PA rəhbərinə qarşı sarsıdıcı zərbələr davam edir, “Paritet” qəzeti bağlandı
gundemxeber.az Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan qəzetlər bağlanır. Artıq onlardan biri - “Paritet” qəzeti fəaliyyətini dayandırıb. Hakimiyyət daxilində bu kimi media hadisəsi ilk deyil. 2010-cu ildə – parlament seçkisi öncəsi “Respublika” qəzetinin fəaliyyəti ilə bağlı problem yaşandı. 1998-ci ildə, prezident seçkisi öncəsi “Naxçıvan” qəzeti fəaliyyətini dayandırdı. 2000-ci il parlament seçkilərində isə “Dövran” qəzeti fəaliyyətini dayandırdı. Amma bu dəfə baş verən hadisə sıradan bir qəzet bağlanışı deyil. Proseslərə diqqət etsək düşünmək olar ki, “Paritet”in qapanması hakimiyyətdəki Ramiz Mehdiyev əleyhdarlarının səyləri nəticəsində baş tutub. Qəzetin baş redaktoru Cəmaləddin Quliyev bununla bağlı açıqlama verərək qəzetin bağlanmasını maddi çətinliklərlə izah edib: “Həftədə üç dəfə çap olunurdu. Görünür, qəzetin xərci borcunu ödəyəcək səviyyədə olmayıb ki, təsisçi belə bir qərar verib. Əslində maddi durum çoxdan aşağıdır. Sadəcə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ayırmaları sayəsində vəziyyətdən çıxırdıq, həmin ayırmalar fəaliyyətimizə stimul verirdi. Amma indiki tempə, yeni mediaya uyğunlaşmaq üçün, yaxud saytı onlayn rejimində işlətmək üçün bizim imkanlarımız çox məhduddur.” Düzü Mehdiyevə bağlı qəzetin maddi problemlər səbəbindən bağlanması inandırıcı görünmür. Hətta qəzet KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hesabina yaşasa da, indiki halda bu şansdan da imtina olunması başa düşülən deyil. Bildirək ki, “Paritet” Fondun 2013-cü il üçün elan etdiyi müsabiqəyə qatılmayacaq. C. Quliyev isə digər iddiaları qəbul etmir və baş verənlərin siyasi hadisə olmadığını bildirib: “Qəzet bağlanmır, müvəqqəti olaraq fəaliyyətini dayandırır. Bağlansaydı, bunu açıq demək olardı və burda nəsə yoxdur. Əgər bağlansaydı, bunu ictimaiyyət biləcəkdi, madam siz də xəbər tutmusunuzsa… Mən qəzetlə bağlı xəbərlərin bu cür hallandırılmasının tərəfdarı deyiləm. Təsisçinin verdiyi qərara qəzetlərin təmərküzləşməsi, inkişaf etdirilməsi kontekstindən yanaşmaq lazımdır. Bu fakta siyasi don geyindirmək lazımsız şeydir.” Bütün bunlara sözügedən qəzetin təsisçisi Nigar Mehdiyevanın PA rəhbərinə yaxın şəxs olduğunu da əlavə etsək məsələnin birbaşa R.Mehdiyevə bağlı olduğuna şübhə qalmır. Redaksiyamıza ötürülən məlumata görə, PA rəhbərinin nəzarətində olan digər qəzetlər də bağlanacaq. Artıq onlar abunə siyahısından çıxarılıb. Növbəti il üçün birbaşa Ramiz Mehdiyevə yaxın qəzetlər hökumətin abunə siyahısına salınmayıb. Məlumat üçün deyək ki, hər il müxtəlif dövlət qurumlarına abunə siyahıları göndərilir və onlardan siyahıda adı keçən qəzetlərə abunə yazılmaq tələb olunur. Məlumatlarda bildirilir ki, Ramiz Mehdiyevə yaxın qəzetlərin bağlanması onun mətbuat sahəsində zəiflədilməsinə bu rıçaqın əlindən çıxmasına hesablanıb. Ehtimal olunur ki, Ramiz Mehdiyevin nəzarətində olan qəzetlər qapadıldıqdan sonra onun televiziyaları kurasiya etməsinə də son qoyulacaq. Görünür, Ramiz Mehdiyevin əlehydarları onun “vurulması” planından geri çəkilmək niyyətində deyillər və mübarizəni sona qədər aparmaqda israrlıdırlar. Məlumat üçün deyək ki, Ramiz Mehdiyevin “vurulmasında” Paşayevlər qrupu xüsusi maraq göstərir. PA rəhbərinə qarşı hücumlarda əsasən onların fəallıq göstərdiyi bildirilir. Onlar fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolarından sonra PA rəhbərinin mövqelərini kifayət qədər sarsıda biliblər
Sorğu
Yeni dizaynımız necədir?