Vaxtilə AMİP-in maliyyələşməsində iştirak edən, 2000-ci il parlament seçkilərində bu partiyanın proporsional seçki siyahısında ikinci şəxs olan Vaqif Musayevin həbsi yenidən diqqəti Milli İstiqlal Partiyasına çəkib.
Son zamanlar bu partiyanın fəaliyyətində zəifləmə müşahidə edilsə də, vaxtilə onun rəhbərliyində təmsil olunan şəxslərin hazırda nə işlə məşğul olmaları olduqca maraqlıdır. Qeyd edək ki, AMİP-də ən nüfuzlu şəxslərdən biri də Nazim İmanov olub.
Virtualaz.org teleqraf.com-a istinadən bildirir ki, indi soyadını dəyişərək Müzəffərli edən məşhur Nazim İmanovun hazırda Yunayted Kredit Bankında işlədiyinə dair xəbərlər dolaşır. Onun həmçinin bizneslə məşğul olduğu deyilir. Konkret olaraq biznesinin nədən ibarət olduğu isə bəlli deyil.
Bundan başqa, Nazim İmanov həmçinin "Qafqaz və Qloballaşma" adında jurnalın baş redaktorudur. Ancaq orada adı Nazim Müzəffərli kimi keçdiyindən diqqəti cəlb etməyib.
Maraqlı məqam odur ki, cənab Müzəffərli mətbuata danışmağa meyl etməsə də, müəyyən tədbirlərdə görünür. Məsələn, araşdırmalar göstərir ki, iqtisadi elmlər doktoru, professor İmanov bu il iyulun 28-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi beynəlxalq konfransda çıxış edib.
Dünən saytın əməkdaşı Nazim İmanovu arayıb onunla danışmaq istəyib. Bir zamanlar hətta jurnalistlərin dostu mükafatına layiq görülən İmanov müxbirlə salamlaşsa da, müsahibə vermək niyyətində olmadığını deyib: "Danışmaq istəmirəm".
Sorğu
Yeni dizaynımız necədir?