Toralf Pils: “Azərbaycanın Avropa Birliyi ilə heç vaxt assosiasiya sazişi imzalamayacağı deyilməyib” “Biz Azərbaycanla digər mümkün formatlarda əməkdaşlıq etməklə bağlı çalışırıq, lakin Avropa Birliyi üçün yekun məqsəd assosiasiya sazişinin imzalanmasıdır”. Bu sözləri APA-ya açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səlahiyyətlərini icra edən Toralf Pils deyib.
T. Pils Azərbaycanın bu məsələyə dair mövqeyini bildiklərini söyləyib: “Azərbaycanın Avropa Birliyi ilə heç vaxt assosiasiya sazişi imzalamayacağı deyilməyib. Sadəcə olaraq, belə hesab edilir ki, indi bu sazişi imzalamağın vaxtı deyil. Ona görə də biz başqa mümkün formatlarda əməkdaşlıq barədə Azərbaycanla işləyirik, lakin AB üçün son məqsəd öz tərəfdaşları ilə assosiasiya sazişinin imzalanmasıdır”.
Ermənistan və Ukraynanın AB ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsinin “Şərq tərəfdaşlığı” proqramının uğursuzluğu mənasına gəlib-gəlmədiyi haqda sualı cavablandıran diplomat bildirib ki, bu həftə Vilnüs sammitində məhz bu məsələlər müzakirə olunacaq: “Əməkdaşlıqla bağlı bütün məsələlər Vilnüsdə müzakirə ediləcək. Əlbəttə, biz istərdik ki, bizim mövcud məqsədyönlü proqramımız qüvvədə qalsın. AB hələ də nə qədər mümkündürsə, o qədər tərəfdaşı ilə assosiasiya sazişi imzalamaq niyyətindədir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?