gəlməyib. Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti proqramında iştirak etmək üçün Azərbaycan rəsmilərinə prezident seçkisinə yönəlmiş tənqidləri nəzərdən keçirib irəli sürülən tövsiyələri reallaşdırmağı məsləhət görüb. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə, siyasi məhbusları azad etməyə çağırıb. ATƏT DTİHB, həmçinin ABŞ Dövlət Departamentinin ardınca Avropa Parlamentinin də seçkilərin beynəlxalq standartlara uyğun gəlmədiyini bəyan etməklə nəticələri şübhə altına alması Azərbaycan hakimiyyətini qəzəbləndirib. Dünəndən etibarən hakimiyyət Avropa Parlamentinə qarşı savaş elan edib.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Azadlıq” radiosuna deyib ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Bu təşkilatın yaydığı sənədlər deklarasiya xarakteri daşıyır: “Bu qurum qarşısında hansısa öhdəliyimiz olmadığına görə yaydığı fikirlər həmin təşkilatın elə özünə aid olur”.
M.Qurbanlı qeyd edib ki, Avropa Parlamenti 9 oktyabr seçkisini təşkilat olaraq rəsmi qaydada izləməyib: “Avropa Parlamentindən Azərbaycanda nümayəndələr olub, onların rəsmi açıqlamaları var. İndi isə hansısa başqa qurumun yaydığı sənədə (ATƏT missiyasından tənqidlər) istinad edilir. Belə təşkilatlarda bu cür ikili yanaşma çox görmüşük. Görünür, burda kiminsə hansısa maraqları var”.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə modern.az-a deyib ki, Avropa Parlamentinin sonuncu addımı çox qeyri-ciddi bir qərardır və bu Avropa Parlamentini də pis vəziyyətə qoyur: “Bir tərəfdən parlamentin bəzi nümayəndələri 9 oktyabrdakı seçkilərə müsbət rəy verir, digər tərəfdən isə parlament öz adından seçkiləri tanımadığını elan edir. Sual olunur: Avropa Parlamenti nə zaman səmimi idi? Bir məsələyə iki təzadlı mövqe ortaya qoymaqda məqsədləri nədir? Avropa Parlamenti üçün kimin fikri önəmlidir? Seçkini birbaşa görən, ona qiymət verən nümayəndələrinin, yoxsa Azərbaycanı ancaq xəritədə tanıyan, ölkəmiz haqqında təəssüratı müxalifət mətbuatından olan deputatların? Bir daha sübut olundu ki, bəzi siyasi qurumlar özlərini qeyri-ciddi aparırlar”.
AvroNest Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov isə Avropa Parlamentinin prezidenti Martin Şults, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon, ATƏT PA prezidenti Ranko Krivokapiç, AvroNest PA həmprezidentləri Y. Kirilov, B. Tarasyuk, Prezidentlər Konfransının və Avropa Parlamentinin üzvlərinə müraciət edib.
Müraciətdə Avropa Parlamenti Azərbaycanda gizli təxribat və iğtişaş planlaşdırmaqda ittiham edilib: “Bu gün sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlib.
Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlayıb və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərib. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişib və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar verib. Bundan sonra Yaşıllar Partiyası istisna olmaqla, Avropa Parlamentində fəaliyyət göstərən bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşıb.
Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinmiş və seçkilərin nəticələrini gözləmişdir...
ATƏT/DTHİB-in qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi var - özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək... Lakin bu güclər dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək".
E.Süleymanov sonda Azərbaycanın AvroNest PA-da fəaliyyətini dayandırdığını bəyan edib: “Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-yə istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar... Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.
Qeyd edək ki, Avropa Parlamentinin bir qrup deputatı seçkilərin müşahidəsini aparmışdılar və Bakıda keçirdikləri mətbuat konfransında seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etmişdilər.
