Ölkənin yenidən nüfuz dairələrinə bölüşdürülməsi başlayır
“Uzun illər eyni rayonlara cavabdeh olan məmur-kuratorların yerlərinin dəyişdirilməsi qərara alınıb; Prezident Administrasiyasının təhkimçilərə tətbiq etdiyi rotasiya üsulu indi onlara da şamil edilir, artıq prosesə start verilib; bir çox yüksək vəzifəlilərin əyalətlərdəki biznes şəbəkəsi təhlükədə
Yaxın vaxtlarda həm hakimiyyət daxilində, həm də ölkə üzrə böyük dəyişikliklərə səbəb olacaq hadisələr baş verəcək. Bu barədə əldə etdiyimiz məlumata əsasən onu deyə bilərik ki, hakimiyyətin ən üst düzəyi tərəfindən atılacaq bu addım iqtidar daxilində uzun illərdən bəri mövcud olan bir sıra yazılmamış qaydaları ciddi şəkildə dəyişdirəcək.
“Yeni Müsavat”a çatan bilgilərə görə, siyasi hakimiyyət neçə illərdir rayonlara kuratorluq edən və media tərəfindən “qubernatorlar” kimi təqdim edilən vəzifəli məmurların nəzarət etdiyi bölgələrdə yerdəyişmələr edəcək. Bu barədə gələn xəbərlərdə iddia olunur ki, hakimiyyətin bu addıma getməsinin bir çox ciddi səbəbləri var. Xəbərə əsasən, xüsusən də prezident seçkiləri ərəfəsində bölgələrdə iş aparan hakimiyyət nümayəndələri və iqtidarın seçki kampaniyasına kömək üçün Azərbaycana gəlmiş texnoloqlar ümumilikdə hakimiyyətin ziyanına olan bir sıra problemlər aşkarlayıblar. Eyni zamanda müxtəlif bölgələrin qubernatorlarının seçkilərlə bağlı lazımi iş aparmadıqları, rayonlarda onlara bağlı qüvvələrdə çox ciddi arxayınçılıq olduğu üzə çıxıb. Məlum olub ki, bölgələrdə yüksək vəzifə tutan şəxslər mərkəzi icra hakimiyyətindən daha çox həmin rayonlar üzrə kuratorlara bağlıdırlar və onları daha yüksək avtoritet bilir, yerlərdə onların böyük bizneslərini idarə edirlər. Bu qubernatorların çoxu isə nazirlər, komitə sədrləri, müxtəlif dövlət qurumlarının rəhbərləridir. Bundan başqa, Prezident Administrasiyasında rəhbər vəzifə tutan və parlament rəhbərliyində təmsil olunan bəzi şəxslərin də məsul olduqları rayonlar var. Bunlar hamısı qeyri-rəsmi statuslardı və bölgüyə əsasən müxtəlif rayonlar üzrə müxtəlif məmurlar cavabdehdirlər.
Prezident Administrasiyasına isə rayonlar üzrə rəsmən kurator qismində təhkimçilər var. Bu təhkimçilər əsasən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin və ərazi idarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarıdır. Onların hər biri ayrı-ayrı bölgələr üzrə altı rayona təhkimdirlər və Prezident Administrasiyası üçün hesabat xarakterli məlumatlar hazırlayırlar. PA-nın təhkimçilərinin yerləri ildə iki dəfə dəyişdirilir. Məlumatda PA təhkimçilərinin də administrasiya rəhbərliyinə təqdim etdikləri hesabatlarda bir sıra rayonlarda kuratorların özlərinin və onların yerlərdəki adamlarının fəaliyyətləri ilə bağlı problemlərin olduğu göstərilib. Eyni zamanda müxtəlif nazirlərin, komitə sədrlərinin, fond rəhbərlərinin də bölgələrdə əhali ilə keçirdikləri səyyar görüşlərin nəticələri olaraq rayonların kurasiyasında ya boşluqların olması, ya da artıq məsul olduqları rayonlarda yerlərini tam möhkəmlədən qubernatorların daha çox özləri üçün işlədikləri üzə çıxıb. Bir neçə istiqamətdən PA-ya çatan məlumatlar əsasında müəyyən edilib ki, özlərini cavabdeh olduqları bölgələrin ömürlük və şəriksiz sahibi hesab edən məmurlar həmin