Dekabr ayının 7-də Azərbaycan Parlamenti yaradılmasının 95 ili tamam olur.Bu münasibətlə Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin cıxışlarnı hazırladığım “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”ndan qısa məzmunda oxuculara təqdim edirəm. M.Ə.Rəsulzadənin AZƏRBAYCAN PARLAMENTİNDƏ FƏALİYYƏTİ (1918-1920-ci illər)
17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci ilin dekabrın 7-də, son iclas isə 1920-ci ilin aprelin 27-də olub. Yetərsay olmadığından bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan ikisi tarixi – 28 May və 15 Sentyabr 1919-cu il – Azərbaycan İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümü müzakirəsi ilə keçirilib. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan 230-a qədəri təsdiq edilib. Parlamentdə 11 komissiya fəaliyyət göstərib. Xaricə göndəriləcək 100 nəfər Azərbaycanlı gəncin seçilməsi üçün parlament üzvlərinin – Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılıb. Parlamentin fəaliyyəti dövründə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyasının fəallığı ilə (partiyasızlar fraksiyası ilə birgə) hazırlanan torpaq islahatı haqqında 29 maddədən ibarət qanun layihəsi ümumxalq müzakirəsi üçün 1920-ci il fevral ayının 21-də “Azərbaycan” qəzetində çap edilir. M.Ə.Rəsulzadə Parlamentdə 2 komissiyada təmsil edilirdi: 1) Müəssəslər Məclisini çağırmaq komissiyası; 2) Maliyyə-büdcə komissiyası. Parlamentdə çoxluğu təşkil edən “Müsavat” və bitərəflər fraksiyası idi ki, onların da ümumi sayı 39 nəfər idi. Bu fraksiyaya M.Ə.Rəsulzadə başçılıq edirdi. M.Ə.Rəsulzadə 130 iclası keçirilən Parlamentin 80-ə qədərində çıxış etmişdir. O, aşağıdakı iclaslarda müzakirə edilən məsələlərlə bağlı maraqlı çıxışlar etmişdir: N1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 20, 24, 25, 26, 29, 33, 34, 41, 42, 43, 45, 48, 49, 51, 56, 57, 59, 60, 61, 63, 65, 67, 68, 70, 74, 76, 80, 81, 87, 88, 89, 90, 91,
Birinci iclas Azərbaycan Parlamentinin açılışı 7 dekabr 1918-ci il “İclas günorta saat 13:25 dəqiqədə Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə açılır. Məhəmməd Əmin Rəsulzadə - Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxirəm! (Alqışlar)”. M.Ə.Rəsulzadənin parlaq çıxışı millət vəkilləri tərəfindən sürəkli və davamlı alışlarla qarşılanır.
İkinci iclas 10 dekabr 1918-ci il “Məhəmməd Əmin – Bəyannaməmizi elan etmədən əvvəl müqəddimə olaraq bəyan etmək istəyirəm ki, keçmiş höku¬mətin fəaliyyəti haqqında vaxt mü¬şaidə etmədiyindən firqəmiz ayrı bir zaman bəyanatda bulunacaqdır. Şimdi, Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi tərəfindən tərtib verilmiş, deklorasiyaya keçəlim (oxuyur). M.Ə.Rəsulzadə Azərbaycan istiq¬lalı, Azərbaycan məfkurəsi, Azərbaycan fikri ilə bağlı maraqlı çıxış edir və bu sözləri söyləyir: “...Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir (alqışlar)”.
Üçüncü iclas 15 dekabr 1918-ci il “Rəsulzadə - Məsələ, bizim Məclisi-məbusanın nə şəkildə təşkil olunmasıdır. Məclisi-məbusanımızın seçkilərinin qanun üzrə olmadığını söylədilər. Ümum əsas üzrə seçilmiş parlamentimiz yoxdur. Şimdi parlamenti də tənqid etməyə vaxt yoxdur. Şurayi-milli parlament təşkili üçün əsas qəbul etmişdir və bu da etibarlıdır. Hərgah bu inkar edilər isə Milli Şuranın nüfuzu itmiş olur. Qanuna müvafiq etimadları təsdiq etməli, şübhəlilərin icrasına baxmalı”. İclasda müxtəlif komissiyaların məruzələri dinlənilir və müzakirələrdə M.Ə.Rəsulzadə fəallıq göstərir, tez-tez təkliflər verir, müdaxilələr edir.
Dördüncü fövqəladə iclas 20 dekabr 1918-ci il İclasda gürcü və ermənilər arasında rəsmi şəkildə elan edilməmiş müharibə və bölgədə vəziyyət müzakirə edilir. M. Ə. Rəsulzadə çıxışında bildirir: “Bunun üçün də biz bu millətlər arasında çıxan hadisələrə yabançı qala bilmərik. Biz qitə və həyati surətdə əlaqədəriz. Ona görə də səsimizi yüksəltməli, “aman, nə yapırsınız” deməliyik (soldan, mərkəzdən alqış)”.