Ekspertlər hesab edir ki, E.Süleymanovun rəsmi Bakının razılığı olmadan belə bir müraciət yayması qeyri-mümkündür. Azərbaycan iqtidarı bununla faktiki olaraq Avropaya qapılarını bağlayır. Milyonlarla manat pul xərcləyib seçkiyə çoxlu sayda avropalı müşahidəçilər gətirilməsi belə görünür ki, işə yaramayıb-maya batıb. O da sirr deyil ki, iqtidarın Avropada lobbiçilik işinin təşkili E. Süleymanova həvalə edilib. Mediada E.Süleymanovun “kürü diplomatiyası”nın əsas icraçısı olduğu barədə də indiyə qədər yazılar dərc olunub. İndi belə məlum olur ki, “kürü diplomatiyası” iflasa uğrayıb. E.Süleymanov hazırda Bilgəh qəsəbəsindəki bağ evindədir və xəstədir, ambulator müalicə alır. Bu məlumatı isə minval.az saytına ötürən mənbə bildirib ki, hazırda E.Süleymanov Avropa üst qurumlarıyla mübarizə aparacaq, böyük-böyük məqalələr yazacaq, müsahibə verəcək durumda deyil.
Azərbaycan müxalifəti isə Avropa Parlamentinin Qarabağla və seçkilərlə bağlı qətnaməsini ədalətin təcəssümü hesab edir.
Prezident seçkisində iqtidarın əsas rəqibi olmuş Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bildirdi ki, Avropanın seçki tarixində hələ elə bir hal olmayıb ki, Avropa Parlamentinin rəyi ilə ATƏT DTİHB-in rəyi arasında fərqlilik yaransın: “Bu, birinci dəfə Azərbaycanda 9 oktyabr prezident seçkisində müşahidə olundu. Eyni zamanda Avropa Parlamentinin müşahidə aparmış missiyasına şübhələr də yaratmışdı. Biz gözləmirdik ki, Avropa Parlamentinin müşahidə missiyası saxta seçkiləri azad seçkilər adlandırsın. Bu müşahidə missiyası özün ifşa etdi, öz qərarına etimadsızlıq yaratdı. Ona görə də Avropa Parlamenti kimi nüfuzlu bir qurum bu məsələni yenidən müzakirəyə çıxardı və öz mövqeyini qətnamə vasitəsilə elan etdi. Bu, ədalətli rəydir. Avropa Parlamenti öz nüfuzunu qorudu. O, AŞ PA-nın Azərbaycanda müşahidə missiyası aparan bəzi deputatları kimi nüfuzdan düşməmək üçün düzgün addım atdı. Əslində Azərbaycanda tələsik inauqurasiya mərasiminin keçirilməsi də bununla bağlı idi ki, demokratik təsisatlar Azərbaycandakı seçkilərlə bağlı öz sözünü deməliydi, qeyri-legitimlik tendensiyası artmalıydı”.
C.Həsənli onu da dedi ki, belə bir qətnamənin qəbulunda onun seçkidən az sonra Avropaya səfəri zamanı keçirdiyi görüşlərin də müəyyən təsiri var, amma qərar qəbul eləmək qurumun öz səlahiyyətidir: “Mən orada seçkinin gerçək mənzərəsini ortaya qoymuşdum. Onların özlərinin də Azərbaycandakı seçkilər haqqında müfəssəl məlumatı var idi. Sadəcə olaraq, onlar Avropa Parlamentinin müşahidə missiyasının saxtakarlıqla keçən seçkiyə müsbət rəy verməsindən mütəəssir olmuşdular. Onlar mən orada ikən həmin müşahidə missiyasının necə formalaşması, həmin adamların müşahidə missiyasına necə düşməsi barədə müvafiq sorğular verdilər. Məsul şəxsləri çağırıb bizim yanımızda onlardan bu barədə soruşdular”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirdi ki, Avropa Parlamentinin saxta seçkilərə bu cür münasibət göstərəcəyi gözlənilən idi. Çünki Avropa Parlamenti bir qayda olaraq belə məsələlərə ciddi və məsuliyyətli yanaşır: “Sadəcə olaraq, seçkidə Avropa