“Sonuncu prezident seçkisinin nəticələrinin qəbul olunması ilə bağlı tərəddüdlərdən sonra, görünür, beynəlxalq ictimaiyyət Əliyev rejimini qəbul etməmək ideyasından imtina edib”. “Turan” agentliyi xəbər verir ki, “Freedom House” təşkilatının prezidenti Devid Kramer dekabrın 4-də Vaşinqtonda, Cons Hopkins Universitetində çıxış edərkən belə deyib. Devid Kramer bildirib: “Bu həftə Azərbaycana gedən Amerika məmurlarından biri deyib ki, seçkini unutmaq lazımdır, seçki geridə qaldı. Zənnimcə, bu, böyük səhvdir, çünki İlham Əliyev ədalətli və azad seçki keçiriləcəyi təqdirdə əldə edə biləcəyi legitimliyə sahib deyil”.
Devid Kramer vurğulayıb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər təqib olunur: “Biz vətəndaş cəmiyyətinin və jurnalistlərin ən pis şəkildə təqib olunduğunu gördük, o cümlədən “Azadlıq” radiosunun jurnalistinə edilənləri, müxalifətçilərin həbsə salınmasını... Düşünürəm ki, Əliyev və onun ətrafındakılar qorxurlar və ehtiyac olmayan şeyləri edirlər”.
“Freedom House” prezidentinin fikrincə, Azərbaycan yanlış yoldadır, çünki İlham Əliyev insan hüquqlarına “sıfır hörmət” nümayiş etdirir: “Bu bizi qayğılandırır. Biz Azərbaycanın, onun təhlükəsizliyinin əhəmiyyətindən, energetika məsələlərindən çox bəhs edirik. Amma Əliyev bu xətti bütün göstəricilərin daha da pisləşməsi istiqamətində davam etdirərsə, Azərbaycanda insanlar daha ekstremist variantlara əl atmaqdan başqa seçim və imkan olmadığını hiss edə bilərlər ki, bu da hakimiyyətin maraqlarına uyğun deyil”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?