Rusiya mənbələri evindən yarım milyard dollarlıq təmiz heroin tapılan keçmiş bakılı KVN-çinin adını redaktə edib.
Virtualaz.org saytı xəbər verir ki, bundan əvvəl Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin direktoru, general Viktor İvanov həmin şəxsin adının “İldar Nurimanov” olduğunu açıqlamışdı. Bildirilirdi ki, Əfqanıstandan gətirilən 174 kiloqram təmiz heroin onun Moskva ətarfındakı Domodedovo rayonundakı villasında tapılıb. Əməliyyat zamanı villanın mühafizəçiləri də daxil olmaqla narkobandanın 6 üzvü tutulub.
Lakin belə görünür ki, Rusiya KİV-ləri Viktor İvanovun bəyanatını yayarkən tələskənliyə və səhvə yol veriblər. Çünki yeni məlumatlarda evindən 500 milyon dollarlıq heroin tapılan azərbaycanlının adının İlqar Nazim oğlu İmanov olduğu göstərilir.
Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin Moskva vilayəti üzrə idarəsinin rəisi Vasili Yurçenko bildirib ki, o, kifayət qədər parlaq şəxsdir: “Mən hesab edirəm ki, o, parlaq şəxsiyyətdir. Hazırda o, banklardan birinin təsisçisidir, həmçinin ərzaq mallarının paylanması işi ilə məşğul olan ASC-lərdən biri onun adınadır”.
Narkotikin tapıldığı villa 17 sot torpaq sahəsində yerləşir və üçmərtəbəli malikanədən, mühafizəçilər üçün ikimərtəbəli evdən ibarətdir. Heroin də məhz mühafizəçilər üçün nəzərdə tutulan evdə tapılıb.
“Hazırda müəyyən etmək çətindir ki, İmanovun bu narkotiklə nə dərəcədə bağlılığı var. Lakin həmin mühafizəçiləri o, işə götürüb. Qonşuların dediyinə görə, mühafizəçilər iki ilə yaxındır evi mühafizə edir” - Yurçenko əlavə edib.
O, qeyd edib ki, bu il oktyabrın 18-də İmanov özünə 100 min dollara “Audi Q7” krossoveri alıb.
Virtualaz.org saytı yenidən “Parni iz Baku”nun üzvləri ilə əlaqə saxlamağa və bu dəfə İlqar Nazim oğlu İmanov adlı şəxsi tanıyıb-tanımadıqlarını dəqiqləşdirməyə çalışıb. Qeyd edək ki, komandanın iki məşhur üzvü - Cabir və Tahir İmanovlar da bu familiyanı daşıyır.
KVN-çi Tahir İmanov virtualaz.org saytının onların komandasında İlqar İmanov adlı birinin olub-olmaması haqda sualını mənfi cavablandırdı.
T.İmanov dedi ki, KVN komandasında İlqar İmanov adlı şəxs olmayıb: "Ümumiyyətlə, KVN-in adının belə məsələlərdə hallandırılmasından təəssüf edir və bunu pisləyirik. Bu, bizim komandanın adına ləkə gətirir".
Sorğu
Yeni dizaynımız necədir?