Qəzetimiz ağır maliyyə böhranı ilə üz-üzə; satış qadağası çapımızın dayanması ilə nəticələnə bilər Hakimiyyətin müstəqil mətbuatı susdurması və tamamilə sıradan çıxartmaq yönündəki fəaliyyəti artan templə davam etməkdədir.Məlum olduğu kimi, artıq bir aya yaxındır ki, bir neçə mətbu orqanın, o cümlədən “Gündəm xəbər” qəzetinin yayımına və satışına qadağa qoyulub.Əldəyayım sektoru demək olar ki, sıradan çıxarılıb, bu azmış kimi indi də metro keçidlərində qəzetimizin satışı yasaqlanıb. Xatırladaq ki, “Gündəm xəbər” qəzeti bütün bunlara etiraz əlaməti olaraq Bakı Metropoliten İdarəsinin inzibati binası qarşısında etiraz aksiyası da keçirdi.Televiziya və qəzetlərin geniş işıqlandırdığı həmin aksiyada biz müvafiq orqanlara müraciət edərək qəzetimizə qarşı təzyiqlərə son qoyulmasını tələb etmişdik.Amma ötən müddət ərzində təzyiqlər nəinki səngiməyib əksinə, bizə baş verənlərlə bağlı heç bir rəsmi açıqlama da verilməyib.Əldə etdiyimiz məlumata görə, artıq bütün qəzet satışı nöqtələrinə qəzetlərin satılmaması ilə bağlı şifahi əmr verilib.Bu isə onsuz da acınacaqlı olan durumumuzu bir qədər də ağırlaşdırıb.Artıq “Gündəm xəbər” qəzeti olaraq mətbəə xərclərini və kollektivin əmək haqqlarını ödəməkdə ciddi sıxıntılar yaşayırıq. Qeyd edək ki, “Gündəm xəbər” qəzeti heç bir əsas olmadan 71.428 (yetmiş bir min dörd yüz iyirmi səkkiz) manat məbləğində cərimələnib.Sifarişli məhkəmə qararları sayəsində isə qəzetimizə ümumilikdə 76.428 min manat cərimə kəsilib.Bir tərəfdən də indi satışımıza qoyulan qadağa artıq bizim bir qəzet olaraq ayaqda durmağımızı mümkünsüz edir.Hətta qəzetin fəaliyyətini tam olaraq dayandırmaq haqda da müzakirələr aparırıq.Əgər yaxın günlərdə hansısa çıxış yolu tapmasaq “Gündəm xəbər”in çapını dayandırmaqdan başqa yolumuz qalmayacaq. Odur ki, son çarə kimi oxucularımıza müraciət edərək, hər zaman olduğu kimi bu dəfə də sevimli qəzetlərinə dəstək olmalarını çağırış edirik.Onlardan istəyimiz isə “Gündəm xəbər”ə abunə yazılmaqla qəzetimizin bundan sonar da yaşamasına dəstəkçi olmalarıdır.Oxucularımıza güvənir və onların bu dar məqamda “Gündəm xəbər”ə yardımçı olacağına inanırıq. Qəzetimizə abunə yazılmaq üçün aşağıdakı telefon nömrələrinə zəng etməyiniz kifayətdir: (012) 440 46 75 – “Azərmətbuatyayımı” ASC (012) 493 23 19 – “Qasid” ASC (012) 465 67 13 – “Qaya” MMC (012) 434 01 33 – “Metro – Servis” MMC (012) 596 22 97 – “Səma-M” MMC “Gündəm xəbər”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?