rayonlarda böyük biznes şəbəkəsi qurublar və faktiki olaraq özlərinə kiçik paytaxtlar salıblar. Eyni zamanda o da bəlli olub ki, bəzi məmurlar cavabdeh olduqları rayonları özlərinin xüsusi mülkiyyəti bilməklə yanaşı xeyli işlər də görüblər. Həmin rayonların abadlaşdırılmasına, turizm bölgəsinə çevrilməsinə, iş yerlərinin açılmasına xeyli para qoyublar. Amma onların sayı o qədər də çox deyil. Əksər qubernatorlar isə məsul olduqları rayonlarda yalnız özlərinə gün ağlayırlar, onlara bağlı yerli məmurların rüşvətxorluğuna, korrupsiya əməllərinə, əhali ilə qeyri-insani davranışlarına, rayonları çapıb talamalarına göz yumurlar, bir çox hallarda isə onlara dəstək verirlər. Bütün bunlar isə son nəticədə əhalinin hakimiyyətdən narazılığına gətirib çıxarır. İndiyədək bir neçə rayonda baş verən olaylar göstərir ki, rayonların idarə olunması elə bir vəziyyətdədir ki, insanlar hər an heç kimin gözləmədiyi hərəkətlərə yol verə bilərlər, qığılcımdan çoxlarını yandıran böyük alov yaranar. Buna görə də hakimiyyət daxilində nə qədər narazılığa səbəb olsa və məmurların ən həssas yeri olan bölgələrdəki böyük bizneslərinə təhlükə yaratması səbəbindən onları rəhbərlikdən incik salsa da, mərkəzi hakimiyyət indiki halda kuratorların dəyişdirilməsini daha məqsədəuyğun sayır. Çünki kuratorların cavabdeh olduqları rayonların rəhbərləri birbaşa onlarla işləyir, “alış-verişlərini” onlarla edirlər və hər şeyi əsasən qubernatorlarla razılaşdırılar. Bu isə istər-istəməz hakimiyyətin icra strukturunda ciddi narazılığa səbəb olur. Həmçinin eyni simaların uzun illər rayonlarda ağalıq etməsi, xalqın gözü qarşısında rayonları faktiki olaraq zəbt etmələri yerli əhalidə bərk qəzəb yaradır. Hakimiyyət kuratorların yerini dəyişməklə həm də yerlərdə bir dəyişiklik görüntüsü yaratmaq, həmçinin zəngin məmurların cavabdeh olacaqları yeni rayonlara da para yatırmalarını istəyir. Buna görə də Prezident Administrasiyasının rayonlar üzrə təhkimçilər arasında tətbiq etdiyi rotasiya qaydasının bir qədər fərqli formada və fərqli müddət üzrə məmur-qubernatorlara da tətbiq edilməsi qərara alınıb. İqtidarda təmsil olunan və atılacaq addımlar barədə məlumatlı olan şəxslər baş verənləri obrazlı olaraq hakimiyyət daxilində ölkənin yenidən bölüşdürülməsi kimi qiymətləndirirlər. Əldə etdiyimiz məlumatlarda artıq bir neçə rayonun kuratorunun faktiki olaraq dəyişdirildiyi bildirilir. Xəbərə görə, indilik beş rayon iki nazirin kurasiyasından çıxarılıb. Artıq ilkin addımları atılan bu dəyişikliklərdən ən çox narahat olanlar isə kuratorlarla yanaşı, həm də icra başçılarıdır. Onlar kimləri kurasiyasına keçəcəkləri və yeni sahibləri ilə necə dil tapacaqları haqda fikirləşirlər.
Bütün bunlar barədə qəzetimizə danışan mənbələr bu yöndə baş verən və bundan sonra baş verəcək prosesləri hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslər üçün çox ciddi zərbə sayırlar və onlarda olan məlumata görə, məmurların əksəriyyəti müxtəlif arqumentlərlə buna dirəniş göstərməyə çalışırlar. Amma məlumatlar göstərir ki, artıq qərar verilib və bir neçə nazir istisna olmaqla, hakimiyyət bölgə qubernatorlarını dəyişdirəcək, bəzi rayonlar isə yeni şəxslərə həvalə olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?