Beşinci iclas 26 dekabr 1918-ci il İclasda komissiya seçkisi, Yeni hökumət təşkili və digər məsələlər müzakirə edilir. M.Ə.Rəsulzadə Məclisi-Müəssisan seçkiləri komissiya- asına seçilir.
Altıncı iclas 30 dekabr 1918-ci il İclasda Gürcüstan Parlamentinin təbriki, “Əhrar” fraksiyasının ərzi-halı, əfvi-ümumi layihəsi və başqa məsələlər müzakirə edilir. M.Ə.Rəsulzadənin çıxışından: “”Möhtərəm Əhməd bəy həzrətləri tərəfindən şayani-qeyd görülən məsələlər həqiqətən calibi-diqqət və məclis tərəfindən qeyd olunacaq mühüm məsələdir. Daha ingilis və sair müttəfiqlər qoşunu paytaxtımıza daxil olan zaman Azərbaycan paytaxtında yaşayıb da “Azərbaycan” fikrinə müariz və qüvvəyə tabe olaraq məqami-təslimdə bulunanlardan kənardan başqa bir qüvvə gəlir ki, ruhlanıb tərizə başladılar. Bir çox ünsürlər və onların gəlməsindən bir ruh olaraq Azərbaycanın kökünü baltalamağa başlamışlar”. Həmin iclasda: “Məmməd Əmin (yerindən) – Mən təklif edirəm ki, bundan parlamentə gələn teleqraflar qabaqca türkcəyə tərcümə edilib oxunmalı və lazım gələrsə, rusca da oxunsun. Burası Azərbaycandır, lisanirəsmimiz türkdür (alqış)”.
Yeddinci iclas 8 yanvar 1919-cu il İrəvan müsəlmanları ilə bağlı: “Burada yenə imdad naləsi eşidiriz. Məlumdur ki millətlərin həqqi və hüququ gözlənilsin gərək.Hər kəs harada yaşayırsa o yerə sahib olmaq haqqına malikdir.Təbii millətdaş,dindaş və irqdaşımız olan İrəvan quberniyası müsəlmanlarının bunca müsibətinə millət mənafeyi naminə təhəmmül(dözən) edən qardaşlarımızın çəkdikləri bəlalara biz biganə qalamayız”.
Səkkizinci iclas 16 yanvar 1919-cu Parlament üzvü haqqında: “...Biz parlamentarizm qəbul etmiş olan məmləkətlərin, əzcümlə İngiltərənin qanunlarından qolaylıqla istifadə edə biləriz. Parlament məbusu milləti təmsil edir, binaən-ileyh o həmişə azad olmalıdır. Bir məbus eyni zamanda hökumət məmuru olarsa, heç vaxt azad danışa bilməz”.
Doqquzuncu iclas 25 yanvar 1919-cu il Kredit açılması. “Kredit açılması məsələsinə əsas etibarı ilə Əhməd bəy də etiraz etmir, fəqət, onun çoxluq, azlığında bəhs edir. Yalnız burası var ki, hökumətin ehtiyacını onun fəaliyyəti ilə əlaqədar tutmaq istəyirlər. Amma məncə hökumətin etibarını büdcə ilə əlaqədar tutub milyonlarla ölçmək olmaz. Hökumətə etimad və etibar bəyan edilmişdir”.
On birinci iclas 28 yanvar 1919-cu il Parlamentdə demokratiya. “Türk demokratiyası öz istiqlalını və hüququnu var qüvvəsi ilə müdafiə edəcəyini aydın-aşkar elan etdi və bu gün bu müvəffəqiyyət demokratiyanın belə qəti hərəkəti nəticəsidir (alqış). İdraklı türk demokratiyasının səsi sair firqələri də parlamentə gəlib bizimlə müttəhidən çalışmağa vadar edəcəkdir (alqış)”.
On iki, on üç, və on dördüncü iclaslar 4, 5, 6 fevral 1919-cu il “Müsavat” türkləri çağırdı: ”Müsavat” türkləri çağırdı, çünki burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə o zamankı Azərbaycan Şurayi-Millisi müttəfiq idi... Çünki türklər gəlməsəydi, Bakıda baş verən mart hadisələrinin təsiri yalnız Bakıda qalmayıb, bütün Azərbaycana istila edəcəkdi...”.
On beçinci iclas 18 fevral 1919-cu il “Müsavat Rusiyada yaşayan bütün türk qövmlərinə muxtariyyət tələb edən bir firqədir”.
On altıncı iclas 25 fevral 1919-cu il “Ümumiyyətlə, cari işlərimizdə biz cahan demokratiyasına azadlıq gətirmiş olan idealları rəhbər tutacağız”.
