AzTV-də Kamal Almuradlını atasının əleyhinə danışdırmaq istəyiblər
Əslində, bu yazı vaxtında yazılsaydı daha təsirli olardı. Amma mən abırıma qısılıb bunu yazmadım. İndi yazmağıma isə məni dünən facebook-da baş verən xırda bir hadisə vadar etdi. Deməli belə. Çox uzatmayıb əvvəlcə facebook-dakı, daha sonra bir neçə ay bundan öncə baş vermiş hadisəni sizlərlə bölüşürəm. Dünən facebook dostluğumda olan bir şəxs (bu arada qeyd edim ki, məndən xahiş edib ki adını hallandırmayım) “Mədəniyyət” telekanalının sədri, Dövlət Film Fondunun rəhbəri, yeni kinematoqrafçılar ittifaqının icraçı katibi Cəmil Quliyevlə olan fotosunu paylaşdı. Mən də şərh yerinə bir tək söz yazdım. Yaraşırsınız. Bu şərhi mən yazdım, o sildi. Mən yazdım, o yenə sildi. Beləcə söhbətimiz gəldi çıxdı inboxa. Soruşanda kı, niyə silirsən, cavab verdi ki, ayıbdır, olmaz. Bu məsələnin facebook tərəfi. İndi gəlin sizə bir neçə ay əvvəl baş vermiş hadisəni danışım. Bildiyiniz kimi, Avqustun 1-i məni 5 il idi ki, işlədiyim AzTV-dən uzaqlaşdırdılar. Adını qoydular müqavilə müddəti bitdiyinə görə. Əslində bu hadisə nəyə görə baş verdi hamıya tam aydındır. Atamın yeni yaranmış kinoittifaqla bağlı Azadlıq radiosuna verdiyi müsahibə… İşdən uzaqlaşandan sonra Cəmil Quliyevə zəng edib təşəkkürümü bildirdim. Səhərisi özü mənə telefon açdı və bildirdi ki istəmir adı belə məsələdə hallansın və məni yenidən işə qaytaracağına söz verdi. Bir müddətdən sonra, daha dəqiq, bir həftədən sonra məni televizyaya dəvət etdi. Bir həftə keçməsinə baxmayaraq insanlar da dəyişmişdi. Məni görcək telefonu qulağına aparıb üzünü başqa istiqamətə çevirən də, məni görcək sevincindən qucaqlayan da… Beləcə gəlib çatdım Cəmil Quliyevin otağına. Otaqda məni sən demə, həyatım boyu başıma gəlməyən iyrənc təklif gözləyirmiş. Sən demə, mən atam haqqında AzTV-yə müsahibə verməliyəmmiş. Kinoittifaq haqqında danışmalıyammış. Təbii ki, aldığım tərbiyəyə, vicdanıma, əxlaqıma uyğun olaraq bu təklifi rədd etdim. Otaqdan çıxarkən qarşıma gözümün qabağında, həyətimizdə böyüyən operator çıxdı. Sən demə, məni lentə alacaq şəxs öz həyətimizdəndir. Dəhlizdə isə qarşıma televiziyada çalışdığım gündən xətrini çox istədiyim, çörək kəsdiyim bir insan çıxdı, əlində də kaset. Bax elə həmin kaset gətirən və məni çox güman ki sorğu-suala tutmalı olan şəxs dünənki fotonun sahibidir. İndi, əziz dost, sən söylə, fotoya şərh yazana ayıbdır, ya çörəyi tapdalayana?!
Kamal Abdulla
Redaksiyadan: Məlumat üçün bildirək ki, Kamal Almuradlı Rövşən Almuradlının oğludur. Rövşən Almuradlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. «Azərbaycanfilm» kinostudiyasında işləyib. Tanınmış rejissor olan R.Almuradlının hazırda işsizdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?