AZAL-ın fəaliyyətinə dair ziddiyyətli rəqəmlər: sərnişindaşıma artıb, lakin konsern ziyanla işləyir və təyyarəçilərin maaşlarını azaldır
Azərbaycanın hava nəqliyyatında sərnişin daşımaları artsa da yerli aviaşirkətlərin ziyanı 1999-cu ildən 500 milyon manata çatıb.
Virtualaz.org saytı contact.az-a istinadən xəbər verir ki, aviaşirkətlərin ziyanla işləməyə başlaması 1999-cu ildən başlayıb. Rəsmi məlumata görə, 1996-1998-ci illərdə aviaşirkətlər çox mənfəətlə işləyib.
Bu ilin I yarısında sərnişin daşımaları üzrə ziyan 16 milyon manata çatıb. Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. “Azerbaijan Airlines” daşımalarda 99 faiz paya malikdir. Müvafiq olaraq ziyan da bu aviaşirkətindir. AZAL-ın rəhbəri 1996-cı ildən Cahangir Əsgərovdur.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yerli aviaşirkətlərdən (AZAL, “Turan Air” və “Silk Way Business Aviation”) istifadə edən sərnişin sayı 2009-cu ildən artmağa başlayıb. 2012-ci ilin yekunu üçün sərnişin daşımalarının həcmi 1,6 milyon nəfərə (2009-cu ildəkindən 560 min nəfər çox) çatıb.
Amma aviaşirkətlər ziyana düşüb: əgər 2009-cu ildə aviaşirkətlərin itkisi 98,8 milyon manat idisə, 2012-ci ildə 33,2 milyon manat olub.
Bilet satışından gəlirlər az olmayıb: beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat əldə edilib. Sərnişinlərin çoxu beynəlxalq xətlərlə uçur.
Məsələn, bu ilin I yarısında, DSK-ya görə, 744,6 min sərnişin beynəlxalq xətlərlə uçub. Bu, ötən ilin eyni dövründəkindən 10,5 faiz çoxdur. MDB şəhərlərinə I yarımildə 3,1 min sərnişin uçması barədə informasiya şübhə doğurur. AZAL təkcə Moskvaya hər gün uçuş həyata keçirir.
Statistik məlumata görə, bu ilin 9 ayında hava gəmiləri ilə 1 280,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 4,3 faiz çoxdur.
Azərbaycan aviaşirkətləri maliyyə hesabatlarını açıqlamır. “Azerbaijan Airlines” QSC qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatını auditlə birgə açıqlamalıdır. Bəlkə bu sənəd məsələyə aydınlıq gətirərdi.
Müqayisə üçün deyək ki, 1998-ci ildə 833 min sərnişin daşınıb, aviaşirkətlərimiz 40,3 milyon manat gəlir əldə edib. Onların balans mənfəəti 26,7 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin digər məlumatlarına görə, bu ilin sentyabr-oktyabr aylarından etibarən hava nəqliyyatında işləyənlərin əmək haqlarında da azalma başlayıb. Ötən il hava nəqliyyatında işləyənlərin orta aylıq qazancı 985 manat idisə son aylar bu rəqəm 819.7 manata enib.
Bəs AZAL-ın təyyarə parkını yeniləmək üçün milyardlarla manat dövlət vəsaitinin sərf olunduğu, yeni hava limanlarının tikintisinə iri həcmdə investisiyaların yatırıldığı və müntəzəm reyslərin sayının xeyli artdığı bir vaxtda AZAL niyə ziyanla işləyir? Yaxud bu “ziyan” ancaq kağız üzərindədir?
Sorğu
Yeni dizaynımız necədir?