İyirminci iclas 6 mart 1919-cu il Denikinə qarşı mübarizə. “Zatən qara bir qüvvənin gələcəyini biz həmişə mümkünatdan ədd edirdik. O qüvvə də mütləqa Şimaldan gələcək idi... Və dağıstanlı qardaşlarımıza deməliyik ki, buraxmayın o qara qüvvəni; qoymayın o istibdadı gəlsin; müharibə edin. Biz də Sizinlə varıq”.
İyirmi dördüncü iclas 17 mart 1919-cu il “Mənə elə gəlir ki,bayram millətlərin həyatında böyük bir hadisədir ki,onda gərək qulluqçu olsun,qeyri qulluqçu olsun onların həyatlarə üzrə bayramın böyük təsiri vardır”.
İyirmi altıncı iclas 3 aprel 1919-cu il “Bizim nöqteyi-nəzərimiz əvvəl başdan müəyyəndir.Bu kimi tənqidlər büdcə müzakirəsi əsasında olmalıdır”.
İyirmi doqquzuncu iclas 14 aprel 1919-cu il Qarabağ məsələsi yoxdur. “Bizcə və hökumətcə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə vaqe olan hər növ təklifi rədd ediriz”.
Otuz üçüncü iclas 5 may 1929-cu il
“Yalnız bunu demək istəyirəm ki,indiki zamanda buraxılan kağız paralar bəzi iqtisadi qanunlara mərbut deyil.Ortada bir də siyasiyyət var”.
Otuz dördüncü iclas 6 may 1919-cu il
Müsavat haqqında: “Azərbaycan şüarını ilk dəfə ortaya atan firqənin Müsavat olduğunu görərik... Müsavatın qətnaməsində deyilirdi ki, əsasən federasyon fikrini qəbul edərək millətlərin kamal azadlqla vücuda gətirəcəkləri ittifaqa müariz olmayaraq və i. x... Müsavat bunu indi də söyləyir. Burada Azərbaycanın istiqlaliyyətinə heç bir rixnə görməz. Müsavat Azərbaycanın yalnız Rusiyada qurulmuş milli hökumətlər ilə deyil, bütün dünya millətləri ilə federasyon əsası ilə birləşmək tərəfdarıdır. Bu, müsavatın idealıdır”.
Qırx birinci iclas 26 may 1919-cu il Yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyiz. “Eyni zamanda bolşeviklərlə mübarizə edərkən və istiqlalımızı müdafiə edərkən elə etməməliyik Denikin istiqlaliyyətini müdafiə edək. Biz yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyik. Bu nöqteyi-nəzərdən bu qətiyyət siyasətidir, təhəssür siyasəti deyil”.
Qırx ikinci fövqəladə iclas 28 may 1919-cu il
“Rəis – Söz Məhəmməd Əmin Rəsulzadənindir. Məhəmməd Əmin Rəsulzadə (“Müsavat”, alqışlar içərisində kürsüyi-xitabəyə çıxır) – Həzərat! Bu gün hər hansı bir natiq böyük və xarüqüladə nitqə malik olsa da xalqın, o küçələri doldurmuş olan cəmaətin ruhunun səmimiyyətindən çıxan “Yaşasın Azərbaycan!”, “Yaşasın istiqlaliyyət!”dən daha qüvvətli bir söz söyləməz! Bu gün bilməm xalqın duyduğu hissiyyatı, hansı hissiyyatla ifadə etmək olar. Bu həyatı Sizə inikas etdirmək üçün Azərbaycan torpağı altında sənələrdən bəri yerləşmiş atəş, o müqəddəs qüvvət fəvəran edərsə, yalnız o qüvvət bu gün millətin qəhrəmanı ola bilər. Fəqət, bununla bərabər hər birimizin idrakında, qəlblərində hürriyyət və istiqlaliyyət uğrunda şəhid düşmüş olanların xatirəsi üçün olan böyük minnətdarlıq hissi, o böyük himmət bununla həmpa ola bilir, onunla rəqabət göstərə bilir. Bu gün Azərbaycan istiqlalı bilxassə onun üçün əzizdir ki, bu istiqlalımıza xaricdən təhlükə var, təhdid var. Millətin ruhundan çıxan bugünkü səmimiyyətlə söylənəni qüvvətlə söyləriz ki, o, hər bir atəşdən, hər bir yərəğandan qüvvətlidir. Rədd olsun bizim istiqlalımız əleyhində olan murdar əllər (alqış).
Qırx ücüncü iclas 29 may 1919-cu il
“Məclisi - Məbusan bürün məmləkət inananbir təşkilatdır.Millət və məmləkət onun sözünü qəbulkimi,məclisi-müəssisan xüsusunda rəyini də qəbul edəcəkdir”.
