Milli Məclisin deputatı Elton Məmmədov qardaşı Nəriman Məmmədovun Nəqliyyat Nazirliyi “85 saylı Yol İstismarı” MMC-nin direktoru vəzifəsindən çıxması məsələlərindən danışıb.
O, açıqlamasında bildirib ki, Nəriman Məmmədov xeyli müddətdir ki, həmin vəzifədə çalışıb və onun işdən azad olunmasında qeyri-adi heç nə yoxdur: “Məgər o işdən azad oluna bilməz? Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olduğuna görə, Nəriman Məmmədov daimi olaraq tutduğu vəzifədə çalışmalıdır? Belə fikirlə razı deyiləm.
Nəriman Məmmədov işdən azad edilibsə, yaxud da digər işə keçibsə, burada cinayət tərkibli bir əməli yoxdur axı... Bu normal haldır. Ola bilsin ki, Nəriman Məmmədov öz xahişi və yaş həddi ilə əlaqədar olaraq, başqa işə keçib. Kiminsə adını kiməsə görə hallandırmaqla cəmiyyətdə müəyyən qeyri-normal fikir yaradılır. Bu cür xəbərlərin yayılmasını mənfi qiymətləndirirəm”.
Millət vəkili deyib ki, Ziya Məmmədov öz qardaşını işindən azad etməyib, sadəcə bir işdən digərinə keçirdib:
“Nəriman müəllim başqa işə keçirilib. Müvafiq icra hakimiyyətinin rəhbəri necə məsləhət görürsə, o cür də kadr islahatları aparır. Bu cür hallara kimsənin müdaxilə edib, yaxud da təhlil etməsi, bunu ictimaiyyətə başqa yöndə çatdırmaq cəhdləri düzgün mövqe deyil. Belə xəbərləri işə müdaxilə kimi qiymətləndirirəm. Bu, yolverilməzdir”.
Deputat qardaşlar arasında münasibətlərə də toxunub: “Bizim aramızda münasibət çox yüksək səviyyədədir. Arzu edərdim ki, bütün Azərbaycanda qardaş və bacılar bizim kimi mehriban olsun”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?