Səhiyyə Nazirliyində nifuz savaşı ən ağır mərhələdə Uzun illər mətbuatın tənqid etdiyi bu sahədə son on ildə bir neçə dəfə kadr dəyişikliyi aparılsa da, təəssüflər olsun ki, uğurlar xəstəxanaların qapısından palatalara qədər edilən "hörmət"dən o tərəfə keçmədi. Əslində, xalqın səhiyyə sistemindəki islahatlardan sonra bu sahədə qanunsuzluqların aradan qaldırılacağına ümidi böyük idi. Çünki digər sektorlardan fərqli olaraq bu sahədə təkcə kiçik vəzifələrdə çalışan məmurlar deyil, həm də nazir dəyişikliyi olmuşdu. Belə ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanov dövlət çevrilişində təqsirli bilinərək həbs olunmuş, yerinə hazırkı nazir - Oqtay Şirəliyev gətirilmişdi. Ancaq yeni nazirin (artıq altı ildir o, bu postdadır) avtobioqrafiyası bu günün özündə də ictimaiyyətə tam təfsilatı ilə aydın deyil. Bu barədə məlumat əldə etmək isə o qədər də asan deyil. Çünki Səhiyyə Nazirliyinin rəsmi saytında da onun haqqında heç bir məlumat yerləşdirilməyib. Bununla bağlı bir neçə mənbəyə baş vursaq da, nazirin tərcümeyi-halını tam öyrənə bilmədik. Odur ki, qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlarla kifayətlənməli olduq. Həmin məlumatlarda isə qeyd olunur ki, O.Şirəliyevin nəsli əslən Cənubi Azərbaycandan gəlmədir. Onun bu posta gətirilməsi isə həmişə sual doğurub. Qeyd edək ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovun həbsə alınmasından sonra respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsini tutan O.Şirəliyev üçün yüksəliş şansı yarandı. Beləliklə, o, bu şansdan yararlanmağı bacardı və sonda nazir kreslosunda otura bildi. Əldə etdiyimiz məlumata görə, səhiyyə sisteminin alternativsiz rəhbəri sayılan O.Şirəliyev heç bir oliqarx qruplaşmaya qoşulmur, başqalarına da öz biznes sahələrinə müdaxilə etməyə imkan vermir. Bu azmış kimi, bütün dövlət və özəl tibb ocaqlarına nəzarəti əlindən saxlayan səhiyyə şefi ayrı-ayrı məmurlara məxsus olan tibb müəssisələrini də sıradan çıxarmağı bacarıb. Məlumat üçün bildirək ki, onun nazir təyin olunmasına qədər bir çox məmurlar səhiyyə sisteminə də "əl tapmış" və paytaxtda bir neçə özəl klinikalar açdıra bilmişdilər. Onun inadlı mübarizəsindən sonra isə həmin klinikaların ya fəaliyyəti dayandırılmış, ya da onun üzərində sərəncam hüququ O.Şirəliyev ixtiyarına keçmişdir. Bunu nazirin digər oliqarxlar üzərində ilk qələbəsi kimi də qiymətləndirinlər. Qeyd edək ki, O.Şirəliyev təkcə özəl klinikaları ram etmədi. Eyni zamanda o dərman preparatlarının idxalına nəzarəti və aptekləri də öz mütləq-hakimliyinin təsir dairəsinə çevirə bildi. Ölkədə nömrəli apteklər birmənalı olaraq Səhiyyə Nazirliyinin nəzarətinə keçdi. Bildirilir ki, Bakıda nömrəli apteklərin sayı 400-ə yaxındır. redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, bu apteklərin hər biri səhiyyə nazirinin işbirliyi qurduğu firmalardan dərman alırlar. "Əgər hansısa aptek o firmalardan dərman almasa, onun məsələsinə Səhiyyə Nazirliyi rəhbərliyi səviyyəsində baxılır. Aptekin taleyinə gəlincə isə, ən yaxşı halda onu qapadırlar" - deyə mənbə vurğulayır. Qeyd edək ki, bir çox ölkələrin səhiyyə nazirlikləri ölkəyə Hindistan dərmanlarının idxalına qadağa qoyub. Uzağa getmək lazım deyil, elə qonşu Gürcüstanı buna misal çəkmək olar. Bu ölkədən gətirilən keyfiyyətsiz dərmanların genefonda ağır zərbə vurduğu bildirilir. Ancaq Oqtay Şirəliyevin əməkdaşlıq etdiyi firmalar daha çox Hindistan dərmaları idxal edirlər. Mənbə bildirir ki, təkcə Bakıda 10-a yaxın böyük dərman