Qırx beçinci iclas 5 iyun 1919-cu il
“Cünki bu gün Dərbənddə oturan və bizim istiqlaliyətimizi gündə bir məna ilə teleqramlar göndərib təhdid edən qüvvət vaxtilə məşhur bir siyassiyonun dediyi kimi Azərbaycan həyatına döndərilmiş bir tapançadır”.
Qırx doqquzuncu iclas 19 iyun 1919-cu il
“Əfəndilər!Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduöundan müqəddəsdir...Lakin bunu bilməli ki,dini məsələlər ilə olan rabitə başqa dünya işləri isə bambaşqadır.dünya mübarizəsi,siyasi mübarizə.məncə dürlü tənqidlər, münaqışələrlə doludur”.
Növbədənkənar əlli birinci iclas 27 iyun 1919-cu il
“Azərbaycan millətinin ürəyində gürcü millətinə qarşı həmişə gözəl və səmimi hisslər bəslənmişdir. Azərbaycan milləti ümumi düşmənlərə qarşı gürcülər ilə silah arxadaşı olduğu kimi həmrəy və mütabiq olacaqdır. Ona görə də bu əhdnamə yalnız Məclisi-Məbusan tərəfindən deyil, bütün millət tərəfindən alqışlanacaqdır. Bu millət də böylə tələqqi edər (alqışlar)”.
Əlli altıncı iclas 17 iyul 1919-cu il
“Naxçıvan və Şərur kimi qəzalar var ki,onlar bizim təbəələrimizdir. Biz var qüvvəmizlə çalışmalıyıq ki, onları qurtaraq”.
Altmışıncı iclas 29 iyul 1919-cu il
“Qarayev (yerindən) – Denikindən kim müdafiə etdi? Məhəmməd Əmin (davam edir) – Bis sizin təcrübənizi Şamxor müharibəsində gördük. Rus əsgərlərindən tüfəng alandan sonra özünüz də qorxuda qaldınız... Sizə böylə adamlar lazımdır ki, Mehdi bəy kimi adamları vura bilsin. Fəqət bizə böylə adamlar lazım deyildir...”.
Altmış beşinci iclas 14 avqust 1919-cu il
“Hərbiyyə nəzarətinə verilməsinin lehinə onu demək olar ki, hüdudlarımızı müdafiə etmək Hərbiyyə Nazirinə mütəlliq bir məsələ olduğu üçün bu da ona verilməlidir”.
Altmış yeddinci iclas 21 avqust 1919-cu il
Universitet açılması. “Burada Universitet məsələsində gərək bizim əfkari-ümumiyyətiniz, gərək parlaman məhfilələrində ayrı-ayrı fraksiyalarda müxtəlif rəng almış və başqa-başqa nöqteyi-nəzərlərlə bu məsələyə yanaşırlar. Hər şeydən əvvəl biz hamımız bunu etiraf edirik ki, Azərbaycan daxilində ülüm, finuna aşina mütəxəssis adamlar ələlümum məmləkət üffanını yüksəltmək üçün darülfünun binası lazımdır... Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəyi öz lisanımızda ola idi və orada ki, professor və müdərris türkcə tərbiyə verə idilər”.
Altmış səkkizinci iclas 25 avqust 1919-cu il “İstefa verən bəyanət verər.Bir fraksiyanın ki nümayəndəsi bir komisyondan getmiş, deyə ki, yerinə başqa adam verirəm, mənən düz olursan da şəkil etibarı ilə olmaz”.
Yetmiş altıncı iclas 22 sentyabr 1919-cu il “Mütaliə və təsdiqimizə ərz olan məsələ, öylə bir məsələdir ki, bunun hər nə surətlə, hər nə cürə mühakimə etsə, nəticədə qəbul etməkdən başqa bir çarə yoxdur”.
Səksəninci iclas 2 oktyabr 1919-cu il Əkinçiyə torpaq, yer verilməsi. “Demək hökumət bu məsələni həll etmək istəyir. Böylə olan surətdə müəyyən vaxt təyin etmək, hökumət müəssisələrinə inanmaqdır”.
Səksən birinci iclas 09 oktyabr 1919-cu il Hürriyyətin bir əndazəsi var. “Əgər hürriyyət məmləkətdə qanun olmamaq icab edərsə o, başqa zatən hürriyyəti bir az daha göstərəsiniz. O zaman məmləkət hərc-mərc içərisində bərbad olur. Anarxiya doğar, iştə o zaman sizinlə istibdadın təkrar övdətini təmin edərsiniz. Hürriyyətin bir əndazəsi var...”
Səksən səkkizinci iclas 25 oktyabr 1919-cu il Mətbuat qanunu haqqında. “Burada mətbuat qanununun əleyhinə türkcə söylənilən sözləri rusca, bəlkə daha məntiqə müvafiq bir tərzdə müdafiə etdilər. Hamı söylədilər ki, hürriyyəti-mətbuat lazımdır, fəqət buna bir əndazə, qanun təyin etmək də icab edər. İştə mətbuat qanununu müdafiə edənlər ilə əleyhdarları arasında başlıca fərq bundan ibarətdir. Burada bir adam tapılmaz ki, hürriyyəti-mətbuata zidd olsun”.
