“Ukrayna son anda Avropa İttifaqı ilə sazişi imzalaya bilər”
Litvanın paytaxtı Vilnüsdə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti başlamaq üzrədir. Artıq Moldova, Ukrayna, Türkiyə və NATO nümayəndə heyətləri Vilnüsə çatıblar. Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri, Azərbaycandan sammiti izləmək üçün Vilnüsə gedən Yeganə Hacıyevanın bildirdiyinə görə, artıq Azərbaycan XİN-in nümayəndə heyəti də Vilnüsdədir. Prezidentlərin isə Litva paytaxtına daha sonra çatacağı gözlənilir.
Y.Hacıyevanın bildirdiyinə görə, Vilnüs sammitinin kuluarlarında əsas müzakirələr Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişini imzayıb-imzalamayacağı barədə gedir. Qərbi Avropa ölkələrindən olan əksər xarici siyasət ekspertləri və vətəndaş cəmiyyəti təmsilçiləri hesab edir ki, Ukrayna prezidenti Viktor Yanukoviç son anda sazişi imzalaya bilər. Belə ki, Avropa İttifaqı ilə Assosiasiya sazişi üzərində işi rəsmən Nazirlər Kabineti və baş nazir Nikolay Azarov dayandırıb. Onun isə ölkənin xarici siyasəti ilə bağlı son qərar vermək səlahiyyəti yoxdur, belə səlahiyyət prezidentə aiddir.
Qeyd edək ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Ştefan Füle də Ukraynanın son anda qərarını dəyişdirəcəyinə ümid etdiklərini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?