Gecə saatlarında bahalı motosikletlərlə Zağulbada “avtoş”luq edənlər saxlanılıb; aralarında Azad Rəhimovun oğlu ilə Əbülfəs Qarayevin bacısı oğlu da olan gənclərə ağır dərs verilib; nəqliyyat vasitələri ilə bağlı parlamentə yeni layihə göndərilməsinin sirri açılıb... Azərbaycanda bir sıra məmurların özlərinin və yaxınlarının harınlığı, vətəndaşlarla sayğısız davranışları ilə bağlı zaman-zaman mətbuatda yazılıb. Hətta bu cür harınlıqlar ölkə miqyasında ciddi olaylara səbəb olub. Xüsusən də məmur-oliqarxların zəngin və dəbdəbəli həyat tərzləri, eyş-işrət məclisləri təşkil etmələri, qayda-qanunu pozmaları, bahalı avtomobillərlə paytaxt küçələrində şütüyərkən heç nəyə məhəl qoymamaları ilə bağlı ictimaiyyətə bəlli olan xeyli fakt mövcuddur.
Məmurların özlərinin və yaxınlarının harınlıqları ilə bağlı hətta prezident İlham Əliyev tərəfindən də fikirlər səsləndirilib və dövlət başçısı səviyyəsində onlara barmaq silkələnib. Belə məmurların prezident tərəfindən sərt tonda tənbeh olunması, onlara xəbərdarlıq edilməsi cəmiyyət tərəfindən müsbət qarşılanır və təqdir olunur. Amma baş verənlər göstərir ki, bəzi məmurlar və onların ətrafı hətta prezident səviyyəsindəki xəbərdarlıqlardan belə nəticə çıxarmırlar. Hər halda, zaman-zaman müxtəlif məmurlar, onların övladları, simsarları ilə bağlı gələn xəbərlər belə deməyə əsas verir. Aldığımız son məlumat da bu cür əsaslara şərait yaradır. Həmin məlumatda vurğulanır ki, bir neçə gün öncə bəzi yüksək vəzifəli məmurların övladları və onların yaxınları Bakı ətrafında böyük ziyafət məclisi təşkil ediblər. Gecə saatlarına qədər davam edən məclisdə yaxşıca əylənən gənclər daha sonra son vaxtlar dəb halını alan olduqca bahalı motosikletləri ilə yarışa çıxıblar. Həmin motosikletlərlə şəhərin müxtəlif yerlərində şou göstəriblər. Daha sonra isə təxminən on nəfərə yaxın motosikletçi dəstəsi Zağulbada rəsmi şəxslərin və prezident iqamətgahının yerləşdiyi ərazidəki geniş yolda “avtoş”luq etməyə başlayıblar. Onlar xüsusi səsgücləndirici cihazlar qoşulmuş motosikletlərlə müxtəlif manevrlər ediblər, gecə saatlarında böyük səs-küy yaradıblar.
Harın gənclərin bu əməlləri barədə elə gecə saatlarında rəsmi şəxslərə, iddialara görə, hətta şəxsən prezidentin özünə məlumat çatıb və onların dərhal saxlanılmasına göstəriş verilib. Qeyd olunan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri gəlib. Motosikletçi gənclər saxlanılaraq polisə aparılıblar. Araşdırmalar zamanı onların bir çoxunun sərxoş olduğu müəyyən edilib. Həmçinin həmin gənclərin yüksək vəzifəli şəxslərin övladları və qohumları olduğu üzə çıxıb.
Məlumatda iddia olunur ki, “avtoş” motosikletçilərdən biri gənclər və idman naziri Azad Rəhimovun oğlu, digəri isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bacısı oğlu olub. Digər motosikletçilərin isə elə təxminən həmin nazirlərlə eyni statusda olan yüksək vəzifəli şəxslərin övladları və yaxın qohumları olduqları aşkarlanıb. Onların əməlləri barədə valideynlərinə də məlumat verilib. Gənclər bir neçə saat polisdə saxlandıqdan sonra yaxınlarının xahişi ilə onlar sərbəst buraxılıblar. Ancaq məlumatda onlara ciddi xəbərdarlıq edildiyi və motosikletlərinin əllərindən alındığı bildirilir.
Həmin motosikletlərin bəzilərinin qiyməti yüz-yüz əlli min manatdan baha olub. Araşdırmalar zamanı həmçinin bu gənclərin gecələr tez-tez şəhərin müxtəlif ərazilərində yarışlar keçirdikləri, “avtoş”luq etdikləri üzə çıxıb.
Ən çox qəzəbə səbəb isə onların heç nəyə məhəl qoymayaraq bu əməllərini harınlıqlara görə məmurlara sərt təpinən prezidentin iqamətgahı ətrafında həyata keçirmələri olub. Saxlanılan gecə isə onların prezident iqamətgahına yaxınlaşmaq üçün bir neçə polis postunu keçiblər. Buna görə onların yaxınları ilə bərabər Bakı Şəhər Dövlət Yol Polisi idarəsi əməkdaşlarının da başı ağrıyıb və bir neçə nəfər sərt şəkildə cəzalandırılıb. Baş verən hadisə A.Rəhimov, Ə.Qarayev və adlarını dəqiqləşdirməyə çalışdığımız digər yüksək vəzifəli məmurların hakimiyyət daxilindəki nüfuzuna böyük zərbə vurub. Yaxınlarının əl-ayağını yığışdırmaq üçün onlara ciddi tapşırıq verilib.
Aldığımız məlumatda həmçinin bildirilir ki, bu olaydan sonra şəhərdə motosikletlərin hərəkətinə qeyri-rəsmi qadağa qoyulub.
Yol polisinə tapşırıq elə bir sərt tonda verilib ki, hətta bir neçə gündü dönərxanalardan, mağazalardan və restoranlardan evlərə, obyektlərə, dönər, ərzaq, yemək daşıyan motosikletlərin də hərəkəti qadağan edilib.
Bundan başqa, avtomobillərin mühərrikinin səsinin gücləndirilməsi üçün onlara qoşulan əlavə cihazların da satışı qadağan edilib.
Müxbirimiz onu da öyrənib ki, Azərbaycanda bu cihazların satışı ilə çox nüfuzlu və imkanlı məmur-oliqarxa bağlı olan bir Türkiyə şirkəti məşğuldur. Məmur övladlarının və yaxınlarının motosiklet keyfi həmin şirkətə və məmura da böyük ziyan vurub. Bu arada cümhuriyyet.az saytı da bir neçə gün əvvəl Zağulba istiqamətində yüksək sürətlə hərəkət edən bir neçə motosikletçinin saxlanıldığını və onlardan birinin A.Rəhimovun oğlu olduğunu yazıb.
Zağulbada baş verən hadisədən sonra isə nəqliyyat vasitələri ilə bağlı parlamentə yeni layihə daxil olub. Bu layihəyə əsasən Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edəcək. Yeni əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək. Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə tətbiq ediləcək. Layihə Milli Məclisə prezident İlham Əliyevin imzası ilə daxil olub.
Bu sənədin parlamentə motosikletçi avtoşların Zağulbadakı həngaməsindən dərhal sonra göndərilməsi ölkə rəhbərliyinin baş verən bu hadisədən nə dərəcədə qəzəbləndiyini və məsələyə necə ciddi yanaşdığını göstərir.
Məmur övladlarının hətta ölkə başçısının iqamətgahının yaxınlığında azğınlıq etmələri ümumilikdə hakimiyyət daxilində çox pis qarşılanıb və həmin şəxslərə verilən cəza hər kəsin nəticə çıxarması üçün çox yerində atılmış addım sayılır. Adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?