Səksən doqquzuncu iclas 27 oktyabr 1919-cu il
“M.Ə.Rəsulzadə - 14-cü maddənin türkcəsini oxuyur. Qanunun 14-cü maddəsi bizi tamamilə qane edir. Fəqət, ruscaya tərcüməsindən eyni məna çıxmır. İrəlidə sui-təqhim olmasın deyə türkcəsinə müvafiq ruscaya tərcümə edilsin. “Vo vsyaki azerbaydjanskiy qrajdanin”(hər bir Azərbaycan vətəndaşı) sözü əlavə edilsin”.
Doxsanıncı iclas 30 oktyabr 1919-cu il “Rəsulzadə: Burada demokratik prinsipi nöqteyi-nəzərindən danışdılar. Bu, doğru deyildir. Lakin bir çox şeylər var ki, demokratik prinsipi nöqteyi-nəzərindən onları şimdilik tətbiq etmək olmaz. Məsələn, daimi əsgərlik işlərinin, əsgərlik üçün indi mübarizələrimiz hər şeyimiz əsgərlərimizə fəda olsun demişdilər. Hər yerdə əsgərlikdə müxalif gedən sosialistlərin burada ağzından eşitdik ki, əsgərlik işlərini qəbul etdilər. Bu prinsip qaldı mətbuat barəsində. Mehdi bəy bizi inandırmağa çalışdı ki, Rusiyada qeyri-hökumət təbəəsi qəzetə müdiri ola bilməzdi. Əhməd bəy deyir ki, burada Türkiyə və İranın istibdadından qaçıb gələnlər var. O istibdadın barəsində və onun əleyhinə yazacaqlar. Həqiqətdə biz nə gördük. Burada nə osmanlı, nə də iranlı müdir mütəvəlliləri var ki, onlar təmamən bizim fikir və amalımızın əleyhinədirlər. Onların əleyhimizə olduqları faktdır. Bizim əleyhimizə olanlar ilə mübarizə etmək lazımdır... Biri Azərbaycana gəlib də qəzetə nəşr etmək fikrində olarsa, bir Azərbaycan müdiri-mütəvəlli (doğulmuş) tapa bilər. Məmləkət nöqteyi-nəzərimiz bu kimi xüsusatı nəzərə alaraq bu maddənin qəbulunu istəriz”.
Doxsan birinci iclas 1 noyabr 1919-cu iclas “Məndən əvvəl burada söyləyən Əhməd bəy maarif xüsusunda nəzarətə qarşı etdiyi təklif doğrudur.Bu xüsusda müəyyən və müntəzəm bir plan olmalıdır”.
Doxsan altıncı iclas 19 noyabr 1919-cu il “Madam ki, şərh edəcək əldə sərih bir şey yoxdur və burada əldə sərih etimadnamə vardır, bu səbəblərə görə etimadnamə qəbul edilməlidir”.
Doxsan doqquzuncu iclas 20 noyabr 1919-cu il “Məhəmməd Əmin Rəsulzadə - Bu doğru gəlir və vasitəli gəlir əsaslıq məsələdir. Əsas etibarı ilə bizim Maliyyə Nazirimiz doğru gəlirə tərəf getməklə, mümkün olduğu qədər vasitəli vergilərdən uzaqlaşmalıdır. Bununla bərabər nəzarətin nümayəndəsi bizdən imtina etmək istədi ki, doğrudur, biz vasitəli vergilərə müraciət edirik. Bu da ondan irəli gəlir ki, bizim məxaricimiz çoxdur. Bunun üçün də biz bu layihəni təsdiq etməliyik”.
Yüzüncü iclas 24 noyabr 1919-cu il “Məhəmməd Əmin (davamla): - Məmləkətin əhvalını yaxşılaşdırmaq üçün orta bir çarə lazımdır. O da məncə bundan ibarətdir ki, hökumət əmtəənin yarısınımı, 30 faizinimi, xülasə bir qismini öz inhisarına alıb, yerdə qalanını satışa buraxmalıdır. Böylə olursa, nə malın həpsi yığılıb qalar, yaxud xaricə çəkilər. Həm xaricdə əlaqə olar, həm də daxildə ticarət və sənaye olmaz. Digər tərəfdən bu surətlə hökumət əlində qismən mal və valyuta oar ki, bunun vasitəsi ilə də tənzimedici bir qüvvə olmaq üzrə hökumət bu valyuta ilə bazar satışını tənzim edər”.
Yüz birinci iclas 27 noyabr 1919-cu il “Burada Rusiyadan,Sovet Rusiyasından və digər məmləkətlərdən bəhs edildi. Hərgah xalqın zehni çaşmasa idi, buradan 2-ci dəfə bəhs edilməzdi.Əgər məndən əvvəl olan natiqlər bu məsələdən bəhs etməsə idi,bəlkə bu məsələyə keçməz idim”.
