Əmək və Əhalinin Soasial Müdafiəsi nazirini “Azəri- Trans” tikinti şirkəti ilə nə birləşdirir?
gundemxeber.az Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun tikinti maxanasiyalari barədə çox saylı məlumatlar yayılır. Belə ki o, rəhbəri olduğu nazirliyin xətti ilə tikinti işləri üçün ayrılan maliyyə vəsaitinin müxətlif formalarda özünə münasib şirkətlər vasitəsilə mənimsəyir. Redaksiyamıza bu barədə çox ilginc məlumatlar daxil olub. Bizə daxil olan məlumatlara görə, sözü gedən nazirlik tərəfindən Bakıda Montində Gözdən Əlillər üçün 12 mərtəbəli yaşayış binası inşa olunur. Hər mərtəbəsi üçün 620 min manat olmaqla binanın ümumi tikintisi üçün 7, 5 milyon manat vəsait ayrılıb. Çox maraqlıdır ki, binanın tikintisi Qax- Zaqatala zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün sözü gedən bölgədə işləyən “Azəri- Trans” tikinti şirkətinə həvalə edilib. Burda ortaya maraqlı sual çıxır; zəlzələ bölgəsində, eləcə də Bakı daxil olmaqla ölkənin müxtəlif bölgələrində geniş tikinti işləri ilə məşğul olan, yükü həddən ziyadə olan Azəri- Trans şirkətini Fizuli Ələkbərov Gözdən Əlillər üçün binanın tikintisinə niyə tapşırıb? Bəyəm Ələkbərova bina tikmək, inşat işlərini aparmaq üçün şirkətmi azlıq edirdi? Sualın cavabına keçməmişdən öncə “Azəri- Trans” MMC- nin qaranlıq fəaliyyəti, bağlantıları, idarəetmə prinsipləri ilə bağlı bəzi məsələlərə diqqət yetirək. “Azəri- Tarns” şirkəti haqqında nə bilirik? Və ya işçi heyəti keçmiş polislər və sərhdəçilər olan ailə podrat təşkilatı... Son zamanalr ölkədə həyata keçirilən iri tikinti işlərində öndə gedən şirkətlərdən biri də “Azəri Trans” MMC- dir. Şirkətin hakimiyyətə yaxın şəxslər tərəfindən yaradıldığı və bəzi dairələr üçün “kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə tikinti işlərindən tamamilə kənar olan Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan bu vəzifəyə gətirilib. Yeri gəlmişkən qeyd edək ki, şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev bu yaxınlarda Sərhəd Qoşunları Xidmətində sıravi gizir rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş “Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə quda olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Nizami Sadıqovun digər qohumları da “Azəri Trans” MMC- də yüksək vəzifə tuturlar. Göründüyü kimi yüksək dairələrin himayə etdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub.
Füzuli Ələkbərov Kəmaləddin Heydərovdan necə bəhrələnir?
Apardığımız araşdırmalara görə hazırda 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı aparılan tikinti işlərinin böyük bir hissəsi məhz “Azəri- Trans” şirkəti tərəfindən həyata keçirilir. Əldə etdiyimiz məlumata görə zəlzələ ilə bağlı son 7 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, bu şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil. Halbu ki, Zaqatala bölgəsində görülməsi nəzərdə tutulan işlərin böyük həcmi məhz bu şirkətə həvalə olunub. Təkcə Zaqatalada bu şirkət indiyə kimi 800- dən artıq ev tikməli idi. Hazırda böyük vəsaitlərin ayrılmasına baxmayaraq bu şirkət Zaqatalanın Qımır Bazar kəndində 247, Sumalı kəndində 40, Faldarlı kəndində 38, Qondarda kəndində 39, Dardoqqaz kəndində 11 ev və s. tikib istifadəyə verməli idi. Amma görünən odur ki, adı çəkilən kəndlərdə nəzərdə tutulan evlər tikilib istifadəyə verilməyib. Hazırda “”zəlzələ qurbanları”- nın böyük əksəriyyəti məhz bu şirkətin səhlənkarlığı və maliyyə maxinasiları üznüdən hazırda qışı çadırlarda, dəmir vaqonlarda və tövlələrdə keçirirlər. Baxmayaraq ki, evlərin tikilməsi üçün fantastik həcmdə vəsait ayrılıb. Verilən