Dünən vəfatının 10-cu ildönümü olan mərhum prezident Heydər Əliyevin şəxsiyyətinin miqyası barədə uzun-uzadı polemika açmağa heç bir ehtiyac yoxdur.
Bu böyük insanın sabitliyin və regional təhlükəsizliyin qorunub saxlanmasındakı xidmətlərin dəyərini heç nə ilə ölçmək olmaz. Bu görkəmli şəxsiyyət barədə onlarla, yüzlərlə kitab yazılıb, ona abidələr ucaldılır, adını mədəniyyət mərkəzlərinə, muzeylərə, parklara, küçələrə, aeroportlara verirlər. Və bunları təkcə azərbaycanlılar eləmir. Azərbaycan əsilli mesenatlar da bu işlərə külli miqdarda pullar xərcləyirlər.
Amma aydın məsələdir ki, hər kəsin əli bu heykəllərə, parklara, kitablara tez-tez çatmır. Müasir dövrün insanları nəsə, kimsə haqqında bir şey öyrənmək istəyəndə artıq kitabxanalara üz tutmurlar, sadəcə əllərinin altındakı, ciblərindəki, masalarının üstündəki “sehrli aləmə” - internetə girirlər.
Bəs internetdən Heydər Əliyev haqda hansı bilgiləri almaq olar?! Buyurun, azərbaycanlı məmurların və əksər obıvatellərin sevə-sevə, ehtiramla “ümummilli lider” adlandırdığı bu şəxsiyyət haqda Vikipediya internet ensiklopediyasında yer alan bioqrafik məlumatla tanış olun:
“Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitliyin yaranması müşahidə olundu. Heydər Əliyevin Azərbaycanda qurduğu rejim diktatura və ya avtoritar-repressiv rejim kimi xarakterizə edilir”.
Burada bir məqama diqqət edin: birinci və ikinci cümlələr bir-birinə praktiki olaraq uyğun gəlməsə də onlar Vikipediyada yanaşı qoyulub.
Bəs “Azad ensiklopediya”da indiki prezident İlham Əliyev baradə nə oxuyuruq? Baxaq:
“İlham Əliyevi korrupsiyaya uğramaqda, ifadə mazadlığını boğmaqda ittiham edirlər.
“Amnesty İnternational” özünün xüsusi hesabatında vurğulayır ki, Azərbaycanda söz azadlığı ciddi şəkildə məhdudlaşdırılıb, İlham Əliyevi, onun yaxın ətrafını və ya hakimiyyətini tənqid edənlər özlərini böyük təhlükə qarşısında qoymuş olurlar. Azərbaycan “Economist İntelligence Unit” təşkilatının tərtib etdiyi “2011-ci ildə dünya ölkələrinin demokratiya indeksi”ndə ən avtoritar rejimə malik ölkə kimi 140-cı yeri tutub”.
Ölkənin informasiya təhlükəsizliyinə cavabdeh olan azərbaycanlı məmurlar Google axtarış sisteminə girib Heydər və İlham Əliyevlərin bioqrafiyasına aid rəsmi məlumatlara da baxa və orada dünya oxucularına təqdim edilən informasiyalardan “həzz ala” bilərlər...
Vikipediya müasir dövrdə çox populyardır. O, artıq adi internet ensiklopediyası olmaqdan çıxaraq daha da qabağa gedib. Hətta universitetlər də öz tələbələrinin kurs və ya diplom işi yazarkən Vikipediya materiallarından istifadə eləməsi faktı ilə çoxdan barışıblar. Vikipediya sadə istifadəçilərin nəzərində artıq az qala ən mötəbər mənbəyə çevrilib.
Özünün çatışmazlıqlarına (məsələn, qeyri-obyektivlik, mətnlərin filtrədn, redaktədən keçməməsi və s.) baxmayaraq Vikipediya çağdaş dövrdə güclü siyasi-ideoloji silahdır. Amma onun bu rolu və imkanları, xüsusilə də rus dilindəki materiallarının rolu azərbaycanlı məmurlar tərəfindən lazımınca qiymətləndirilmir. Nəzərə alınmır ki, rus dilində olan materiallar bütün dünyada daha çox oxunur, nəinki, məsələn, Azərbaycan və ya özbək dilində. Bəs bu dildə oxuya bilən yüz milyonlarla insan Heydər, yaxud İlham Əliyevin kim olduğunu öyrənmək üçün Vikipediyaya baxanda orada nə görürlər?
Məsələn, oxucu dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin dilindən məhz bu sözləri oxuyur: “Yazıçı Çingiz Abdullayev özünün “Etiraf anı” məqaləsində Heydər Əliyev dövrünü belə təsvir edib: “Heydər Əliyevin hakimiyyəti dövründə yerlibazlıq Azərbaycanda xüsusilə açıq və alçaldıcı şəkil almağa başladı... Azərbaycanda dəhşətli şəkil alan “haralısan” sualı milləti parçaladı... Biz çirkin “rüşvət” sözünü “hörmət”lə əvəz etdik...””
Necə düşünürüsünüz, rusca oxuya bilən, bu dili bilən serblər, rumınlar, bolqarlar, çexlər, estonlar... Çingiz Abdullayevin bu sözlərini oxuyub Azərbaycan, Heydər Əliyev haqqında hansı nəticəyə gələcəklər? Onlar özlərinə bu sualı verməzlərmi ki, əgər belədirsə, onda Heydər Əliyev kimi bir adamın heykəli bizim şəhərlərin mərkəzi parklarını niyə bəzəməlidir? Bəlkə elə meksikalıların etirazları da onların Heydər Əliyev haqqındakı bu cür təsəvvürlərindən qaynaqlanırdı? Bəlkə elə Volqoqrad sakinləri də Vikipediyanı açıb və Siyasi Büronun azırbaycanlı üzvü haqda ağaşıdakı cümlələri oxuyub meksikalılar kimi etiraz ediblər?! Həmin cümlələri biz də oxuyaq: “Heydər Əliyev korrupsiyaya uğramış elitanın qarşısını almaq üçün 80-ci illərin əvvəllərində Azərbaycanda hüquq fakültəsini bağladı...
Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə sosial strukturların müasirləşdirilməsinə dair vəzifə və öhdəliklərini yerinə yetirmədi. Amma onun səyləri Azərbaycanın iqtisadi gücünün artması ilə nəticələndi. Bu da Heydər Əliyevin Leonid Brejnevin Azərbaycana üç səfəri zamanı onu bahalı hədiyyələrlə və dəbdəbəli qəbullarla şirnikləndirib ələ alması sayəsində mümkün oldu. Belə səfərlərin birində Əliyev Brejnevə ortasında bir böyük, kənarlarında isə 15 nicbətən kiçik, amma qiymətli daş-qaş olan brilyant üzük bağışlamışdı. Bir böyük qaş Brejnevin özü, 15 xırda qaş isə 15 respublika demək idi. Həmin üzüyün qiyməti 226000 sovet rublu idi. Heydər Əliyev 1974-cü ildən 1979-cu ilədək SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini, 1976-cı il, martın 5-dən 1982-ci il, noyabrın 22-dək Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd olub”.
Heydər Əliyevə abidələr qoymağa və heç kimə gərək olmayan yüzlərlə kitablar yazdırmağa və nəşr etdirməyə on milyonlarla dollar vəsait xərcləyən azərbaycanlı məmurlar dünyanın ən əlçatan internet resursunun - Vikipediyanın müəllifləri ilə mübarizədə acizdirlər. Bəlkə azərbaycanlı məmurlara elə gəlir ki, Vikipediyada bütün prezidentlər və liderlər barədə belə yazırlar? Əsla.
Məsələn, Vikipediyada Ermənistan prezidenti Serj Sərkisyan barədəki materialda ən sərt cümlə budur: “WikiLeaks saytının “Amerika diplomatlarının məxfi sənədi” adlandırdığı sənəddə deyilir ki, Ermənistan prezidentinin adına Con Neqropontedən ultimatum göndərilib. Orada Sərkisyandan tələb olunub ki, Ermənistanın İrana silah satması yolverilməzdir”.
Göründüyü kimi, burada Ermənistandakı korrupsiya və özbaşınalıqdan, Sərkisyanın nümayişçiləri güllələtdirməsindən, erməni müxalifət liderlərinə qarşı törədilən vəhşiliklərdən, bu təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçılıq siyasətindən bircə söz də yoxdur. Fərqi gördünüzmü?
Vikipediyanın ingilis versiyasında Sərkisyan barədə yüngülvari tənqidi qeydlər olsa da rus versiyasında bircə dənə də belə söz yoxdur.
Niyə? O tənqidlər sonradan “özü-özünə yoxa çıxıb”, yoxsa heç əvvəldən olmayıb?
Bu suallara cavab tapmaq üçün biz xüsusi sayta girdik. Həmin sayt internet səhifəsi dəyişəndən sonra onun skrin-şotunu saxlayır. Və həmin saytdan öyrənirik ki, Sərkisyanla bağlı materiallar üzərində peşəkar proqramçılar işləyiblər. Onlar Sərkisyan barədəki “lazımsız” informasiyaları nəinki siliblər, hətta bunu nə vaxt elədiklərini göstərən izləri də məhv ediblər.
İndi sual olunur: Bakıda, Azərbaycan Prezident Administrasiyasında çalışan məmurlar niyə əllərini əllərinin üstünə qoyub oturublar? Onlar H.Əliyev barədəki belə neqativ məlumatların internet məkanını bürüməsinin qarşısını almaq barədə niyə düşünümürlər? Axı Heydər Əliyevin adı indiki hakimiyyətdən, bütün məmurlardan ötrü müqəddəs sayılır. Bəlkə belə deyil, biz yanılırıq?
Bir çox vətənpərvər azərbaycanlı proqramçılar həvəskar səviyyədə sübut ediblər ki, virtual aləmdə Azərbaycana düşmən kəsilən qüvvələrlə mübarizə aparmaq olar. Məsələn, onlar “Stepanakert” sözünü dəfələrlə silərək yerinə Xankəndi yazıblar. Yaxud Serj Sərkisyanın əvvəllər “Nəriman” ləqəbli KQB casusu olduğunu internet materiallarına yerləşdiriblər. Amma Karen və Taron adlı iki erməni də dayanmadan bu düzəlişləri silib.
Bu da onu göstərir ki, bu sahədə görülən işlər həvəskar səviyyədə olmamalıdır. Bu sahədə ciddi, sistemli, peşəkar iş görmək lazımdır. Bu isə Prezident Administrasiyasında, onun çoxsaylı kontorlarında oturan və bilavasitə internetlə, informasiya ilə iş sahəsinə məsul olan çoxsaylı məmurların görməli olduğu işdir. Lakin görünür, onlar ölkənin informasiya təhlükəsizliyi sahəsindən başqa hər işlə məşğuldurlar. Halbuki belə internet lobbizminə həm prezidentin, həm də ölkənin maraqlarının ehtiyacı var. Əgər hamının əlinin alfında olan Vikipediyada Heydər Əliyev haqqında yalan, iftira, böhtan baş alıb gedirsə, xərc çəkib ona abidə qoymağın nə xeyri var?
Sorğu
Yeni dizaynımız necədir?