Yüz doqquzuncu iclas 22 dekabr 1919-cu il “Məhəmməd Əmin: - “Əfəndilər! Siz burada məndən əvvəl bu kürsüdən nitq söyləyən iki natiqin sözlərinə şahid oldunuz. Birinci və ikinci natiq bir mövzudan bəhs edirdilər. Bir nəfər deyirdi ki, niyə biz hökumətə daxil olmadıq. İkinci natiq Kravçenko məsələni bir qədər də açdı və fikrini aydın söylədi. O, dedi ki, biz hər zaman bir nöqteyi-nəzərdə, yəni böyük, vahid və bölünməz Rusiya fikrindəyik. Pək haqlı olaraq bu ifadəsinə qarşı Parlament bir gurultu yapdı. Məncə öylələrinin hökumət daxilində deyil, Parlamentdə əyləşməyə haqları yoxdur (gurultulu və sürəkli alqışlar)”.
Yüz on birinci iclas 29 dekabr1919-cu il “Aslan bəy bir növ sakit olmur.Yoxsa məsələni elə qoya ki,hər bir camaatın haqqı var təftiş etsin”.
Yüz iyirmi doqquzuncu iclas 1 mart 1920-ci il “M.Ə.Rəsulzadə - Əfəndilər! Məlumi-alunizdir ki, bütün məmləkətlərdə, bilxassə, məşrutiyyət və cümhuriyyətlə idarə olunan məmləkətlərdə büdcə məsələsi ən mühüm məsələlərdəndir. O, məmləkət məsələlərinin adətən anasıdır. Bilxassə, yeni təşkil edilən hökumətlər üçün büdcə tərtibi müşkül məsələdir. Çünki, əldə əvvəlcədən təcrübə yox, gəlir və çıxar fəsilləri yenidən tərtib edilməlidir. İşdə bunları nəzərə aldıqda büdcə tərtibinin nə qədər müşkül olduğunu, əlbəttə təqdir edirsiniz”.
Yüz otuzuncu iclas 4 mart 1920-ci il “M.Ə.Rəsulzadə - “Büdcənin tərtibi haqqında məmləkətlərin praktikasında ayrı-ayrı fərqlər vardır. Məsələn, Amerikada parlament özü büdcəni tərtib edər və hökumətə verər. Hökumət də tətbiq və icra edər. İngiltərədə isə maliyyə nəzarəti büdcəni tərtib edir. Rusiyada və Rusiya təcrübəsində bu bir az başqa cürədir. Burada ayrı-ayrı nəzarətlər öz büdcələrini tərtib edib, Məclisi-Məbusana təqdim edirlərdi... Fransa Məclisi-Məbusanının büdcə qanunundan bir maddəsi göstərilir ki, büdcə müzakirə edildiyi zaman bu əsas müvafiq görülür. O da bundan ibarətdir ki, məsarif maddələrinin artırılmasından Məclisi-Məbusan özünü saxlasın, çünki əsasları pozmaq doğru deyildir və bu pozulmaq da dövlətin məsarifini artırır... Ehtimal ki, bəzi məsələlər ola ki, onlardan məlumat vermək lazım olacaq, o da yeri gələndə söylərik”.
Yüz otuz birinci iclas 8 mart 1920-ci il “Məhəmməd Əmin – Buraya bir şey artırmaq ehtiyacı yoxdur? Çünki zəngin sözü ilə, sonra müşkül bir hala qoymaq olur. Məxaric ödəmək üçün gəlir deməkdir. Məqsəd o deyil ki, yalnız zənginlərdən, ya başqalarından alınan para ilə ödənilə. Ola bilsin ki, bunları ödəmək üçün daxili bir istiqdar dəxi olsun, yollar tapılıb bu açıq qapansın. Büdcədə göstərilsin. O deyil ki, açıqlar vergilər ilə qapanır. Hərgah siz dediyinizi buraya daxil edərik isə o vaxt zənginlərdən başqa qeyri yerlər bu açığı qapamaz. Bu nöqteyi-nəzərdən bunu qətiyyən qəbul etmək olmaz”.