məlumata görə Nizami Sadıqov xərclədiyi vəsait və gördüyü işlərlə bağlı kimsəyə nəinki hesabat, heç məlumat da vermir. Soruşanlara isə qəribə cavab verir; “Siz bilmirsiniz bu şirkət Kəmaləddinin şirkətidir. Biz kimsəyə nə vergi veririk, nə də hesabat. Nəyi necə etməyi özümüz bilərik, gedin işinizlə məşğul olun”. Əslən Gürcüstanın Marneul rayonundan olan Nizami Sadıqov da öz qohum əqrabasını ətrafına toplayaraq dövlət vəsaitini istədiyi kimi xərcləyir. Özü isə Bakıda yüksək dövlət məmuru tərəfindən tikilib ona hədiyyə olunan şəxsi ofisdə oturur. Əldə etdiyimiz məlumata görə həmin binanın tikilməsində FHN- nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun böyük payı var. Başqa bir məlumatda isə “İpək yolu” restoranının arxasında 6 mərtəbəli ofis- binasının “Azəri- Trans” MMC- yə məhz Cəbrayıl Xanlarov tərəfindən hədiyyə edildiyi, eyni zamanda bu binanın Qax- Zaqatalaya ayrılan “zəlzələ pulu” ilə tikildiyi bildirilir. Maraqlı məqamlardan biri sözü gedən şirkətin Cəbrayıl Xanlarovun əli ilə FHN- ə aid dövlət layihələrində həyata keçirdiyi maliyyə maxinasiyalarına indiyə qədər Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun göz yummasıdır... “Azəri- Trans” MMC- nin zəlzələ ilə bağlı ayırılan pulların təyinatından kənar xərcləmələr siyahısı uzundur. Bakıda Gənclikdə 5 saylı Xəstəxana ilə üzbəüz FHN üçün tikilən 9 mərtəbəli bina da zəlzələ pulu ilə tikilir və həmin binanın tikintisi zamanı onlarla ailə “Azəri Trans” MMC tərəfindən ədalətli kompensasiya ödənilməyərək zorla evlərindən çıxarılıb. “Azəri- Trans” MMC Bakı daxil olmaqla ölkənin müxtəlif bölgələrində çoxlu sayda inşaat işləri həyata keçirir və şirkət çirkli pulların yuyulmasında ixtisaslaşmış qurum kimi tanınıb. Yazının əvvəlinə qayıdıb yenə bir suala cavab axtarırıq; Fizuli Ələkbərovu “Azəri- Trans” MMC ilə nə birləşdirir? Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, yuxarıda qeyd olunduğu kimi hakimiyyətin yuxarı eşalonunda himayə olunan, vəzifəsi bir başa çirkli pulların yuyulmasını təşkil etməli olan bu şirkət işlədiyi bütün sahələrdə demək olar ki, vergi və sosial ödənişlər ödəməyib. Əldə etdiyimiz məlumata görə Nizami Sadıqovun və İlqar Əliyevin rəhbərlik etdiyi “Azəri- Trans” MMC təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə inşa olunan Gözdən Əlillər üçün binanın tikintisi zamanı 1 milyon 350 min manat vergidən yayınıb. Nizami Sadıqov öz yaxınlarına bildirib ki, “təkcə bizim (özlərinin və Fizuli Ələkbərovu nəzərdə tutur- red.) bu tikinti işində vergidən qazandığımız pullar nəslimizə də bəsdir. Allah Fizuli müəllimin köməyi olsun. O bizim ən yaxın dostlarımzdan biridir. Onun bütün tikinti işlərini biz görəcəyik və biz bu işlərdən milyonlar qazanacayıq”. Gözdən Əlillər üçün tikilən binada maliyyə maxinasiyalarının, vegidən yayınma hallarının deşifrə olunmaması üçün tikinti işlərinə cəlb olunan inşaat briqadaları tez- tez dəyişdirilir və bununla da orda işləyənlərin izi itirilir. “Azəri- Trans” şirkəti Qax- Zaqatala zəlzələ bölgəsi ilə yanaşı Bakıda, Goradildə, Qəbələdə, Göy- göldə və digər yerlərdə də çirkli pulların yuyulması prosesində iştirak edərək tikinti işlərini həyata keçirir. Növbəti sayımızda şirkətin arxasında duran yüksək vəzifəli dövlət məmurları, onların iş prinsipi, eləcə də “Azəri- Trans” MMC- nin həyata keçirdiyi inşaat işləri və sözü gedən şirkətin vergidən, sosial ödənişlərdən yayınması, dövlət əmlkaının talanması ilə bağlı daha ciddi faktları konkret misallarla diqqətinizə çatdıracayıq. Bizi izlərin. İlqar Rəsul P. S. Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?