Parlamenti adına bura gələn bir neçə deputatın qeyri-ciddi, məsuliyyətsiz davranışı təəccüb doğurmuşdu, suallar yaratmışdı. Hakimiyyət həmin deputatların açıqlamalarından gen-bol istifadə edirdi. Amma həm mənim seçkidən az öncə Belçikaya səfərim, həm də Cəmil Həsənlinin seçkidən sonra Avropaya səfərində bu məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılmışdı və Avropa Parlamentinin prinsipial mövqeyi kifayət qədər bizə bəlli idi. Bu baxımdan çox obyektiv və prinsipial qətnamədir. Qətnamədə belə bir maraqlı cümlə var ki, hakimiyyətdən tələb olunur ki, demokratik müxalifəti, jurnalistləri, vətəndaş cəmiyyəti nümayəndələrini rahat buraxsın. Yəni ilk dəfədir ki, rəsmi sənəddə bu cür çağırış səslənir. Çox ciddi yanaşmadır. Avropa Parlamenti Ermənistanla Azərbaycan arasında konfliktə də münasibət bildirib və birmənalı şəkildə Ermənistanın işğala son qoyması, işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxması tələb edilib. Bununla da həm həqiqəti söyləmiş olublar, həm də Azərbaycan hakimiyyətinin ənənəvi bir bəhanəsini əlindən alıblar. Ona görə də hakimiyyət təmsilçiləri bu dəfə Avropa Parlamentini ermənilərin sifarişi ilə qətnamə qəbul etməkdə suçlaya bilmədilər. Bu dəfə Avropanı Azərbaycanda qarışıqlıq salmaqda ittiham etdilər. Bu, çox qeyri-ciddi yanaşmadır”.
Politoloq Qabil Hüseynli isə Azərbaycanın AvroNest PA-da fəaliyyətinin dayandırılmasının tələsik addım olduğunu deyib: “Tələsik qərarların qəbul edilməsinin Azərbaycanın Qərblə münasibətlərinə zərər vura biləcəyi qənaətindəyəm. Ona görə də düşünürəm ki, belə bir addımı atmamaq lazım idi”.
Hakimiyyətin Avropa Parlamentinin qətnaməsinə belə bir reaksiya verməsi və Azərbaycanın AvroNest-də fəaliyyətini dayandırdığının bəyan edilməsini ekspertlər iqtidarın Avropa ilə açıq savaşa getməsi kimi qiymətləndirirlər. Onların fikirincə, seçkinin nəticələri ilə bağlı ABŞ, Britaniya kimi ölkələrlə, ATƏT-lə münasibətləri “Soyuq savaş” halında olan hakimiyyətin Avropa Parlamentinə qarşı da cəbhə açması heç də xoşagələn perspektiv vəd etmir.
Proseslərin bu istiqamətdə inkişafı Azərbaycanın Avropa ilə qapıları bağlamasına və ölkə üçün çox ziyanlı olan bir istiqamətə üz tutmasına səbəb ola bilər. Azərbaycanı Avrasiya Gömrük İttifaqına qoşmaq üçün marığa yatan Rusiya üçünsə vəziyyətin bu həddə gəlib çatması göydəndüşmə bir fürsət olar. Amerika və Avropa ilə münasibətləri kəskinləşən Azərbaycan Rusiya qarşısında çox zəif bir duruma düşə bilər və heç şübhəsiz ki, Kreml bu fürsətdən yararlanaraq rəsmi Bakıya istədiyi şərtləri diqtə etməyə çalışacaq. Bu isə Azərbaycanın başını növbəti bəlalara soxa və ölkənin müstəqilliyini ciddi təhdid edə bilər.
Onu da qeyd edək ki, sözügedən qətnamənin 16-cı paraqrafında həmçinin Avropa Parlamenti tərəfindən «şərq tərəfdaşlığı» proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin «şərq tərəfdaşlığı»nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb. Eləcə də bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
AP tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib.
Sorğu
Yeni dizaynımız necədir?