Yüz otuz ikinci iclas 9 mart 1920-ci il “Məhəmməd Əmin – Eyvah ki, bu gün İrəvan, Qars və bunlar kimi bədbəxt vəziyyətdə olan müsəlman – vəziyyətini eşidir, fəqət lazım olan müavinəti yetirənmiyor. Qars, İrəvan əhalisinin halı hərb əsnasında indikindən gözəl deyildi. Onlar müharibənin də fəlakətinə məruz qaldılar... Səslər – erməni saldatlarının (əsgərlərinin)... Məhəmməd Əmin (davamla) – Rus ordusu xain deyə çeynədi. Müvəqqəti xilas olmaq çarəsi göründü. Sanki onlara tale güldü. Fəqət bu, müvəqqəti oldu. Türklər gəldilər və sonra getdilər. Nəhayət, oranın müsəlmanları özləri hökumət qurmaq və özlərini idarə etmək istədilər, ona da müvəffəq olmağa qoymadılar...” “Məhəmməd Əmin - əfəndilər!Siz bu qədər vəziyyəti-siyasiyə məna verirsiniz. Biz bu nəzərdəyik ki, hər hansı hökumət olursa və millət necə millət olursa-olsun, onların içində olan, əqəliyyətdə qalan millətlər qalıblar və qalacaqlar da. Nə cür hökumət qurulursa-qurulsun, içində əqliyyətdə qalan millətlər olacaq. Bu olacaq. Bizdə də ermənilər var. Ermənistanda da müsəlmanlar var və olmalıdır. Fəqət görünür ki, Ermənistan Cümhuriyyəti məsələni öylə tələqqi etməyir...”
Yüz otuz üçüncü iclas 11 mart 1920-ci il “Məhəmməd Əmin Rəsulzadə - Bir də bu təklifinizdə məntiq varmıdır? Məsələn, məmurların maaşının 80 faiz artırılması ilə ən ali məmur olan idarə rəisinin maaşı 7-8 mindən yuxarı çıxarmadınız. Halbuki məbuslar hal-hazırda 9000 (doqquz min) manat alırlar. Bəlkə bunların içində arşın malçı da olsun, bəzilərinin kənardan gəliri də olsun. Amma hər halda məsələni böylə vəz etmək olmaz. Əsas məsələ böylədir. Heç zaman, heç yerdə görülməmişdir ki, bir məbus dövlətin ali məmuriyyətdən artıq maaş alsın. Bunların arasında bir müvazinət lazımdır”.
Yüz otuz dördüncü iclas 12 mart 1920-ci il “Məhəmməd Əmin – Əfəndilər! Böyük Rusiya inqilabının 3 illiyini yada saldığımız bu əsnada Rusiya inqilabının nə mahiyyətdə olduğunu nəzəri-diqqətdən keçirmək lazımdır. Bir Rusiya inqilabı var, bir rus inqilabı var. Bu iki məfhumu anlatmaq lazımdır. Bu gün Rus inqilabı deyil, Rusiya inqilabıdır... Rusiya inqilabı, Rusiyada toplanmış və süni millət halına gətirilmiş millətlərin yapdığı inqilabdır. Bu inqilabın ən böyük amilləri başqa millətlərin əzilməsi idi ki, inqilabın ilk əvvəllərində bu millətlərin azadlığı elan olundu. İnqilab bunları azad etdi. Əgər bu inqilab, haman inqilab amili olan Rusiya millətlərinin haqqı olan “azadlıq” şüarını qəbul etməsə idi, təbii, inqilab davam edə bilməzdi və bəlkə də heç inqilab olmazdı...Bütün meydanda müstəqil Azərbaycan, Gürcüstan, Ermənistan milli hökumətləri təşkil təşkil etmişsə, bu göstərir ki, Rusiya inqilabı əsl mahiyyətinə bir qədər yaxınlaşmışdı. İkinci inqilab ki, bolşevik şüarı ilə meydana atılmışdır, bu, Rusiya inqilabı deyil, rus millətinin inqilabıdır. Rus inqilabı isə Rusiya daxilində, rus millətinin istixlası üçün vücuda gəlmiş gəlmiş bir inqilabdır... Rusiya inqilabı mahiyyət etibarı ilə tökdüyü qanlar ilə türk tarixində, türkləri əsarətdən qurtaran qurd vəzifəsini ifa etdi ki, bu da bir qurtuluşdur.”
Yüz otuz yeddinci iclas 1 aprel 1920-ci il “Məhəmməd Əmin Rəsulzadə (qayət hərarətli və həyəcanlı bir halda) – Bumudur vətənpərvərlik!? Böyləmi danışır bir Cümhuriyyət üzvü!? Böyləmi söylər bir xalq nümayəndəsi!? Əfəndilər! Bu kimi ultimatumlara fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, bir Rusiya agentisinin sözünü eşidirəm... Soldan səslər – Provokasiya... Məhəmməd Əmin (davamla) - əvət siz provokasiya deyirsiniz... Nə üçün siz böylə ümid edirsiniz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün öz hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəyənmirlər. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif edirlər. Bunun üçün nəzərə alınmayır ki, Qarabağda üsyan qaldıran vartazarlar həmin bu asilərin başındadırlar ki, siz də ona iştirak edirsiniz. Əgər siz, məni təmin etsəniz ki, Ümumidarə əlinizə keçdiyi təqdirdə burada Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya Sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz, biz hər vaxt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan bir sui-qəsdçisiniz”. Qeyd: M.Ə.Rəsulzadə bu sözləri bolşevik Əliheydər Qarayevin çıxışına cavab olaraq söyləyib.
