Sərxoş DYP işçiləri qəzetimizin təsisçisinə qarşı görünməmiş qanunsuzluq etdilər
DYP əməkdaşlarının özbaşınalıqları və qanunsuzluqları haqda dövrü mətbuatda mütəmadi olaraq özündə konkret faktları əks etdirən məqalələr dərc olunur. Lakin təəssüf hissiylə qeyd etməliyik ki, bu sahədə hansısa dönüş yaranmaq əvəzinə vəziyyət getdikcə daha da dramatikləşir. Biz adətən DYP əməkdaşlarının özbaşınalıqları haqda oxucu şikayətləri vasitəsilə xəbərdar olurduq. Ötən gün isə onların hədəfinə özümüz də düşdük.
Belə ki, “Gündəm xəbər” qəzetinin təsisçisi və direktoru Şirin Cəfəri ötən gün gecə saat 00-30 radələrində ailəsi ilə birlikdə xəstə yanından qayıdarkən onun idarə etdiyi avtomobili heç bir səbəb olmadan saxlayıblar. Elə hər şey də bundan sonra başlayıb. Hadisə Binəqədi rayon ərazisində baş verib. Şirin Cəfəri bildirir ki, 473 dövlət nömrə nişanlı DYP avtomobili heç bir qayda pozuntusuna yol verilmədiyinə baxmayaraq onun idarə etdiyi maşını saxladıb:
“Özlərini təqdim etməyə belə ehtiyac duymadan sənədlərimi istədilər, mən isə onlardan hansı qaydanı pozduğumu soruşdum. Bunun cavabında DYP əməkdaşı bildirdi ki maşının sərimə meydanşasına getməlidir. Bu zaman mən serjant rütbəsində olan DYP əməkdaşına yaxınlaşaraq bildirdim ki, maşında ailə-uşaq var, icazə verin gedim, məsələni isə sabahısı gün aydınlaşdıraq. O saqqız çeynəyə-çeynəyə “bizə nə hörmət edə bilərsən” sualını verdi. Üstümdə pulun olmadığını söylədikdə isə o qışqıraraq dedi ki, “başqa variant yoxdu, maşın mütləq cərimə meydançasına getməlidir. Buna etirazımın olmadığını, lakin maşında əyləşən ailə üzvlərini əvvəlcə evə aparıb qoymalı olduğumu dedikdə isə əsl həngamə başladı. Bu zaman polis adına yaraşmayan tərzdə və kobud ifadələrlə danışan DYP əməkdaşının danışığından onun içkili olduğunu hiss etdim. Görünür, elə saqqızı da buna görə çeynəyirmiş. Onun sərxoşluğunu sonrakı hərəkətləti də təsdiqləyirdi. Belə ki, o mənim avtomobilimə hücum çəkərək, ailə-uşağı zorla maşından aşağı düşürtdü. Bu zaman 11 yaşlı qızım yolun ortasında, soyuqda ağlayırdı, yoldaşım kömək çağırırdı. Ətrafımıza adamlar toplaşmağa başladı və onlar da polis əməkdaşlarını fikirlərindən daşındırmağa çalışsalar da buna müvəffəq olmadılar. Artıq onlarla hər hansı danışığın faydasız olduğuna əmin olduqdan sonra maşının açarları da onlara verərək ərzidən uzaqlaşdım. Ancaq mən bu hörmətsizliyi cavabsız qoymayacaq və həmin DYP əməkdaşlarının qanun çərçivəsində cəzalandırılmasına nail olacam”.
Sonda xatırladaq ki, Binəqədi rayon polis idarəsinin rəısi Ağalar Məhərrəmovu işinin peşəkarı olan kadr kimi tanıyırıq. Dünən baş verənlər isə bizdə belə bir təəssürat yaratdı ki, sanki Binəqədi rayonunda polis rəisi heç Ağalar Məhərrəmov deyilmiş. Biz qəzet olaraq baş vermiş insidentin araşdırılması məqsədilə hüququ-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırıq. Ümid edirik ki, qanunları heçə sayan həmin DYP əməkdaşları layiqli cəzalarını alacaqlar. “Gündəm xəbər”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?