Bu ilin əvvəllərində “Gündəm Xəbər” Milli Məclisin Ucardan olan deputatı, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovla rayon Qaz İdarəsinin rəisi arasında olan qalmaqallı borc məsələsi haqda yazı dərc etmişdi. Hələ o zaman bildirmişdik ki, rayondan verilən məlumatlarda deyilirdi ki, Elton Məmmədov bu borcu sakinlərdən yığılan pullar hesabına qapatmaq istəyir. Xatirladaq ki, Elton Məmmədov idarə rəisindən 50 min borc alsa da, sonradan onu qaytarmayıb. Məsələnin ilginc tərəfi odur ki, bu borc məhz idarə üçün ayrılmış pul olub. Bunun nəticəsi olaraq uzun müddətdir ki, ucarlılar qaz üzünə də həsrət qalmışdılar. Bir qrup Ucar sakinindən redaksiyamıza daxil olan şikayət məktubunda da qeyd olunmuşdu ki, rayonun ətrafında olan yaşayış massivləri bir yana, mərkəzi küçələrdə belə qaz verilişi ilə bağlı problem yaranıb. Bunu idarədə bəzi xətlərin hələ də təmirsiz qalması ilə əlaqələndirirlər ki, bu səbəbdən də qaz itkisi olmasın deyə əhaliyə fasilələrlə qaz verilib: “Bəzən isə qaz əvəzinə borulardan hava gəlir. Bu da boş yerə əlavə qaz pulu ödənilməsi ilə nəticələnir. Rayonda hamı bilir ki, qaz idarəsinin rəisi millət vəkilinə məclislərin birində 50 min manat borc pul verib. Deputatın nazir qardaşından çəkinən rəis o pullardan əlini üzərək indi sözügedən məbləği camaatdan çıxarmaq istəyir”-deyə şikayətdə vurğulanırdı. Bu günlərdə “Gündəm Xəbər”ə daxil olan məlumata görə isə, Ucarda əhalinin qazla təminatında yaranan problemlər həll edilməmiş qalıb. Redaksiyamıza telefon açan sakinlər bildiriblər ki, artıq bir ilə yaxındır davam edən qazsızlıq bitmək bilmir. Yaz və yaz aylarında bu problemə o qədər də ciddi yanaşmayan sakinlər soyuq qış günlərində nə edəcəklərini bilmirlər. Şikayətlərin də heç bir fayda vermədiyini qeyd edən ucarlılar, bu qışdan salamat çıxmağın yollarını axtarırlar. Onların istəklərindən biri də budur ki, nazirin qardaşı borcunu tezliklə qaytarsın ki, onlar da özlərini, ailələrini, təsərrüfatlarını qışdan çıxara bilsinlər. Görünən odur ki, bir deputatın və bir idarə müdirinin qarşılıqlı anlaşması və ya anlaşılmazlığı bir rayonu sərt qışın soyuğunda istiliksiz qoyub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?