Yüz qırx birinci iclas 15 aprel 1920-ci il “Məhəmməd Əmin Rəsulzadə - Əfəndilər! Bu müahidələr (müqavilə) içərisində qiymətdar bir maddə vardır. İran milləti və İran məmləkəti böyük və birinci millətlər sırasındadır ki, Azərbaycanın istiqlaliyyətini təsdiqlə bərabər məşru haqqında da təsdiq etmişdir... Bu gün onlar bizi təsdiq etmişlər və bunu həqqən də göstərmişlərdir. Bunun üzərindədir ki, biz bu gün bu dostluq müahidəsini (müqavilə) bağladıq. Səbəbi isə iki millətin ruhunda olan üxüvvət (qardaşlıq) və qardaşlıq hissidir ki, bu hiss ilə onlar bizi hər kəsdən əvvəl təsdiq etdilər və bizimlə müahidə müqavilə) bağladılar... Əfəndilər! Bir zamanlar müsəlmanların və Şərq millətlərinin haqqı özlərinə verilərsə və onlar bir hökumət surətinə düşdükdə bir-biri ilə anlaşarlar. İran hökuməti bizi təsdiq etməklə bütün islam millətlərini təyin və təhkim edir. Bizim təsdiq edilmiş istiqlalımız islam aləmini səadətə çıxaracaqdır (alqışlar)”.
Yüz qırx ikinci iclas 19 aprel 1920-ci il “Məhəmməd Əmin – Əfəndilər! Hal-hazırda bütün dünyada əleyhimizə hücumlar edilib, min dürlü tərizlər (təxribatlar) və provokasiyalar olduğu zaman, mədəni millətlər hüzurunda, əcnəbi məmləkətlərdə kəndimizi (özümüzü) müdafiə etmək üçün mütləq səfarət lazımdır. Bunun əksini düşünmək, ancaq şəxsi və firqəvi düşüncədir”.
Parlamentin yüz qırx beşinci iclası 27 aprel1920-ci il “Məhəmməd Əmin Rəsulzadə - Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.
Qeyd: Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclası. Saat 20:45 dəqiqədə başlanıb. Gecə saat 2:00-a, bəzi mənbələrdə 24:00-a qədər davam edib. Bu son iclasda 6 şərt daxilində (bu şərtlərdə Azərbaycanın müstəqilliyi qorunurdu) hökumət azərbaycanlı bolşeviklərə verilirdi. Lakin bolşeviklər buna əməl etmədilər və Azərbaycan 1920-ci ilin 27 aprelindən 28-nə keçən gecə rus bolşevikləri və XI Ordu tərəfindən işğal edildi.
Qeyd: 1) M.Ə.Rəsulzadənin parlamentdəki çıxışları aşağıdakı mənbələrdə geniş olaraq verilib: 1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). 1-ci cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1998-ci il, 976 səh.; 2. Eyni kitabın 2-ci cildi. Bakı, “Azərbaycan” nəşriyyatı, 1998-ci il, 992 səh. Dərc edilən protokol və stenoqrafik hesabatları ilk dəfə olaraq ərəb əlifbasından kiril qrafikasına Bakı Dövlət Universitetinin Baş müəllimi, mərhum Səfər İbrahimov çevirib. Sənədlərin nəşrə son hazırlıq işləri zamanı mətnlərin yenidən əsilləri ilə tutuşdurulması və lüğətdə təshihlər aparmaq və əlavələr etmək işini tarix elmləri doktoru, professor Seyidağa Onullahi yerinə yetirib. Parlamentin 1920-ciil, 27 Aprel tarixli son iclasının protokolu və stenoqrafik hesabatı ilə akademik Ziya Bünyadovun Respublika Milli Təhlükəsizlik Nazirliyinin Arxivindən götürüb “Elm” qəzetində nəşr etdiyi mətnin əsasında kitaba daxil edilib. Sənədlərin arxeoqrafik qaydalarla işlənilməsi, ona elmi məlumat aparatının hazırlanması və müqəddimənin yazılması Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi A.Paşayev tərəfindən yerinə yetirilib. Sənədlərin hazırlanmasında Milli Arxiv İdarəsinin əməkdaşları F. Aslanova, F. Səfərov, C. Abbasova, L. Quliyeva iştirak etmişlər. 2) M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentində çıxışlarını ilk dəfə ayrıca kitab olaraq nəşr etdirən (Türkiyə türkcəsində) tanınmış alim Səbahəddin Şimşir olub. Bax: “M.Ə.Rəsulzadənin Məclisi-Məbusan qonuşmaları. Toplayıb, nəşrə hazırlayanı: Səbahəddin Şimşir” Ankara, 2003.
Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?