deposu var ki, bunların əksəriyyəti səhiyyə nazirinin nəzarətindədir. Onu da əlavə edək ki, Azərbaycanda qeydiyyatdan keçən dərmanların bir hissəsi də rusiya, Ukrayna, Almaniya, Polşa və digər Avropa ölkələrindən idxal olunur. Həmin dərmanların ölkəyə gətirilməsi işinə də nazirin şəxsən rəhbərlik etdiyi bildirilir. Əgər bir neçə il bundan əvvəl hansısa şəxslər və ya firmalar da xaricdən dərman gətirə bilirdilərsə, artıq bunun qarşısı alınıb. Etibarlı mənbələr bildirirlər ki, dərman biznesindən kifayət qədər böyük pullar qazanan nazirin digər böyük gəlir mənbələrindən biri də xəstəxanaların ərzaq təminatıdır. 2008-ci il fevralın 1-dən dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olması haqda sərəncamdan sonra bu sahəyə büdcədən ayırmalar kifayət qədər artmış və bu da öz növbəsində yeyintinin miqyasının böyüməsinə yol açmışdır. Bunu xəstəxanalarda da müşahidə etmək olur. Ölkədə aparılan antikorrupsiya siyasəti bir çox iş adamlarının monopoliyalardan "qurtuluş savaşı" aparmasına şərait yaradıb. Ona görə də bir çoxları özəl bizneslərini istədikləri kimi idarə etməyə çalışırlar. Bu da indiyədək müəmmalı qalan mətləblərin görünməyən tərəflərini üzə çıxarır. Mənbə bildirir ki, bir çox aptek sahibləri də bu mübarizənin iştirakçısına çevrilib. Mənbələr bildirirlər ki, həmin şəxslər Oqtay Şirəliyevin apteklər üzərində nəzarətini zərərsizləşdirməyə çalışırlar, nəzarətdən çıxmağa can atırlar. Artıq bu barədə ölkə mətbuatında da silsilə yazılar dərc olunur. "Ölkədə aptek şəbəkəsi nəzarətdən çıxıb. Səhiyyə Nazirliyi nəzdində bir neçə dəstə apteklərə rəhbərlik edirlər. Dərman bazarında böyük xaos yaranıb. Apteklər müəyyən məmurların göstərişi ilə məcburi olaraq, onların firma, şirkət və depolarına təhkim olunmaqla dərmanlarını satmağa məcbur edilir. İmtina etdikdə müxtəlif təzyiqlərə məruz qalırlar, hətta aptekin bağlanması ilə hədələnirlər". Bu sözlər özünü əczaçı Ə. Kərimov kimi təqdim bir şəxsin mətbu orqanların birinə verdiyi açqlamada əks olunub. Əczaçı bildirir ki, "Avromed", "riyad-renta", "Riyad-Qafur", "Nur" və s. kimi şirkət və firmalar aptekləri öz nəzarətlərinə məcburi götürməklə böyük savaş meydanı açıblar. Mətbuatın yazığına görə, İnnovasiya və Təhcizat Birliyinin baş direktoru rüstəm rüstəmbəyov, Baş mühasibi Fuad Qəmbərli hər ay bütün aptek və dərman depolarından aylıq əlavə ödəniş alırlar. Onlar bunu nazirlikdən verilən göstəriş kimi təqdim edirlər. Mənbə bildirir ki, son günlər apteklərdə ümumiyyətlə təminat, təchizat, keyfiyyət, qiymət nəzarətdən çıxıb. Aptek və depo sahibləri bildirirlər ki, artıq Səhiyyə Nazirliyi xəstələrlə, onların sağlamlığı ilə məşğul olmalıdır. "Nazir Oqtay Şirəliyev bizə yox, xəstəxanalara göstəriş verə bilər" deyə vurğulayırlar. Bakı, Sumqayıt, Gəncə, Lənkəran ümumiyyətlə, respublikanın bütün bölgələrində olan aptek və xəstəxana rəhbərlərinin davranışları deyilənləri təsdiqləyir. Bu arada səhiyyə nazirilə bağlı daha maraqlı bir xəbər də yayıb. Bildirilir ki, Oqtay Şirəliyev ən total mahiyyət kəsb edən dəyişikliklərə getmək niyyətindədir. Mənbənin bildirdiyinə görə, səhiyyə sistemində adı ən çox korrupsiyada hallanan məmurlardan biri kimi təqdim olunan nazir müavini Elsevər Ağayev bu günlərdə vəzifəsindən azad edilə bilər. Sosial şəbəkədə jurnalistlərin suallarını cavablandıran səhiyyə nazirinin müavini Elsever Ağayev maraqlı rəqəmlər səsləndirib. Bu rəqəmlər ölkənin “dərman biznesi”ndə ciddi təlatümlərin yaşandığını və Oqtay Şirəliyevin nazirinin bu