Cinayətin müddəti keçdiyi üçün ona cəza təyin edilmədi
Sumqayıt Apelyasiya Məhkəməsində saxta sənədlə həbs olunan Ordubad rayon sakini, 1962-ci il təvəllüdlü Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihamın gəldiyi nəticəyə görə, Nazim Əliyev 11 fevral 2014-cü il tarixli saxta Azərbaycan Respublikası vətəndaşının AZE-13875472 nömrəli şəxsiyyət vəsiqəsindən bilə-bilə istifadə edib. O, həmin ilin fevralın 20-də Sumqayıt "ASAN xidmət" mərkəzinə müraciət edib və fevralın 27-də həmin mərkəzdən hüquq verən rəsmi sənəd hesab olunan C00449317 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu əldə edib.
İstintaq Nazim Əliyevi Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilib və cinayət işinə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Sumqayıt şəhər Məhkəməsində, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Nazim Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 320.1-ci maddəsi sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib.
Məhkəmənin hökmünə görə, Nazim Əliyev Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib və o, 3 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı müddətlə başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Nazim Əliyevə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə yanaşı 320.1-ci maddəsi ilə də cəza verilməsini istəyib. Bir müddət əvvəl prokurorluğun protestinə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi İlham Həsənovun sədrlik etdiyi kollegiyada baxılıb və apelyasiya protesti təmin edilməyib. Prokurorluq Ali Məhkəmənin cinayət kollegiyasına şikayət yazıb və apelyasiya məhkəməsinin qərarını ləğv etdirib.
Ali Məhkəmədə işə baxan hakim heyəti Nazim Əliyevin işinə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Növbəti dəfə Nazim Əliyevin işinə hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin etməyib.
Prokurorluq yenə də qərardan narazı qalıb və Ali Məhkəməyə kasasiya protesti verib. Prokurorluğun protesti Ali Məhkəmənin hakimləri tərəfindən yenə də təmin edilib və işin apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bu dəfə Nazim Əliyevin işinə hakim Səyyad Qafarinin sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə çıxış edən Zəfər Ramazanov apelyasiya protestini müdafiə edib. O, bildirib ki, Nazim Əliyevin Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə məhkum olunmasına
dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin 2 sentyabr 2014-cü il tarixli hökmü ləğv olunaraq ona Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə yanaşı, həmin məcəllənin 320.1-ci maddəsi ilə də təqsirli bilinməlidir: “Lakin hazırda onun törətdiyi əmələ görə məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə cəzadan azad edilməlidir”.
Prosesdə çıxış edən Nazim Əliyev protesti qəbul etməyib. O, prokurorluğun protestinin təmin edilməməsini xahiş edib. sonda hakim kollegiyası prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul edib. Qərara görə, Nazim Əliyev Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Amma ona cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməyib.
İş maddi sübut olan Nazim Əliyevin adına olan 11 fevral 2014-cü il tarixli Asan 2-2 Xidmət Mərkəzi tərəfindən verilmiş bir ədəd AZE-13875472 seriya və nömrəli şəxsiyyət vəsiqəsi iş materiallarında saxlanılması barədə qərar verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?