bazar üzərində hegemon olmağa çalışdığını göstərir. Gəlin əvvəlcə Şirəliyevin müavininin açıqladığı rəqəmlərlə tanış olaq. Elsevər Ağayev deyib ki, Respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, lisenziyasız fəaliyyət göstərən 195 aptek müəssisəsinə qarşı cərimə tətbiq edilib: "Keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100000 qutu, istifadə müddəti bitmiş 2500 qutu dərman preparatları müsadirə edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantıların idarə olunması üzrə mərkəzində yandırılıb. Həmçinin apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satılmasına, eləcə də yetkinlik yaşına çatmayanlara dərman satışı qaydalarını pozduğuna görə 68 fakt aşkarlanıb. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışına görə 13 fakt müəyyənləşdirilib”. Səhiyyə nazirinin 02 oktyabr, 2006-cı il tarixli, 153 saylı əmri ilə təsdiq edilmiş "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblər”ə cavab verməyən, lakin xüsusi razılıq əsasında fəaliyyət göstərən 50 aptek bağlanıb. 11 aptekin lisenziyası ləğv edilib. "Hazırda mövcud problemlərdən ən əsası bazarda dövlət qeydiyyatı olmayan dərman vasitələrinin satışıdır” - deyə nazir müavini qeyd edib.
O bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Bu ayın birinci yarısında inspeksiya tərəfindən keçirilən yoxlamalar nəticəsində 6000 qutudan çox dövlət qeydiyyatı olmayan dərman vasitələri müsadirə edilib: "Ölkəyə idxal olunan dərman vasitələrinin içlik vərəqələrindəki məlumatların ana dilində olması ilə bağlı istehsalçı və idxalçı şirkətlərə Səhiyyə Nazirliyi tərəfindən sonuncu dəfə xəbərdarlıq edilib. Ötən ildən ölkəyə içlik vərəqələrindəki məlumatlar ana dilində olmayan dərman vasitələrinin idxalına icazə verilmir. Hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4500-ə yaxındır. Bu preparatların içlik vərəqələri ana dilinə tərcümə olunaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Lakin əczaçılıq bazarında aparılan araşdırmalar zamanı hələ də belə dərman vasitələrinə olmasına rast gəlinir. Bunun əsas səbəbi kimi isə həmin preparatlarının əvvəlki illərdə idxal olunması göstərilir. Bununla bağlı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin İnspeksiyası tərəfindən müvafiq işlər aparılır, belə preparatlar aşkarlandığı təqdirdə müsadirə olunaraq satışdan çıxarılır, bu preparatları satan apteklərə qarşı qanunvericiliyə uyğun cəza tədbirləri görülür”. Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə dərman biznesi ilə məşğul olanlar arasında “soyuq müharibə”nin hökm sürdüyü barədə mediada çox yazılıb. Yuxarıda səhiyyə naziri müavininin açıqladığı rəqəmlər bu yazılanlarda doğruluq payının yüksək olduğunu deməyə əsas verir. Bəzi ekspertlərin fikrincə, dərman biznesi ilə məşğul olanlar və onların vəzifəli himayədarları öz etirazlarını aşağı səslə dilə gətirsələr də, onların Oqtay Şirəliyevin belə sərtləşdirici addımları davam etdirəcəyi təqdirdə nazirə qarşı əks-həmlələrə keçəcəyi istisna olunmur. Hesab edilir ki, xüsusilə seçki ili kimi həssas bir dövrdə bu, hörmətli Şirəliyev üçün heç də arzuolunan nəticələr verməyə bilər. Nəzərə alsaq ki, ölkənin “dərman bazarı”nda kifayət qədər iri məmurların da “pay”ı var, onda onların xüsusilə seçkidən sonra formalaşacaq yeni hökumətdə hazırkı səhiyyə nazirinin öz postundan uzaqlaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bunun nəticə verib-verməyəcəyini isə uzağı iki aydan sonra birlikdə görəcəyik. AZƏR
Sorğu
Yeni dizaynımız necədir?